SON DƏQİQƏ

PressDent.Info

Zahid Orucun savabsız iftarı

Zahid Orucun savabsız iftarı
11-09-2018, 15:49 7134 dəfə baxılıb

Yaxud, iflasın etirafı

Millət vəkili, seçkilərdə prezident olmaq istəmədiyi halda prezidentliyə namizəd olan Zahid Orucun geniş məqaləsi dərc olunub. Məqaləni oxuyanda aydın olur ki, bu xırda oğlanın böyük dərdi var. Daha doğrusu, məlum olur ki, Zahid Oruc “dövlət” deyəndə, İlham Əliyevi nəzərdə tutur və hamını bu “dövlət”in müdafiəsinə səsləyir.
Beləliklə, məqalənin hər künc-bucağında Əliyevlərin analoqsuz idaərçiliyindən söhbət açılır, ata-oğul Əliyevlər Azərbaycanın qurucusu kimi təqdim edilir və hamıya minnət vurulur ki, bu ailənin qarşısında təzim etmək lazımdır.
” Musa peyğəmbər yəhudiləri əsarətdən qurtaranda necə etmişdisə, İlham Əliyev də öz xalqını həmin üsullarla, qələbələrlə və uğurlarla müstəqilliyə öyrədir. Bəli, tarixi fakt məhz bundan ibarətdir. Azadlığımızın düz 25 ili əliyevlərin adı ilə bağlıdır. Milyonlarlarla soydaşımızın sığındığı vahid bir dövləti quran kişilər məhz Ata və Oğul Əliyevlərdir” deyə, Zahid Oruc bildirir.
Amma yazımızın məqsədi Zahid Orucun mədhiyyələrinə, müqayisələrinə, hakim ailəni müqəddəslik zirvəsinə qaldırmasına münasibət bildirmək deyil. Çünki millət vəkilinin qələmə sarılmasının əsas məqsədi də başqadır. Belə ki, Zahid Oruc məlum məqalədə Əliyevlərin hesabına milyonerə çevrilmiş məmurlara, hökumət dəhlizlərində var-gəl edənlərə qəzəb püskürür. Onları İlham Əliyevə dəstək olmamaqda, nankorluqda ittiham edir. Səfirlikləri, hakim partiya üzvlərini danışmağa səsləyir. Qısası, Zahid Oruc deyir ki, İlham Əliyevi trolların ümidinə buraxmısız.
Məqalədə Monteskyedən Çörçilə, Napoleondan Musa peyğəmbərə qədər hamıdan sitat gərirərək, rejim qazanından qidalananlara məsələnin vacibliyini çatdırmaq istəyir.
Əslində Zahid Orucun bu məqaləsi etiraflar toplusudur. Etiraf olunur ki, ictimai rəydə rejimin çəkisi qramla da ölçülmür. Etiraf olunur ki, rejim mətbuatının, telekanallarının cəmiyyətə heç bir təsiri yoxdur. Etiraf olunur ki, xaricdəki bir bloggerin təbliğat roliki 700 min üzvü olduğunu iddia edən YAP rejimindən daha cəlbedicidir.
Məqalədə bir vacib məqam da xalqa çağırış elementləridi. Yəni, “nankor fürsətçillər”i hədəf seçəndə xalqı da prezidentə dəstək olmağa səsləyir. Yüzminlərlə insanın sinəsini sipər etməli olduğunu bildirir.
Amma Zahid Oruc unudur ki, zamanla çilingağac oynamaq olmaz. Bəli, zaman Zahid Orucun pənah apardığı rejim çadırının iç üzünü göstərdi. Xalq gördü ki, Zahid Orucun mədh etdiyi adamlar milyardlarla rəqs edib, vətəndaşa qəpiyə güllə atmağı rəva gördü. Xalq gördü ki, neft sərvəti bir xalqın yox, bir ailənin qisməti oldu. Xalq gördü ki, bu ölkədə korrupsiya, saxtakarlıq, ylataqlıq, hüquqsuzluq dövlət siyasətinə çevrildi. Xalq gördü ki, onun seçmək və seçilmək hüququ əlində alınıb. Xalq onu da görür ki, bugün qələmə sarılmış Zahid Oruc da təyinatlı deputatdır.
Demək istəyirik ki, 25 ildən sonra adamlardan kömək ummağa Zahidlərin mənəvi haqqı yoxdur. Çünki 25 ildir bu xalq köməksiz qoyulub. 25 ildir bu ölkənin vətəndaşını ölkədən didərgin salırlar, intihara sürükləyirlər, dilənçi maaşına möhtac edirlər. Bu hakimiyyətin yalnız qorxu üzərində bərqərar olduğunu, hökumət düşərgəsində cəmiyyətin sevgisini qazanmış kiməsinin olmadğını Zahid Oruc da yaxşı bilir. 25 ildir yanan xalqın üstünə su əvəzinə benzin atılır və hamı susur. İndi bu bnezin rejim başçılarının üzərinə atılanda Zahid Oruc hamıdan su umur.
Məsələnin başqa bir tərəfi də var. Bir daha təsdiq olunur ki, hökumət komandası monalit deyil, komandada heç bir səmimiyyət yoxdur və hamını bir yerə cəm edən dəyər puldur.
Bəli, rejim dəstəsində olanlar da hansı “banda”ya qoşulduqlarını yaxşı bilirlər və hamı bacardığı qədər oğurlayıb, aradan çıxmaq istəyir. Heç kim İlham Əliyevdən ötrü sinəsini sipər etmək istəmir. Həm də sinəsini sipər edənlərə ictimai rəydə elə “güllə”lər dəyir ki, o biri rejim mənsubları gözü çıxmış qardaşlarından dərs çıxarırlar.
Zahid Oruc ölkə talan olunanda, milyardlar bir ailənin biznes əyləncəsinə çevriləndə, xalq və hakimiyyət arasında dərin uçurum yarananda niyə susurdu? 25 il kifayət qədər uzun müddətdi və bundan sonra heç kimi aldatmaq mümkün deyil. Fakt budur ki, ZAhid Orucun göyün yeddinci qatına qaldırdığı adamlar Azərbaycanı qonşu Gürcüstandan, düşmən Ermənistandan da geri saldı. Bugün azərbaycanın adı repressiyalarda, çirkli əməliyyatlarda, seçki saxtakarlıqlarında hallanır. Qara qzılın verdiyi güclə ölkəni ağ günə çıxartmaq əvəzinə, dövlətni adını qara siyahılara saldılar.
Müxtəsər, Zahid Orucun bu gecikmiş müraciəti, həm də iflasın etirafıdır. Seçkisi, təbliğatı, səhiyyəsi, təhsili, təhlükəsizliyi, xarici siyasəti, məhkəməsi, iqtisadiyyatı saxta olan hökumətin, öz komandası da çürük və saxta imiş. Və belə bir “xüsusi təyinatlı qüvvə” heç bir uğura imza ata bilməz, dövləti gücləndirə bilməz, xalqı xoşbəxtliyə doğru apara bilməz.
Əliyev hakimiyyəti tarixin yalnız pis qəhrəmanlarından, pisörnəklərindən qidalandılar. Ona görə də hətta rejimin yan-yörəsində gəzənlərdən də lazımi dəstəyi ala bilmirlər. Bu komandada “vətən” deyən, “dövlət” deyən, “xalq” deyən qüvvə yoxdur. Hamı birağızdan “pul” deyir və bunun nəticəsində də xalq səfalət yeyir. Zahid Orucun məsumlaşdırdığı adamlar Azərbaycanın memarı olmağı bacarmadılar, öz biznes piramidalarının memarı oldular.
Tarixdən sitatlar gətirən deputat bunu da yaxşı bilməlidir ki, tarixdə belə rejimlərin aqibəti çox pis olub. Ona görə də hökumətin korrupsiya okeanından bəhrlənənlərə “İlham Əliyevə dəstək olun” yox, “xalqa dəstək olun” çağırışı edilməlidir.
Cənab deputat, 25 il saxtakarlığa susmaq orucu tutduqdan sonra, belə “iftar” etməyə savab düşməz.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ