SON DƏQİQƏ

PressDent.Info

Yolumuzda on milyonlar bahasına başa gələn tıxac

Yolumuzda on milyonlar bahasına başa gələn tıxac
27-04-2018, 20:14 2436 dəfə baxılıb

Paytaxt əhalisi yenə qara günlərini yaşayır. “Formula 1” yarışlarına görə şəhərin mərkəzi küçələri iflic olub. Qrafiklə yarış aprelin 27-dən 29-dək keçirilsə də, yollardakı müsibət hələ ən azı 4-5 gün davam edəcək. Bilirsiniz, Bakının hər hansı bir yerində yollar bağlandısa, şəhər bütünlükdə tıxaca düşür. Axı heç dünyanın düz vaxtında bu yolların tıxacını yarıb keçmək olmurdu, o ki, qaldı mərkəzi yollar nəqliyyat hərəkətinə qapalı olsun. Dünən şəhərin mərkəzindəki tıxaclarda öz-özünə deyinən adamları gördüm: “kimə lazımdır bu mənasız yarışlar, həm pulumuz gedir, həm əsəblərimiz.” Doğrudur, paytaxtın mərkəzində yaşayan adamlar o gurultuya, o vıyıltıya necə dözür, mən də heyrət edirəm. Üstəlik də, ölkənin bu qədər kasıblamış vaxtında milyonların o anlamsız vıyhavıya xərclənməsi…

Gənclər və İdman naziri Azad Rəhimov bu dəfə yarışa xərclənən məbləği tam aşıqlamasa da, deyib ki, “biz Bakıda Qran Prinin keçirilməsi üçün sərf olunan ümumi xərcin 80 faizini ödəyirik.” Xatırlayırsınızsa, keçənilki Formula 1 yarışı üçün açıqlanan xərc məbləği 122 milyon dollar idi. Ondan əvvəlki Formula 1 yarışının etiraf olunan xərci isə 99 milyon dollar. Hər halda, builki xərc məbləği də, təxminən, bu rəqəmlər arasında dəyişir. Buna “havaya sovrulan pullar” deyərlər, sadəcə. A.Rəhimovun yaxşı təsəllisi var. Deyir ki, 2017-də Bakıda baş tutan “Formula 1” yarışına əvvəlki illərdən 2 dəfə artıq turist gəlib.
“Əsas gəlir bilet satışından əldə olunur. Bizim reklam üçün nəzərdə tutulan yerlərimiz olmadığından, sponsorları cəlb edə bilmirik. Bütün hüquqlar “Formula 1” rəhbərliyinə aiddir… Qran Pri ölkənin ən yaxşı reklamıdır.” Guya turistlərdən gələn gəlir o milyonların neçə faizini ödəyir ki? Olmasın insanların əzab-əziyyəti, yoxsulluğu, işgəncəsi üzərində qurulan belə reklam. Axı nəyə görə, bu ölkə insanının kəsilən haqqı hesabına oyunlara bu qədər vəsait xərclənməlidir? Son 5-6 ildə bu oyunlara nələr xərclənib, bilirsiniz. “Eurovision”a 800 milyon dollar, Avropa Oyunlarına 4 milyard 600 milyon dollar, Formula 1-2016 yarışlarına 99 milyon dollar, Formula 1-2017 yarışlarına 122 milyon dollar, İslam Həmrəylik Oyunlarına 101,5 milyon dollar. Ümumi məbləğ 6 milyardı çoxdan keçib. Hələ iş bununla da bitmir. Qarşıda çox oyunlar var, israfçı və məsuliyyətsiz hökumətin “əliaçıqlığı” sayəsində hələ tamaşalar davam edəcək.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ