SON DƏQİQƏ

PressDent.Info

“Sizdə darıxdırıcıdır, həm də bahalıq”

“Sizdə darıxdırıcıdır, həm də bahalıq”
24-04-2018, 18:51 8352 dəfə baxılıb

Almaniyalı dostlarım Bakıda birhəftəlik istirahətdən, alış-verişdən, restoranlardan, paytaxtın görməli yerlərini gəzdikdən, Şahdağ turizm bazasına birgünlük səfərdən sonra darıxdılar və geriyə, vətənə dönməyə tələsdilər. Açıq danışmağı xoşlayan Hans hava limanında özünü saxlaya bilmədi və Azərbaycana səyahəti ilə bağlı öz peşəkar fikirlərini söylədi. O, Kölndə turizm firmasında menecer çalışır.

“Sizdə turistlərin yaşaması üçün qiymətlər çox yüksəkdir, personal güləriz deyil. Turizmin inkişafı üçün infrastruktur, əyləncə və ticarət mərkəzləri, mədəniyyət və tarixi yerlər olmalıdır. Təbiət, gözəl landşaft, iqlim xüsusiyyətləri Allah tərəfindən verilir. Qalan şeyləri isə yaratmaq və inkişaf etdirmək lazımdır. Xidmət sahəsi üzərində ciddi çalışmaq lazımdır”, – Hans bildirdi.

Qonağım aktiv səyahətçidir, işi ilə əlaqədar dünyanın yarısını gəzib. Görəndə ki, restoranda xidmət edən ofisiant, oteldəki resepşn sifariş qəbul edərkən gülümsəmir, qaşqabaq tökür, psixoloji şok keçirmişdi. Bəyəm, bu, çətindir? Bəyəm, bunu onlara öyrətmirlər? Təbəssüm ünsiyyət yaradır, insanları əlaqə qurmağa sövq edir. Ünsiyyət qurmağı, kommunikasiya yaratmağı bacarmaq lazımdır. Xidmət mədəniyyətdir, biznesdir. Yaxşı kadrlar hazırlamaq lazımdır, bunu onlara öyrətmək lazımdır.

“Təkcə istirahət obyektləri, yollar ilə turizm yaratmaq olmaz. Peşəkar olmayanların bu sahədə çalışmasına yol vermək olmaz. Digər məqam mehmanxanalarda qalmaq xərcidir. Ərəblərdən fərqli olaraq, avtopalılar rasionaldır, odur ki, əgər ödənişi dəvət edən tərəf etmirsə, beşulduzlu otellərdən imtina edirlər, az ulduzlu otelleri seçirlər. Bakıda otellərdə bir gecənin qiyməti 240 dollar və yuxarıdır. Bu, yaşlı turistləri şoka salır. Onlar bu qədər pul xərcləməyə hazır deyil, bu, çox bahadır. Bu məbləğə Gürcüstanda dincəlmək daha yaxşıdır”, – o, söhbətinə davam etdi.

Proqram və səfərlərin təşkili ayrıca mövzudur. Bakını bir neçə günün içində gəzmək olar. Gələnlər üçün müasir binalar maraqlı deyil. Tarixi yerlər İçərişəhərlə yekunlaşır. Bəs sonra? Bakı əyləncə baxımından darıxdırıcı yerdir. Hara getmək olar? Zooparka? Ancaq gedəcək yerlərin siyahısına daxil deyil. Atəşgah kompleksinə özümüz taksi ilə 60 dollara gedirik. Bəlkə okeanarium, sualtı dəniz gəzintisi? Axı onlar da yoxdur. Qalır dənizkənarı bulvar.

“Hesab edirəm ki, siz diqqəti Bakıya cəmləşdirməlisiniz ki, onu vaxt keçirmək baxımından daha da maraqlı edəsiniz. Tbilisiyə gedin. Orada gecə həyatı qaynayır: gecə klublarında tanınmış diceylər, dünya səviyyəli artistlər ifa edirlər, unikal atmosfer var. Bakıda belə şeyləri görmədim”, – Hans dedi.

Elə bu vaxt reysə qeydiyyatın başlandığı elan edildi. Dostlarım sərhəd nəzarətindən keçdilər. Mənim “yenə gəlin” sözlərimin cavabında “yaxsışı budur, sən bizə gəl” dedilər.

Azərbaycan turizmində vəziyyət ürəkaçan deyil. Turistlərin aldadılması, Şamaxı rayonunda istirahət bazalarında xidmətin səviyyəsi, Xızının kələ-kötür yolları, Ağsu restoranında verilən yeməyin keyfiyyəti haqda çoxsaylı faktlar bundan xəbər verir.

Sputnik Azerbaijan-ın jurnalisti İradə Cəlil isə Bakı-Siyəzən yolunun 95 kilometrliyində yerləşən, əcnəbilərin də səfər etdiyi Beşbarmaq ziyarətgahına səfərini belə təsvir edib: “Bütün ərazidə antisanitariya hökm sürür, çirkli tualetlər, mənşəyi məlum olmayan ətdən kabab, belə vəziyyətə görə utanc hissi (https://ru.sputnik.az/life/20170703/410934120/beshbarmag-tualety-antisanitarija-turisty.html)…

Görünür, bu sahədəki çatışmazlıqlardan ölkə hakimiyyəti də məlumatlıdır, madam ki, Mədəniyyət və Turizm Nazirliyinin hibrid fəaliyyətinə son qoymağı qərara alıb. Prezident İlham Əliyevin fərmanı ilə bu nazirliyin bazasında Dövlət Turizm Agentliyi yaradılacaq.

Müstəqil iqtisadçı Natiq Cəfərli bu xəbəri Turan-a şərh edərkən deyib ki, Azərbaycanın turizm industriyasında bu biznesin inkişaf strategiyası və hüquqi baxımdan yetərincə boşluqlar var. Onun sözlərinə görə, ayrıca profil strukturun yaradılması bu sahənin prioritet olduğunu göstərir. Turbazalarda xidmətlə bağlı tənqidlər çoxdan var. Ayrıca strukturun yaradılması müasir menecment formasının, çevik idarəetmənin tələb olunmasından xəbər verir.

Turizmin inkişafı ilə bağlı yeni konsepsiya yaradılmalıdır. Azərbaycanda tanışlıq xarakterli, idman turizmi yaxşı inkişaf edib. Ancaq tibb, diyarşünaslıq, kulinariya, çimərlik, ekstremal turizm sahələrində vəziyyət yaxşı deyil. Az işlər görülüb, ya da heç görülməyib. Birtərəfli turizm əcnəbi axınını təmin edə bilməz.

“Məmurlar ərəb turistlərin gəlişindən sevinirlər. Bəs dünyanın Azərbaycan haqqında heç bir şey eşitməyən hissəsi necə olsun? Digər ölkələrdə turizm sahəsində xidmətlə müqayisə bizim xeyrimizə deyil: hostellər çox azdır, 2-3 ulduzlu otellər çatışmır, əcnəbilərin boş saatları normal təşkil edilmir və s. Problem və çatışmazlıqlar siyahısını uzatmaq olar. Avropa, ABŞ, Yaponiyadan olan müasir turist oteldə bir gecəyə görə 200-300 dollar ödəmək istəmir. Onlar pulu əyləncəyə, hədiyyələrə, restoranlara, muzeylərə xərcləmək istəyirlər. Əgər Dövlət Agentliyi bu sahəyə “ikinci nəfəs” verə bilərsə, yeni biznes-mühit yarada, oliqarxların monopoliyasına son qoya bilərsə, düzgün qiymət siyasəti tətbiq edə bilərsə Azərbaycan turizmi rəqabətqabiliyyətli ola bilər”, – N.Cəfərli qeyd edib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ