SON DƏQİQƏ

PressDent.Info

“Bunun nəyi “sosial ev” oldu?!”

“Bunun nəyi “sosial ev” oldu?!”
9-04-2018, 20:07 13311 dəfə baxılıb

Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA), ilk layihəsi – Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştli satışına May ayının 7-dən start verəcəyini açıqlayıb (Daha ətraflı burada).

Cəmiyyətdə “sosial ev” adlandırılan mənzillərin güzəştli satışı layihəsi Azərbaycan vətəndaşlarının bir çoxunu məyus edib.

İlk öncə qeyd edək ki, satışa 260 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli təklif olunur. 1 otaqlı mənzillər 31-33 kv.m, 2 otaqlı mənzillə 54-57 kv.m, 3 otaqlı mənzillər isə 69-70 kv.m təşkil edir.

1 otaqlı mənzillərin qiyməti 29 925 manatdan, 2 otaqlı mənzillərin qiyməti 47 282 manatdan, 3 otaqlı mənzillərin qiyməti isə 65 626 manatdan başlayır.

Mənzillər 3-30 illik ipoteka ilə təklif olunur. İlkin ödəniş 10%-dir. Mənzil 30 il müddətinə ipoteka ilə alındıqda 1 otaqlı üçün aylıq ödəniş 129-136 manat, 2 otaqlı üçün 203-236 manat, 3 otaqlı üçün isə 282-288 manat təşkil edir.

Mənzili nağd alanlara 10% endirim də ediləcək.

Sadə hesablamadan (mənzilin qiymətini sahəsinə bölməklə) məlum olur ki, MİDA təmirli mənzilin 1 kavdrat metrini təxminən 950 manatdan satır. Sosial şəbəkdə yazılanlardan və ekspertlərin şərhlərindən məlum olur ki, bu qiymət sosial mənzil prinsiplərinə uyğun deyil.

Qeyd edək ki, yuxarıda qeyd edilən sahələr mənzillərin daxili perimetr üzrə sahələridir. Mənzilərin xarici perimetr üzrə sahələri daxili perimetr üzrə sahələrindən təxminən 8-13 kv.m çoxdur. Mənzillərin xarici perimetr üzrə sahəsi götürüldükdə 1 kv.m-in qiyməti təxminən 750-800 manata düşür.

MİDA-nın ilk layihəsi şəhərdən kənarda, Yasamal rayonunda “Qanlı göl” adlanan ərazidədir. Sosial şəbəkə istifadəçiləri iddia edirlər ki, bu ərazi üçün, dövlətin güzəştəri ilə tikilən mənzillər 950 manata bahadır.

Marja.az” olaraq müqayisə üçün qeyd edə bilərik ki, “Neftçilər” və “Qara Qarayev” metro stansiyalarının yaxınlığında 1 kv.m-i 1250-1350 manatdan təmirli mənzil almaq mümkündür. Üstəlik 25 illik güzəştli və adi ipoteka imkanları mövcuddur. Təkrar bazardan daha ucuz qiymətərə mənzil almaq olar. Az bir fərqə görə, şəhəri kənara dəyişmək doğru seçim olmaz.

MİDA-nın nəzərinə çatdıra bilərik ki, tikdiyi kompleksə çox yaxın ərazidə – Lökbatanda özəl tikinti şirkətlərindən biri təmirsiz mənzilin 1 kv.m-ni 600 manatdan təklif edir. Bu qiymətin üzərinə 250 manat təmir xərcini əlavə etsək qiymət 850 manata çatır.

“BƏS AİLƏ NƏ YEYİB-İÇƏCƏK?!”

Ümumiyyətlə, sahəsi 70-80 kv.m civarında olan mənzillər normal hesab edilir. Bu sahədən kiçik mənzil müəyyən çətinliklər yaradır.

MİDA-nın elanından məyus olanlar bildirirlər ki, 300-500 manat əməkhaqqı alan əsl müəllim, həkim və ya digər dövlət işçisi üçün aylıq 288 manat ödəniş yüksəkdir: “Bunun nəyi sosial mənzil oldu. 300-500 manat maaş alıb, bunun 200-300 manatını evə ödəsək, bəs ailə nə yeyib-içəcək?!”.

Bir çoxları hesab edir ki, otaqları çox kiçik olduğundan 1-2 otaqlı mənzilləri almağa dəyməz.

“GÜZƏŞTLİ MƏNZİLİ ALMAQ HÜQUQUNA MALİK ŞƏXSLƏRİN KATEQORİYASI GENİŞLƏNDİRİLMƏLİDİR”

Digər çoxsaylı fikirlərə görə, güzəştli mənzillər yalnız dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarda çalışanlara satılmamalıdır (Güzəştli mənzili kim ala bilər?) Özəl sektorda çalışan aztəminatlı ailələrin də yaşayış səviyyəsinin artırılmasına diqqət gösərilməlidir.

“Şətləri elə qoyublar ki, əksər insanlar yararlana bilməyəcək”.

“Ala biləcək şəxslərin siyahısına baxdım, əhalinin 60%-i bu mənzillərdən yararlana bilmir. Bu sadəcə imkanlı şəxlərin daha da imkanlaşmasına şərait yaradır. Götürək idman dərəcəsilə xaricdə fərqlənənləri: dövlət onsuzda əksəriyyətinə qayğı göstərib -bəziləri hətta harınlayıb, idmanı atıb, biznesə keçib. Bu da həmin hallara hesablanıb. Alacaqlar və kirayəyə verəcəklər”,- sosial şəbəkə istifadəçiləri yazırlar.

Qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev, müvafiq müqavilədə mənzilin 3 il müddətində özgəninkiləşdirilməsinə, habelə icarəyə və kirayə verilməsinə məhdudiyyət nəzərdə tutulacağını demişdi.

10% ilkin ödənişin tələb edilməsi də tənqid edilir. Hesab olunur ki, sosial mənzil ilkin ödənişsiz olmalı idi.

“MƏNZİLLƏRİN NAĞD SATILMASI SƏHV QƏRARDIR”

Ən çox tənqid edilən məqamlardan biri mənzillərin nağd satılmasıdır: “Adın sosial ev qoyublar. Nağd satış düzgün fikir deyil. İmkanı olan şəxslər mənzilləri nağd əldə edib, sonra gəlir məqsədilə istifadə edə bilərlər. Həmçinin mənzilləri öz adamlarına nağd satıb, sonra ad qoyulacaq ki, mənzillər satılıb qurtarıb”.

Digər fikirlərə görə, 65 626 manat nağd pulu olan şəxs aztəminatlı hesab edilə bilməz. Bu məbləğdə pulu olan özünə ev tikə və ya üstünü bir az düzəldib Bakının yaxşı yerindən mənzil ala bilər. Mənzillərin nağd satılması səhv qərardır.

Marja.az-ın sosial şəbəkələrində MİDA-nın elanı əsasında paylaşılmış xəbərə çoxsaylı iradlar yazılıb, MİDA tənqid edilib.

“BELƏ MƏNZİL TƏLƏBƏ QIZLARA LAZIM OLA BİLƏR”

Qeyd edək ki, 25 illik ipoteka ilə aylıq ödənişlərin 129-288 manat olması mənzillərin kvadratının kiçik olması ilə əlaqədardır. 31 kvadratlıq 1 otaqlıya mənzil demək olmaz. Belə mənzil yalnız tələbə qızlara lazım ola bilər. Ən yaxşı halda 1 otaqlı mənzillər 50-60 kv.m, 2 otqlı mənzil 70-80 kv.m, 3 otaqlı mənzillər isə 90-110 kv. m civarında olmalı idi. Böyük ehtimalla, MİDA aylıq ödəniş məbləğinin aşağı məbləğlərdə olması üçün mənzillərin sahələrini çox kiçik layihələndirib. Düzdür, sosial mənzillər saray olmamalıdır, lakin mənzilləri də yararsız etmək doğru deyil. Axı vətəndaş 30 il borc ödəyəcək!

Digər bir məqam ipoteka müddətinin 25 il deyil 30 il olmasıdır. Müddətin uzadılması aylıq ödənişin aşağı düşməsilə nəticələnib.

“NİSBƏTƏN UCUZ EV STATUSUNA UYĞUN GƏLİR”

Tanınmış iqtisadçı-ekspert Samir Əliyev də bildirib ki, MIDA-nın satışa çıxardığı mənzillərin qiyməti (1 kv.m – 940-950 AZN) heç də aşağı deyil və Sosial ev statusuna cavab vermir: “Olsa-olsa nisbətən ucuz ev statusuna uyğun gəlir. Halbuki, MİDA br çox xərclərdən azaddır. Hansısa özəl şirkət bu qiymətə satış etsəydi, bunu normal qarşılamaq olardı. Amma əlində dövlətin resursları olan, özəl şirkətlərdən fərqli olaraq əlavə qeyri-rəsmi ödənişlərdən azad olan MİDA-nın mənzilləri daha ucuz olmalı idi”.

Qısası tənqidlərdən belə qənaətə gəlmək olar ki, Mənzil İnşaatı Dövlət Agentliyinin işi bəyənilməyib və çox ümidlər puç olub. Satış şərtləri, layihədə tikinti işlərinə cəlb edilmiş şirkətlərin maraqlarına daha çox uyğun gəlir. Bəlkə, MİDA düzgün model seçməyib? Bu, maraqlı müzakirə mövzusudur.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ