SON DƏQİQƏ

PressDent.Info

“Şöhrət”dən sonra gələn “Şərəf”

“Şöhrət”dən sonra gələn “Şərəf”
26-04-2018, 19:10 2523 dəfə baxılıb

Seçkidən sonra baş tutan rəsmi səfərlərə sözardı

İlham Əliyev dördüncü prezidentlik dönəminin başlanğıcında ilk rəsmi səfərini qardaş Türkiyəyə edib. O, bu səfərində böyük bir nümayəndə heyətinə rəhbərlik edir. İki gündür bu səfərin bütün detallarından AzTV-lər reportaj verir. Səhər, axşam, günorta, bir sözlə, günün istənilən saatlarında siz bu reportajları izləyə bilərsiniz; həm də dəfələrlə. Başqa bir səfərsə Ramiz Mehdiyevin başçılığıyla gerçəkləşib. Belə görünür ki, hakimiyyət “balanslı siyasəti”ni davam etdirir. Rusiyaya səfərdə Ramiz Mehdiyevlə yanaşı Fuad Ələsgərovun da adı çəkilir, nümayəndə heyətində başqa kimlərin olduğu açıqlanmır. Maraqlıdır ki, Azərbaycan Təhlükəsizlik Şurası üzvləri arasında Fuad Ələsgərovun adı yoxdur. Onun bu tədbirə hansı statusla qatıldığı bəlli deyil.

Soçidə keçirilən 9-cu Beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı görüş Ramiz Mehdiyev üçün yaddaqalan olub. Azərbaycanın təhlükəsizliyi ilə bağlı nələrin müzakirə olunduğu, yüksək nümayəndələrin iştirakıyla keçirilən bu beynəlxalq təhlükəsizlik məsələləri IX görüşünün ölkəmizə hansı faydanı verəcəyi bilinməsə də, həmin görüşdə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ölkəsinin prezidenti Vladimir Putinin sərəncamıyla Ramiz Mehdiyevə verilən “Şərəf” ordenini onun döşünə taxıb. Çox təəssüf ki, bu mühüm məsələyə, Rusiya ilə Azərbaycan arasında əlaqələrin daha da inkişafına təkan verəcək ödülləndirməyə, Türkiyə səfəri fonunda telekanallar o qədər də önəm verməyib.

Telekanallar daha çox iki ölkə, Azərbaycanla Türkiyə arasında mühüm sənədlərin imzalandığından danışır. Ancaq diqqət yetirdikdə bu sənədlərin protokol qaydalarına uyğun olaraq sıradan adi sənədlərdən olduğu görünür.

Buyurun siz də tanış olun:

– “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasının Protokolu”;

– “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ətraf mühitin qorunması sahəsində əməkdaşlığa dair Sazişin tətbiqi ilə bağlı ikiillik (2018-2019) İş Proqramı”;

– “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi arasında elektron imza sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;

– “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında preferensial ticarət sazişi üzrə müzakirələrə dair Anlaşma Memorandumu”;

– “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Mədəniyyət mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında Saziş”;

– “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında şəxsi heyətin mübadiləsinə dair Protokol” imzalanıb.

Neçə illərdir Türkiyə ilə viza rejiminin tamamilə ləğv olunması barədə danışılır, müzakirələr aparılır, ancaq nəticə yoxdur.

İlham Əliyev dördüncü prezidentliyində Türkiyəyə ilk rəsmi səfərində də bu problemi çözə bilmədi. Baxmayaraq ki, səfərin ilk günündən başlayaraq bir neçə dəfə qaradasşcasına çox uzun sürən qucaqlaşma mərasimləri oldu. Xoş sözlər, qardaşlıq əlaqələri vurğulandı. Görünür, Ərdoğan da İlham Əliyevin 4-cü qələbəsindən ruhlanaraq qarşıdakı 24 iyun seçkisindən sonra prezident kimi ilk səfərini Azərbaycana edəcəyini dedi, sanki post artıq qarantilənib. Onun bu sözləri gülüşlə və ardı-arası kəsilməyən alqışlarla qarşılandı. Azərbaycan nümayəndə heyətinin sürəkli alqışlarını xüsusi vuğulamadan keçmək olmaz…

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ