SON DƏQİQƏ

PressDent.Info

Yük olub qalmayım belində dünya

Yük olub qalmayım belində dünya
19-04-2018, 20:10 1827 dəfə baxılıb

Araz Səməd

Şeirlər

Sən heykəl-heykəl böyüdükcə,

Mən insan-insan daşlaşıram,

Sinəmdə daşısam da ürəklərin ən yuxasını.

Yaman dəyişmisən,

Küləklərin də dəyişib səmtini,

Daha gətirmir,

Küçələrində,
Meydanlarında,
Zirzəmilərində
Qeyb olan gəncliyimin qoxusunu.

Nə Xəzərində yelkən açır xəyallarım,
Nə Alov Qüllələrin yandırır nifrətimi,
Nə Kristal holunu sevirəm,
Mən sənin başqa yönünü,
Başqa halını sevirəm.

Ehh, nə deyim?
Mən nə hayda, sən nə haydasan, Bakı?
Başından aşsa da milyonların, milyardların,
Sən hər axşam bir küncə çəkilib yediyim
Bir manatlıq dönər boydasan Bakı.

Yaşa görüm

Qardasşım, bu nə yurd, bu nə məmləkət?
Adamın əti tökülür.
Hansısa gədənin,
Yolötənin biri
Nə oturanı dinc qoyur,
Nə durana imkan verir.
İnsanlar qayğı-qayğı ölür,
Kredit-kredit can verir.

Hara getsən, hara baxsan eyni mənzərə,
Eyni ağıl,
Eyni nağıl
Hər addımda bir daş göyərib,
Hər işdə bir əngəl bitib.
Dünən sevgilinlə kölgəsində öpüşdüyün ağacın yerində
Bu gün görürsən ki, heykəl bitib…

Qardaşım, bu nə yurd, bu nə məmləkət?
Yaşayirsan yaşa, görüm…

Atama

Öldün, canın qurtardı,
Daha bu dünyanın nə sevinci sənindi,
Nə kədəri, müşkülü.
Bilmək istəsən, mən də bir ölüyəm –
Nəfəs alan, danışan,
Bəzən də ağlamağı, gülməyi bacaran bir ölü.

Gedirəm, taleyimin əlindən tutub –
Anasının əlindən tutan körpə bir uşaq kimi.
Harda bitər, harda qırılar bu yol?
Umurumda deyil.

Bu gün nə yeyim?
Sabah nə geyim?
Nə deyim, nə deyim,
Clız-cılız sualların
Böyük-böyük dərdlərə yol açdığı bu həyata?
Bilənim yox!
Duyanım yox!
Başıma döyürəm,
Dizimə döyürəm.
Eh ata, eh ata,
Sən torpağın altında rütubətdən,
Mən torpağın üstündə xəcalətdən çürüyürəm.

***

Zorun bu qədər önəmli,
Paranın bu qədər güvənli
Olduğunu bilmirdim.
Təşəkkürlər,
Öyrəndim sayəndə…

Xəbərin varmı?
Rəzalət cücərir
Beton körpülərin altında,
Asfalt yolların sarı xəttində,
Billur sarayların kölgəsində,
Üşüyür insan, üşüyür
Bu odlar ölkəsində…

Xəbərin varmı?
Həyat qırmızıya bürünür,
Kəsdiyin qırmızı lentlər
Bir-bir kəndirə dönür,
Keçir cocuqların boynuna…

***

Sənin avazına uymaram daha,
Bəmin də yalandı, zilin də, dünya.
Mərhəmət ummaram, ummaram daha,
Boğulub ölsəm də əlində, dünya.

Hardadı cəhənnəm, hardadı cənnət?
Qoy heç kim qoymasın boynuma minnət.
Bu yanın qaranlıq, o yanın zülmət,
Dirin də bədbəxtdir, ölün də, dünya.

Çəkdiyim əzablar müvəqqətimi?
Ayrılıq insanın son qismətimi?
Odunda yaxdığım məhəbbətimi
İndi axtarıram külündə, dünya.

Elə hey yarayar, düzələr dedim,
Mən xəyal becərdim, mən ümid yedim.
Vaxtında yola sal, yola sal, gedim,
Yük olub qalmayım belində, dünya.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ