SON DƏQİQƏ

PressDent.Info

Koçaryan istintaqa çağırıldı

Koçaryan istintaqa çağırıldı
5-07-2018, 14:26 9222 dəfə baxılıb

Ermənistanın ikinci prezidenti Robert Koçaryan Xüsusi İstintaq Xidmətində 2008-ci ilin 1-2 mart hadisələri barədə cinayət işi üzrə dindirilməyə çağırılıb. Məlumatı Azadlıq Radiosu erməni bürosuna xidmətin mətbuat katibi Marina Ogajanian təsdiq edib.

Xüsusi İstintaq Xidmətinin Koçaryanı dindirməyə hansı statusda çağırdığı bilinmir.

2008-ci ilin 1-2 mart hadisələrindən 10 il sonra həmin olaylarda müxalifətin nümayəndəsi olmuş Nikol Paşinyan indi baş nazirdir və Koçaryan bu iş üzrə ilk dəfədir ki, dindirilməyə dəvət olunur.

2008-ci il martın 1-də Serj Sarkisyanı hakimiyyətə gətirmiş Ermənistan prezident seçkisinin ardınca keçirilən kütləvi etiraz aksiyalarında güc strukturları ilə nümayişçilər arasında toqquşmalar baş vermişdi.

2008-ci il martın 1-də sübh çağı polis qüvvələri Azadlıq meydanında gecələyən müxalifət etirazçılarının üzərinə yeridilmişdi. Bu meydana toplaşanlar seçkinin rəsmi nəticələrinə etiraz edirdilər. Elə həmin gün daha sonra Yerevanda Aleksandr Myasnikyanın abidəsi yaxınlığında etirazçılarla polis arasında toqquşmalar baş vermis, bu qanlı hadisədə 10 nəfər həlak olmuşdu.

Hadisələrdən on il sonra 1 mart olayının təfərrüatları müəmmalı olaraq qalır.

Xüsusi İstintaq Xidmətinin yeni rəhbəri Sasun Xaçatryan bu günlərdə deyib ki, onun təşkilatı 1 mart hadisələrini çözmək üçün siyasi iradəyə malikdir.

Xüsusi İstintaq Xidməti iyulun 3-də bildirib ki, keçmiş müdafiə naziri Mikael Arutyunyan 1 mart işi üzrə cinayət məsuliyyətinə cəlb edilib və onun həbsi barədə vəsatət məhkəməyə göndərilib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ