SON DƏQİQƏ

PressDent.Info

İlham Əliyevin “hüquqi dövlət” möcüzəsi

İlham Əliyevin “hüquqi dövlət” möcüzəsi
26-04-2018, 20:00 2349 dəfə baxılıb

Şəki məhkəməsində səhnəyə qoyulan məzhəkə

Cəmil Həsənli, Milli Şura sədri

Dostlar! Dünən Gürcüstandan oğurlanıb gətirilmiş jurnalist Əfqan Muxtarlının Şəki Apelyasiya məhkəməsində keçirilən prosesinə getmişdim. Doğrusu buna məhkəmə demək günahdır, bu əsl məzhəkədir.

Deməli, hakim heyəti də, dövlət ittihamçısı da, vəkil də, zərərdidə də, ittiham olunan və məhkəmə zalında iştirak edənlər də bilirlər ki, Əfqanı Tbilisinin küçələrindən oğurlayıb gətiriblər, hələ bir “səxavət” göstərib cibinə 10 min avro pul da qoyublar və adamı zorla sərhəddən keçirib indi sərhəd pozucusu, qaçaqmalçı kimi mühakimə edirlər. Görürsünüz də İlham Əliyevin ölkədə bərqərar etdiyi “hüquqi dövlət” necə möcüzələr yaradır.

Məhkəmə zalına Qafur Məmmədov adlı bir “zərərdidə” gətirmişdilər. Adam Əfqanı necə izlədiyindən, sərhəd qoşunlarından nədənsə məhz həmin gün keçid məntəqəsinə ezam olunmuş daha yüksək rütbəli zabitlərlə sərhəd pozucusuna “DUR” deməsindən, Əfqanın isə durmayıb Qafura hücum etməsindən, ona döş nahiyəsindən zərbə endirməsindən və bu zərbənin təsirindən Qafurun guya yıxılmasından və beyin silkələnməsi zədəsi almasından “gözəl bir ssenari” danışdı. Detektivlərin yazılmadığı indiki zamanəmizdə sərhəd qoşunları əsl detektiv hazırlayıb. Amma “əsər” musiqili komediya teatrında deyil, səhvən Şəki məhkəməsində səhnəyə qoyulur.

Vəkil Elçin Sadıqov soruşur ki, axı səni müayinə edən həkim komissiyası səndə beyin silkələnməsi qeydə almayıb və əgər olubsa, sən bu silkələnən beyinlə axşam saat 10-dan gecə saat 4-də qədər necə Əfqanı mühafizə etmisən, hələ bu azmış kimi beynin silkələnə-silkələnə 400 km məsafəni Bakıya da gedib qayıtmısan. Bu “xarüqələrinə” görə adam az qalır, Böyük Vətən müharibəsində qəhrəman adı almış Qafur Məmmədovun ulduzun alıb versin “sərhədçi” Qafur Məmmədova.

Jurnalist Əfqan Muxtarlı deyir ki, a kişi, sən nə danışırsan, bütün dünya, külli-aləm bilir ki, Azərbaycan təhlükəsizlik orqanları məni Tbilisi şəhərindən oğurlayıb başıma torba keçirib oğurlanmış adam kimi sərhəddən zorla gətirib keçirib. Bu məqamda “möhtərəm” hakimlərdən biri dedi ki, oğurlandığını təsdiq edən hansı rəsmi dəlil var. Əfqan bəy cavab verdi ki, bu oğurluğa görə Gürcüstan Prezidentinin rəsmi saytında göstərilib ki, azərbaycanlı jurnalist Əfqan Muxtarlının oğurlanmasında şübhəli bilindiklərinə görə Gürcüstan Kriminal Polisinin başçısı, Gürcüstan DİN-nin müavini, Sərhəd xidmətinin rəhbəri vəzifəsindən çıxarılıblar. Amma nədənsə hakimlər Gürcüstan prezidentinin saytında yazılanların rəsmi məlumat olduğuna şübhə ilə yanaşdlar. Məhkəmədə vəkil Elçin Sadıqov qaldırdığı 14 vəsatətdən heç biri təmin edilmədi. Hakim heyəti 20 dəqiqəlik müşavirəyə gedib 21 səhifəlik qərarla döndülər və Əfqan Muxtarlı haqqında Balakən məhkəməsinin saxta hökmü qüvvədə saxladıqlarını dedilər.

İlham Əliyevin absurd teatrına çevirdiyi məhkəmədə Əfqan vicdanın nə olduğunu hakimlərə anlatmağa çalışdı. Amma, deyəsən, onlar bir şey anlamadılar.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ