SON DƏQİQƏ

PressDent.Info

Qarabağ əlilinə ayrılmış torpağı əlində almaq istəyirlər

Qarabağ əlilinə ayrılmış torpağı əlində almaq istəyirlər
15-05-2018, 20:31 1131 dəfə baxılıb

Torpağı zəbt etmək istəyən şəxs: “Onsuz da hər məhkəmə qərarını pulla satın alıram”

Sabirabad rayon sakini, uzun illərdir kirayələrdə yaşayan 2 qrup Qarabağ əlili Zaur Ağayevə qarşı özbaşınalıq davam edir. Sabirabad rayon icra hakimiyyətindən Z.Ağayevə ev tikilməsi üçün ayrılan 3 sot yarım torpaq sahəsi iki ildir zəbt edilib. Bu barədə qəzetimizdə də bir müddət əvvəl məlumat vermişdik. Onun sözlərinə görə, Sabirabad rayon İcra Hakimiyyətindən ona ayrılmış torpaq sahəsi elə əslində qəsdən başqa adama zəbt etdirilib.

O, bütün bu işlərin başında rayonun keçmiş memarı Ağarəhimin və “Avtobaza”nın müdiri Seyidəmir Sabir oğlu Məmmədovun dayandığını da qeyd edib. Bu, Z.Ağayevə qarşı olan birinci haqsızlıq deyil. Onun üzləşdiyi problemlərlə bağlı qəzetimizdə dəfələrlə yazı vermişik.

Qarabağ əlili redaksiyaya yolladığı növbəti məktubunda da problemlərindən danışır, ona ayrılmış torpaq sahəsini başqalarının mənimsədiyini, kirayələrdən can qurtarmaq üçün özünə ev tikməyə imkan verilmədiyini yazır:

“Seyidəmir Məmmədov bilərəkdən mənim qanuni hüquqlarımı pozur. Sabirabad rayon İcra Hakimiyyətindən mənə ayrılmış 3 sot yarım torpaq sahəsi bu adamın tapşırığı ilə zəbt edilib. Bu adam kimdir?! Niyə ona kiminsə gücü çatmır?! Rayon mərkəzində dəmir yolunun üstundə Avtovağzal tikdirib, keçmiş nazir Ziya Məmmədovla əlaqəsi olduğu üçün rayonda marşrut monopoliyası yaradıb, kənar heç bir şəxsə bu işlə məşğul olmağa imkan vermir. Sərnişinlər avtovağzalda gediş haqqın ödəyib bilet almalıdır, ancaq burda bilet satışı yoxdur. Neçəyə sərf edir, o qiymətə də yolpulu yığılır. Adamın şəxsi pendir zavodu var, illərdir bələdiyyə bundan torpaq sənədi ala bilmir ki, vergi təyin etsin. Digər vergiləri demirəm, özü etiraf edir ki, yaxınlarının adına onlarla obyekti var. Vaxtilə “Vahid bank”ı da yeznəsinin adına açıb, o vaxtlarda vətəndaşların həmin bankda külli miqdarda pulu batdı. Hamısını bu şəxs mənimsədi, amma nədənsə bu günə kimi bu adamın bu qədər var-dövləti hansı yollarla mənimsədiyi heç araşdırılmayıb, rayonun hər ərazisində obyekt tikdirib. Nə dövlət tanıyır, nə qanun. Qaziyə rəsmi sənədlə fərdi ev tikintisi üçün ayrılmış torpaq sahəsini zəbt edib tikinti materialları töküb bina tikmək istədi. Bütün bunlar rayonun mərkəzində, hakimiyyət orqanlarının, hüquq mühafizə orqanlarının gözü qarşısında baş verirdi. Tikintinin dayandırıldığını görüb hər hansı vasitəylə torpağı ələ keçirmək üçün öyrətdiyi şəxslərin əli ilə məhkəməyə müraciət etdirdi. İki ildir məhkəmə prosesi gedir, torpağı zəbt etmək üçün hər vasitəyə əl atır və deyir ki, qanun da mənəm, ağa da, onsuz da hər qərarı pulla satın alacam.

Bir araşdıran yoxdur ki, bu səlahiyyət onda haradandır, özünün və yaxınlarının adına bu qədər əmlak alıb, biznes qurub. Ancaq niyə maraqlanmırlar bu adam vergiyə nə qədər pul ödəyir, bu qədər sərvəti hansı yollarla qazanıb?!”

Redaksiyadan: Şikayət məktubunda adı çəkilən şəxslər də mövqeyini bildirə bilər.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ