SON DƏQİQƏ

PressDent.Info

Turistlərin haqqı əzizdir, bizim haqqımız ucuz?

Turistlərin haqqı əzizdir, bizim haqqımız ucuz?
17-04-2018, 19:56 12615 dəfə baxılıb

Dünəndən mətbuatda xəbər dolaşır ki, Bakıda bir turistə qarşı qanunsuz hərəkətlərə yol verən polis serjantı polis orqanlarından xaric edilib. Həm də birbaşa Daxili işlər naziri Ramil Usubovun əmri ilə. Bu gün bir sayt yazır ki, Daxili işlər orqanlarından uzaqlaşdırılan şəxs serjant deyil, Abbasəli adlı polis baş leytenantıdır. Bizim maraq dairəmizə daxil olan məsələ hüquq-mühafizə orqanlarından uzaqlaşdırılan həmin şəxsin kimliyi və ya rütbəsi deyil. Əsas məsələ nazirin xarici ölkə vətəndaşının pozulan hüququna yanaşmasında və onun qorunması ilə bağlı verdiyi qəti qərardadır. Əlbəttə, ölkəyə gələn xarici qonaqlara qarşı hər hansı hörmətsizlik və qanunsuzluq qəbuledilməzdir. Bir ölkəni turizm üçün cəlbedici edən ilkin şərt ordakı təhlükəsizlik və sərbəstlikdir ki, bunu təmin etmək də hüquq-mühafizə orqanlarının vəzifəsidir. Amma o hüquq-mühafizə orqanlarının vəzifəsi həm də ölkə vətəndaşlarının hüququnu qorumaqdır axı. Hüququ pozulan turistin məsələsinə birbaşa özü qarışan və ən sərt ölçü götürən nazir ölkə insanına münasibətdə niyə ayrı-seçkilik edir? Niyə hər gün ölkədə baş verən yüzlərlə qanun pozuntusuna görə ölkə vətəndaşları illərlə məhkəmələrdə sürünə-sürünə qalır? Niyə ölkədə baş alıb gedən ədalətsizliklərdən zülm çəkən insanların hüquqlarını qorumalı olan polis bu qanunsuzluqların birbaşa iştirakçısına çevrilib? Niyə bu ölkədə insanların asayişinə birbaşa məsul olan nazirlik turistin hüququnu toxunulmaz, bizimkini heç sayır?
Bu gün ölkədəki hüquqsuzluqlardan cana yığılan insanlar niyə beynəlxalq məhkəməyə üz tutur? Sualın cavabı aydın deyilmi? Bu il açıqlanan rəsmi statistikaya baxın… Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) illik hesabatına görə, onlara ən çox şikayət olunan 7 ölkədən biri Azərbaycandır. Hazırda məhkəmədə 2050 şikayət baxılmasını gözləyir. Ümumilikdə, 2017-ci ildə Azərbaycandan daxil olan şikayətlərdə ciddi şəkildə artıb. 2017-ci ildə qurumua 679 şikayət daxil olub ki, bu rəqəm 2016-cı ildə 331, 2015-ci ildə isə 268 olub. Hesabatda qeyd olunur ki, ötən il AİHM-da Azərbaycanla bağlı 26 qərar verilib. Ən çox azadlıq və toxunulmazlıq (11 işdə), ədalətli məhkəmə araşdırması (16) və birləşmək (16) hüququnun pozulduğu vurğulanır. Azərbaycanla bağlı indiyədək 148 qərar verilib. Ən çox ədalətli məhkəmə araşdırması (60 işdə), azadlıq və toxunulmazlıq (45 işdə) hüquqları pozulub.
Yeri gəlmişkən, bu qanunsuzluqlara son razılaşdırılmış etiraz aksiyalarında polis idarələrinə çağırılan və inzibati həbs verilən yüzlərlə müxalifətçinin pozulan hüquqları da sübutdur. Qanunçuluq bir ölkəni xoşbəxt və təminatlı edən əsas şərtlərdən birincisi, ondan bəhrələnmək də hər kəsin haqqıdır. O haqqı xarici vətəndaşa tanıyıb, öz vətəndaşına çox görmək hansı ölçüyə sığır görəsən? Xarici vətəndaşın haqqı əzizidir, ölkə vətəndaşının haqqı ucuz?

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ