SON DƏQİQƏ

PressDent.Info

“Mən özüm də Avropadakı dostlarıma iki qutu kürü aparmışam”

“Mən özüm də Avropadakı dostlarıma iki qutu kürü aparmışam”
26-04-2018, 19:04 1566 dəfə baxılıb

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin keçmiş üzvü, keçmiş deputat, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli Avropa Şurasının korrupsiya ilə bağlı hesabatının «hərtərəfli və əsaslı» hazırlandığı qənaətindədir. O, Azərbaycanla bağlı səslənən fikriləri şübhə altına almır. Əksinə, araşdırmanı aparanların təcrübəli hüquqşünaslar olduğunu bildirir: «Onlar Avropa Məhkəməsinin hakimi olublar, biri İsveçin ombudsmanı olub. Avropa məkanında nüfuzlu, peşəkar, təcrübəli hüquqşünas kimi tanınırlar. Bu şəxslər bir ilə yaxın müddətdə ciddi araşdırma aparıblarsa, ortaya konkret faktlar qoyublarsa, təbii ki, bizim buna inanmamaq üçün əsasımız yoxdur».

Azərbaycan hakimiyyətinin yanaşmasına gəlincə, keçmiş deputat hakimiyyətin indiyədək o araşdırmada deyilənləri təkzib edən heç bir ciddi fakt təqdim etməməsinə diqqət çəkir.

«Problemlər 2009-cu ildən sonra yaranmağa başladı»

G.Hacıbəyli onun AŞPA-dakı fəaliyyəti dövründə də bəzi avropalı deputatlara hədiyyələr verildiyini deyir:

«Məsələn, kürü, suvenirlər və s. Mən özüm də Avropadakı dostlarıma iki qutu kürü aparmışam. Lobbiçilik fəaliyyəti məqsədilə. Leqal şəkildə bəzi addımlar atılırdı. Açığı, o zaman belə ciddi şəkildə korrupsiyanın şahidi olmamışam. Əslində, buna zərurət də yox idi. 2009-cu ilə qədər Avropa Şurası ilə Azərbaycan arasında normal əməkdaşlıq var idi. Problemlər daha çox 2009-cu ildən sonra yaranmağa başladı. Azərbaycana neft gəlirləri gəldi, varlandı. Bundan sonra hakimiyyət bu fikrə düşdü ki, avropalı deputatları da ələ alsın, məruzəçiləri öz istəyi ilə təyin etsin. O zaman Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı qətnaməsini əngəlləmək məqsədilə geniş kampaniya başladıldı. Həmin qətnamənin qəbul olunmaması üçün avropalı deputatlar pul, müxtəlif hədiyyələr və başqa vasitələrlə ələ alındılar».

Azərbaycan nümayəndə heyəti ilə bağlı hansı addımlar atıla bilər?
Hacıbəyli bunun üçün Avropa Şurasının cəza mexanizmləri olduğunu bildirir:

«Nümayəndə heyətinin səsvermə hüququ əlindən alına, fəaliyyəti dondurula bilər. AŞPA prezidenti bu hesabat açıqlanandan sonra bəyanatla çıxış etdi. Orda adıçəkilənləri onlara qarşı inzibatı cəza mexanizmi fəaliyyətə başlamazdan öncə səlahiyyətlərindən imtina etməyə çağırdı. Əks halda, Avropa Şurasının cəza mexanizmləri işə düşəcək. AŞPA-da prezidentin vəzifədən uzaqlaşdırılmaq təcrübəsi var, (AŞPA-ın keçmiş sədri Pedro) Aqramunt müqavimət göstərsə də, prezidentlikdən qovuldu. Düşünürəm ki, bu, deputatlara nümunə olacaq, bu dərəcədə rüsvayçı sonluğu yaşamamaq üçün səlahiyyətlərindən imtina edərək AŞPA-dan uzaqlaşacaqlar».

A.Məmmədli: «Azərbaycanın Avropa Şurasından uzaqlaşdırılacağını gözləmirəm»

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli qurumun tarixində ilk dəfə bu cür araşdırma aparan qrupun yaradıldığını deyir:

«Mexanizmlər də qeyri-müəyyəndir. Azərbaycanın Avropa Şurasından uzaqlaşdırılacağını gözləmirəm. Sadəcə, ayrı-ayrı şəxslərin, xüsusən də Azərbaycan nümayəndə heyətindəki bəzi şəxslərin qurumda qalması məsələsinə baxıla bilər. Xatırladım ki, ilk gündən bu qalmaqalda adı çəkilən azərbaycanlı deputatlar Müslüm Məmmədov, Elxan Süleymanov artıq AŞPA-nın nümayəndə heyətində başqaları ilə əvəzləniblər. Başqalarının qurumda qalmasına baxıla bilərmi? Çətinlik çəkirəm cavab verməyə. Proseslərin gedişini izləyək».

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ