SON DƏQİQƏ

PressDent.Info

Elmar Vəliyevin güllələnməsinə görə 12 nəfər tutulub

Elmar Vəliyevin güllələnməsinə görə 12 nəfər tutulub
13-07-2018, 01:03 3045 dəfə baxılıb

Baş Prokurorluq sosial şəbəkə və saytlardakı yazılara görə cinayət işi qaldırıb

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsdlə əlaqədar 12 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, icra başçısına atəş açmış Yunis Səfərovla yanaşı daha 11 nəfər saxlanılıb. Saxlanılanların 7 nəfəri Gəncə şəhər, 1 nəfəri Bakı şəhər, 1 nəfəri Tərtər, 1 nəfəri Yevlax, 1 nəfəri isə Neftçala rayon sakinidir.

Bu arada Baş Prokurorluq da məlumat yayıb ki, Elmar Vəliyevə sui-qəsdlə bağlı saytlarda və sosial şəbəkələrdəki yazılara görə əlavə cinayət işi qaldırılıb.

“Sosial şəbəkələrdə müxtəlif məzmunlu paylaşımlarda və ya şərhlərdə terrorçuluğa açıq çağırışlar edilməsi faktları üzrə Cinayət Məcəlləsinin terrorçuluğa açıq çağırışlar maddəsi ilə cinayət işi qaldırıb”, deyə məlumatda bildirilir.

Saytlarla bağlı isə Baş Prokurorluğun məlumatında deyilir ki, “bəzi kütləvi informasiya vasitələrinin vəzifəli şəxsləri, həmçinin ayrı-ayrı şəxslər tərəfindən internet informasiya resursları vasitəsi ilə həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayılıb”.

Məlumatda göstərilir ki, “Bastainfo.com”, “criminalaz.com”, “topxeber.az” və “fia.az” internet saytlarının internet informasiya ehtiyatına müraciətlərinin məhdudlaşdırılması və digər məhdudiyyətlərin tətbiqi üçün müvafiq tədbirlərin görülməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edilib.

Elə bu gün “Bastaninfo.com” saytının rəhbəri Mustafa Hacıbəylini mülki geyimli şəxslər Müsavat PArtiyasının qərargahından polisə dəvət adı ilə götürüb, Bakı şəhər Prokurorluğuna aparılıb.

Onun qardaşı, Müsavat Partiyasının başqanı Arif Hacılı BBC Azərbaycancaya deyib ki, Mustafa Hacıbəyli zəng edərək, Bakı şəhər Prokurorluğunda olduğunu, cinayət işində şahid kimi dindirildiyini və vəkil istədiyini bildirib.

Baş Prokurorluğun məlumatında deyilir ki, cinayət işləri ibtidai istintaqın aparılması üçün Dövlət Təhlükəsizlik Xidmətinə göndərilib və hazırda təqsirli şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilmələri üçün əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məlumatda bildirilir ki, bəzi internet saytlarının rəhbərləri Baş Prokurorluğa dəvət edilib və onlara rəsmi xəbərdarlıq edilib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ