SON DƏQİQƏ

PressDent.Info

Tarixin icra olunan və təxirə salınan hökmləri…

Tarixin icra olunan və təxirə salınan hökmləri…
30-04-2018, 19:21 2871 dəfə baxılıb

Fəxrəddin  Mehdiyev

Aprel ayında sosial şəbəkələrdə və mətbuatda müzakirə olunan aktual  mövzularından  biri  də Ermənistanda  baş verən  müxalifətin “məxməri  inqilab”   adlandırdığı hadisələr oldu.

On gün davam edən inqilabi proses aprelin 22-23-də özünun kuliminasiya   səviyyəsinə  çatdı,  şəhərin  mərkəzinə  yığışan yüz minlərlə vətəndaş müxalifətə  dəstək  nümayiş  etdirdi, ordu nümayəndələri nümayişçilərin tərəfinə  keçdi, on il  ölkənin  prezidenti  olmuş, baş nazir  kimi  ölkəyə rəhbərliyi əlində saxlamaq üçün  konstitusiya islahatı keçirən, 17 apreldə parlamentdə Baş nazir seçilən Serj Sarqsyan istefa verməyə məcbur oldu.

S.Sarqsiyan istefa müraciətində rejimin mahiyyətini və iflasını ifadə edən fikirləri belə səsləndirdi: “Nikol Paşinyan haqlı idi, mən səhv eləmişəm…” S.Sarqsyan təkcə özünün səhvini deyil, dolayısı ilə cinayətkarlığını da etiraf etdi. Qarabağ   kartındən yararlanıb Ermənistanda hakimiyyətə gələn və bu kartdan istifadə edib  Azərbaycan xalqına qarşı da cinayətlər törətmiş S.Sarqsyanın və onun klanının uzun illər davam edən manupilyasiya imkanları tükənmiş oldu. S.Sarqsyan və onun klanının Azərbaycan xalqına qarşı  bəşəri cinayətlərə yol verməsi məlumdur.

Onun “Nikol  Paşinyan haqlı  idi” etirafı  da təsadüfi  deyil. Sarqsyan etiraf  etdi ki, onun  apardığı siyasət inkişaf prosesinin məntiqinə ziddir, avtoritar rejimin ölkəyə gətirdiyi korrupsiya, işsizlik, yoxsulluq, emiqrasiya və s. kütləvi narazılıqlar  toplanaraq ölkədə vulkan püskürməsinə çevrildi, rejim qısa müddətdə,  on günə süqut etdi. Əslində, avtoritar rejimlər eyni taleyi yaşayırlar – əmələ gəlir, inkişaf edir,  kuliminasiya  nöqtəsinə çatır və zahirən ən güclü  vaxtında dağılır.

Avtoritar rejimlərin dağılması dünyada gedən  qlobal demokratik proseslərlə də bağlıdır. Hazırda  dünyada  demokratiyanın yeni dalğası başlayıbr. Bu proses obyektiv və  qarşısı alınmazdır. Nəticədə demokratik  düşərgənin arealı genişlənir, avtoritar rejimlər süquta uğrayır. Dünyadakı proseslər qlobal xarakter  daşıdığından  ölkələrdə baş verən hadisələr dünyəvi demokratik proseslərin tərkib hissəsi kimi çıxış edir.

Qloballaşma  və  inteqrasiya, demokratiya  və insan  haqlarının  təminatı, elmi-texniki inkişaf, insan kapitalının və  informasiya  texnologiyaları vasitələrinin  bütün proseslərdə həlledici faktlara çevrilməsi dünyəvi proseslərin əsas tendensiya  və vektorlarıdır. Ölkənin inkişafı və  əhalisinin həyat  səviyyəsi həmin tendensiyaya uyğun siyasət aparılmasından aslıdır, bu isə yalnız demokratik rejimlərdə reallaşır. Yalnız demokratik rejim insanlara azadlıq verir və onun potensialının reallaşmasına şərait yaradır, demokratiyanın dünyəvi xaraker almasının gücü də bundadır.

Avtoritar rejimlər inkişafın məntiqinə uyğun deyil. İnkişafın vektorları və  tendensiyaları bu rejimi qəbul etmir.

Ona  görə də tarix avtoritar rejimlərin məhv olması hökmünü çıxarıb. Lakin nəzərə almaq lazımdır ki,  tarixin hökmü avtomatik icra olunmur. Tarix  hər kəsə seçim  azadlığı verir. İnsanlar demokratiyanı, azadlığı səmimiyyətlə, israrla istəməlidirlər. Əks halda tarix hökmün icrasını təxirə salır. Ermənistanda insanlar bunu istədilər. Və hökm qısa müddətdə icra olundu. Mitinq iştirakçılarından biri jurnalistə müsahibəsində insanların istək və tələblərini  belə ifadə etdi:  “Biz azad   və inkişaf etmiş  ölkədə yaşamaq istəyirik”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ