SON DƏQİQƏ

PressDent.Info

2 tanınmış qadın, 2 fərqli həyat, 2 fərqli nəticə

2 tanınmış qadın, 2 fərqli həyat, 2 fərqli nəticə
30-04-2018, 19:30 3132 dəfə baxılıb

Dövləti sarsıdan ədalətsizliyin miqyası haqqında

AXCP sədri Əli Kərimli hakimiyyətin vətəndaşlara açıq-aşkar fərqli münasibətinə bariz nümunə olan daha bir fakt haqqında fikirlərini fb səhifəsində paylaşıb:

“2 tanınmış qadın, 2 fərqli həyat tərzi, 2 fərqli nəticə. Və ya dövləti sarsıdan ədalətsizlik və onun miqyası haqqında.

Müavinim Gözəl Bayramlı erkən gənclik yaşlarından özünü millətimizin haqq və hüququ uğrunda mübarizəyə həsr edib. Milli Azadlıq Hərəkatının, sonralar isə Əliyevlərə qarşı demokratik hərəkatın hər zaman ön sıralarında yer alıb. Gənc yaşlarından əldə etdiyi yüksək vəzifədən bu yolda imtina edib, uzun illər işsiz yaşayıb, seçildiyi halda (Avropa Məhkəməsinin qərarı var) onun millət vəkili mandatı Əli Əhmədova verilib. Hər zaman mübarizənin ən qaynar nöqtələrində olan Gözəl xanım həbs olunana qədər Milli Şuranın Mitinq Komitəsinə rəhbərlik edib. 1 ildir ki, şərlənərək həbs olunub. Ona qarşı saxta yolla irəli sürülmüş ittiham az ağır cinayət sayılır. Gözəl Bayramlıya qədər heç kim 206.1-ci (qaçaqmalçılıq) maddə ilə azadlıqdan məhrum edilməyib (bu maddə alternativ cəzalar da nəzərdə tutur). Gözəl xanımı isə bu qurama ittihamla 3 il müddətinə azadlıqdan məhrum ediblər.

Gözəl xanımı bu günlərdə Gəncə həbsxanasından Bakıya – Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasına gətiriblər. Təcridxana rəisi ona əfv ərizəsi yazmağı təklif edib. Bildirib ki, əfv ərizəsi yazacağı halda azadlığa çıxacaq, hətta istəyinə görə Gömrük Komitəsində və ya Ədliyyə Nazirliyində işə götürülə bilər. Söhbət uğursuzluqla bitdikdən və rəisin təklifi rədd olunduqdan sonra Gözəl xanımı cəzalandırıblar. O, 10 saat müddətində Kürdəxanıda soyuq yerdə ac-susuz saxlandıqdan sonra 4 saylı cəzaçəkmə müəssisəsinə göndərilib (link şərh bölümündə).

General-mayor Natəvan Mürvətova isə keçmiş MTN-nin Əməliyyat-texniki İdarəsinin rəisi idi. Sadə dillə izah etsək, rejimin hədəfindəki adamların izlənməsi, dinlənilməsi, kompromat məqsədilə nalayiq videoların çəkilişini kurasiya edirdi. Məşhur “MTN işi”ndə üstü açılmış o dəhşətli cinayətlərə görə əsas məsul şəxslərdən biri sayılırdı. Natəvan Mürvətovaya qarşı Cinayət Məcəlləsinin mütəşəkkil cinayətkar dəstə tərəfindən quldurluq da daxil olmaqla, 18 maddəsilə ittiham irəli sürülmüşdü (ittiham irəli sürülən maddələr şərh bölümündə). Bu günlərdə isə rejim Natəvan Mürsəlovanı şərti cəza ilə azadlığa buraxdı.

Ədalətsizliyin miqyasını görürsünüzmü? Bütün bunlardan sonra İlham Əliyev 4 yox, istəyir 15 dəfə and içsin, bütün azərbaycanlıların prezidenti necə ola bilər? Necə ədalətdən, humanizmdən danışa bilər? Dövlət səviyyəsində ədalətsizlik isə təkcə vətəndaşa qarşı haqsızlıq deyil, həm də dövlətin sarsıdılması, iflasıdır. Təəssüf ki, gözdən salınan, iflas etdirilən bu dövlət bizim öz dövlətimizdir…”

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ