SON DƏQİQƏ

PressDent.Info

Tale Bağırzadə və Abbas Hüseynə təxribat təhlükəsi

Tale Bağırzadə və Abbas Hüseynə təxribat təhlükəsi
13-05-2018, 21:47 1566 dəfə baxılıb

20 il həbs cəzası almış ilahiyyatçı Tale Bağırzadəyə qarşı təxribat ola bilər.

Bu barədə Rakurs TV-ə onun yaxınları məlumat verib. Məlumata görə, Qobustan həbsxanasında saxlanılan ilahiyyatçı ilə müəssisə rəhbərliyi arasında yaranmış problemlərdən dolayı Tale Bağırzadə təxribata çəkilə bilər.

Xatırladaq ki, Tale Bağırzadə bir müddətdir telefonla danışa bilmir. Mayın 8-i vəkili ilə görüşdə o, deyib ki, telefonla danışarkən nəzarətçinin yanında dayanıb onu dinləməsinə etiraz edib, lakin problem həllini tapmayıb. İlahiyyatçı həmçinin ona yalnız əvvəlcədən müəyyənləşdirilmiş bir nömrəyə zəng vurmağa icazə verilməsini etirazla qarşılayıb. Vəkilin sözlərinə görə, bütün bunlar qanun pozuntusudur. Tale Bağırzadə bildirib ki, bu səbəblərdən qanunla müəyyən edilmiş telefonla danışmaq hüququndan istifadə etmir.

Tale Bağırzadә hәmçinin deyib ki, onun hәbsxanada davranış qaydalarını pozması, dini radikalizmi, şiddәt vә dözümsüzlüyü tәbliğ etmәsi barәdә akt tәrtib etmәk istәyirlәr. Ondan bu aktı imzalaması istәnilsә dә, o, qol çәkmәyib. Bu halda ilahiyyatçını cәrimә kamerasına sala bilәrlәr.

Bildirilir ki, bu təxribata Qobustan həbsxanasında saxlanılan digər “Nardaran məhbusu” Abbas Hüseynov da çəkilə bilər. A.Hüseynov aprelin 30-da ailə üzvləri ilə telefon danışığında bildirmişdi ki, həbsxanada ona qarşı işgəncələr yenidən başlayıb. Onun sözlərinə görə, həbsxananın rəis müavini və daha bir neçə əməkdaşı onu döyüblər, əlləri qandallı vəziyyətdə cərimə kamerasında saxlanıldığından qandal biləklərini kəsib. Abbasın anası Rəhimə Hüseynova mayın 10-u Rakurs TV-ə deyib ki, iki gündür Abbası həbsxanada çarmıxa çəkirlər:

“Hər gün səhər kameradan çıxarıb, günün altında dəmir dirəyə bağlayıb, axşama qədər bu vəziyyətdə saxlayırlar. İnsan insana belə zülm edər?”

Ana bildirir ki, bununla bağlı bir çox dövlət orqanına, eləcə də Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə müraciət ediblər. Qırmızı Xaç təşkilatının nümayəndələri Abbasla görüşsə də, görüşdən sonra işgəncələr yenə davam edib:

“İşgəncə ilə bağlı bir çox dövlət orqanına müraciət etdik. Penitensiar Xidmətin rəisinə məktub yazdım, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, Ombudsman Aparatının nümayəndələri ilə görüşdüm. Hamısından xahiş elədim ki, Abbasla görüşsünlər, ona qarşı işgəncələrə son qoyulsun. Dövlət orqanları heç bir addım atmadı. Bircə Beynəlxalq Qırmızı Xaçın əməkdaşları iki gün əvvəl gedib baş çəkib, Abbas da onlara olanları danışıb. Onlar çıxıb gedən kimi yenə Abbasa əziyyət verməyə başlayıblar”

Hər iki şəxsin ailəsi narahatdır. Onlar bildirir ki, baş verəcək istənilən hadisəyə görə həbsxana rəhbərliyi məsuliyyət daşıyır.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ