SON DƏQİQƏ

PressDent.Info

Ruslan Nəsirlinin atası: “Bu dəfə gözlədiyimizin əksi baş verdi…”

Ruslan Nəsirlinin atası: “Bu dəfə gözlədiyimizin əksi baş verdi…”
29-05-2018, 18:39 12006 dəfə baxılıb

“Mayın 25-də axşamüstü saat təxminən yeddinin yarısı olardı ki, qəfil evə bir dəstə adam gəldi. Təxminən 25 nəfər olardılar. Polis uniformasında olan da vardı, mülki geyimdə də. Amma gözlədiyimizin əksi olaraq, özləri ilə nəsə gətirib atmadılar, həqiqətən evdə olan əşyaları götürdülər”.

Bu sözləri ötən gün həbs edilən AXCP funksionerlərindən birinin – Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirlinin atası Şamil Nəsirov Azadlıq radiosuna deyib. R.Nəsirlinin Saatlı şəhəri, Mirağa Ağayev küçəsi, ev 62 ünvanındakı ata evində axtarış aparılıb.

“İki saata yaxın evdə axtarış aparıldı. Ruslanın ümumvətəndaş pasportunu, mənim bankdan kredit götürməyimə aid sənədləri, orta və ali məktəblərdə oxuduğu vaxt Ruslanın iştirak etdiyi tədbirlərin video yazısı olan diskləri götürdülər. Götürülən əşyalar aktlaşdırıldı, mən də imza etdim”, – deyə Ş.Nəsirov bildirib.

“Ruslanı gəncədə saxlayıblar”

Ş. Nəsirov bildirib ki, oğlunun bu dəfə saxlanılması ondan ötrü gözlənilməz olub:

“Ruslan aprelin 28-də inzibati həbsdən (polisə müqavimətdə ittiham edilib – red.) buraxılandan sonra bir-iki dəfə Bakıya gedib, qalan vaxtlar evdə olub. Əvvəllər saxlanmazdan əvvəl qeyri-rəsmi xəbərdarlıqlar olurdu. Düzdür, bizə siqnallar çatmışdı ki, yenə nəsə ola bilər. Üstündən bir az keçdi, fikirləşdik ki, təhlükə sovuşub. Gəncədə saxlanmağı göstərir ki, Ruslan bu müddətdə nəzarətdə olub”.

Atasının deməsinə görə, Ruslan Nəsirlini Gəncə şəhərində dostu ilə bir kafedə oturarkən saxlayiblar və Bakıya aparıblar.

Saatlı Rayon Polis Şöbəsinin növbətçi hissəsidən isə “ Turan” agentliyinə deyiblər ki, axtarışı onlar aparmayıblar. Axtarışı Bakıdan gələnlərin apardığı bildirilir. Ancaq məsələyə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Kimlər saxlanıb?

Mayın 25-də AXCP-nin 3 funksioneri həbs olunub. Bunlar Rəyasət Heyətinin üzvü, Azadlıq qəzetinin əməkdaşı Aqil Məhərrəmov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli və Nərimanov şöbəsinin sədri, keçmiş Qarabağ döyüşçüsü, bundan əvvəl də siyasi məhbus həyatı yaşamış Babək Həsənovdur.

Saxlananların evində axtarış aparıldığı da bildirilir. Onların özlərinin yerləri isə bilinmir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ