SON DƏQİQƏ

PressDent.Info

AzTV sədri prezidentin göstərişindən “ilhamlanıb biznesə başlayıb”

AzTV sədri prezidentin göstərişindən “ilhamlanıb biznesə başlayıb”
16-03-2018, 21:44 4263 dəfə baxılıb

AzTV-nin rəhbəri Arif Alışanov, onun qızı və bacısı oğluna qarşı sui-qəsdlə bağlı cinayət işində diqqətçəkən məqamlardan biri tərəflər arasındakı milyonluq razılaşmalardır. Bir ildən çox davam edən istintaqdan sonra prokurorluq belə nəticəyə gəlib ki, Alışanov Şamaxıda hektarlarla torpaq sahələri almaqdan ötrü bir neçə dəfəyə vasitəçi Şücayət Əkbərova 4 milyon 641 min manat pul verib. O isə həmin pulları mənimsəyib, sonra da bu işin üstünün açılmaması üçün Alışanovu və Şamaxıya onunla birlikdə gələn qızı Nigarı, bacısı oğlu Dəyanəti öldürmək istəyib.

İndi müttəhimlər kürsüsündə olan Ş.Əkbərov tələb edir ki, məhkəmə həm də AzTV sədrinin o milyonları haradan aldığını müəyyənləşdirsin. Bu vəzifənin sahibi bizneslə məşğul ola bilərdimi – bu suala cavab tapılsın.

«Qohumlarım səlahiyyəti mənə vermişdilər»

Hakim «bəlkə, ona milyonlar babasından qalıb» arqumenti ilə pulun mənbəyini araşdırmaqdan imtina edib. Alışanovun məhkəmədəki nümayəndələri isə onun dövlət məmuru olmadığını iddia ediblər: «Çünki AzTV qapalı səhmdar cəmiyyətdir».

Bəs A.Alışanov özü nə deyir? O, məhkəməyə gəlməkdən imtina etsə də, cinayət işinin materialları arasında 10-səhifəlik ifadəsi var. Və orada AzTV rəhbəri etiraf edib ki, Şamaxının Nağaraxana, Çuxuryurd, Mədrəsə və başqa kəndlərində hektarlarla torpaq sahələri almaqda məqsədi orada kənd təsərrüfatı ilə məşğul olmaq, qoz-fındıq bağları salmaq və turizm obyektləri tikmək olub. AzTV sədri deyir ki, prezident İlham Əliyevin kənd təsərrüfatı və heyvandarlığın zəruriliyi ilə bağlı göstərişlərindən sonra bu işlə məşğul olmaq qərarına gəlib:

«Cənab İlham Əliyevin kənd təsərrüfatının və heyvandarlığın inkişafının zəruri olması ilə bağlı göstərişlərindən sonra 2012-ci ildə mən qardaşım Habil, yeznəm Vidadi Cəfərov, qayınlarım Etibar, Natiq Bağırovları da Şamaxı rayonu ərazisində vətəndaşlardan pay torpaq sahələrinin alınmasına və kənd təsərrüfatı ilə məşğul olmağa cəlb etdim. Şücayət Əkbərovdan da yerli sakinlərdən torpaqların satın alınmasında mənə köməklik göstərməsini xahiş etdim. 2012-ci ildən 2016-cı ilə qədər mənim təşəbbüsümlə qardaşım Habil 200 min, yeznəm Vidadi 200 min, qaynım Etibar 1 milyon 800 min, qaynım Natiq 3 milyon 500 min, mən isə 500 min manat pul qoyub, kənd təsərrüfatı və turizmlə məşğul olmaq qərarına gəldik. Qohumlarım pullar üzərində sərəncam vermək səlahiyyətini mənə vermişdilər. Mən təkbaşına qərar verirdim ki, hansı ərazilərdə nə qədər, neçəyə torpaq, texnika alınsın, hansı məhsullar yetişdirilsin. Şamaxıya xaricdən mütəxəssislər dəvət edib rayonun hansı ərazilərində qoz və fındıq bağlarının salınmasının mümkünlüyünü müəyyən etmişdim».

Danışıqlar ancaq Alışanovla aparılıb

Cinayət işinin materiallarından da görünür ki, Ş.Əkbərovla torpaq alqı-satqısı üçün bütün danışıqlar ancaq A.Alışanovla olub, onun adlarını çəkdiyi qohumlarından heç biri ilə yox.

Ş.Əkbərova qəsdən adam öldürməyə cəhdlə yanaşı, həm də dələduzluq ittihamı verilib. Aldadılıb əmlakı ələ keçirilən zərərçəkmiş kimi isə yalnız A.Alışanov tanınıb. Bu da o deməkdir ki, istintaq da verilmiş bütün pulların Alışanova məxsusluğu qənaətinə gəlib.

A.Alışanovun ifadəsindən o da məlum olur ki, Ş.Əkbərov Şamaxının hansısa kəndində torpaq satıldığı haqda məlumat verəndə əraziyə baxmaq, yaxud da pulu ödəmək üçün AzTV-yə məxsus «Toyota Land Cruiser» markalı xidməti avtomobili ilə rayona gedib. Pul ödənişləri bir neçə dəfə AzTV-nin binasında – Alışanovun xidməti otağında həyata keçirilib. Bunu Alışanov özü ifadəsində bildirib.

AzTV rəhbəri deyir ki, torpaq sahibləri ilə özü görüşməyib. Onun sözlərinə görə, özü belə istəyib. Ş.Əkbərova deyib ki, torpaq sahibləri ilə özü görüşüb məsələni razılaşdırsın. Şücayət də hər dəfə yeni torpaq sahəsi satılanda ona yeri, qiyməti haqda məlumat verib, o da razılaşdısa, ona pulunu verirmiş.

Torpaq sahələri sürücüsünün adına rəsmiləşdirilib

Alışanov pulunu ödəyəndən sonra Ş.Əkbərovdan həmin torpaq sahələrinin bir çoxunun sürücüsü Hacı Babayevin adına rəsmiləşdirilməsini istəyib. Rəsmiləşdirmə həyata keçirilib, hətta sürücünün adına çıxarışlar da alınıb. AzTV rəhbəri deyir ki, Şücayətin həbsindən sonra bu məsələdə də aldadıldığını öyrənib:

«Öyrəndim ki, Şamaxı rayonunun Nağaraxana kəndinin mənə göstərdiyi ərazisindən yox, Kürdəmir rayonunun ərazisindən, hektarı 500 manata satılan torpaqları mənə 50 min manatdan satıb. Şücayət Əkbərovun Nağaraxana kəndi adı ilə mənə satdığı 21.82 hektar sahənin hamısı Kürdəmir rayonunun Karrar kəndi ərazisindədir. Mən çıxarışlara baxanda orada torpağın Şamaxı rayonunun Nağaraxana kəndi ərazisində olması göstərilmişdi. Sonradan bilmişəm ki, həmin torpaqlar faktiki Kürdəmir ərazisinə düşür. Çünki Nağaraxana kəndinin bir hissəsi Kürdəmirin ərazisidir».

Alışanovun deməsinə görə, o, Şamaxı adıyla Kürdəmir torpaqlarına 1 milyon 125 min manat pul verib. Bir xeyli torpaq sahələri də olub ki, pulu verilsə də, heç bir rəsmiləşmə olmayıb: «Hər dəfə rəsmiləşmə üçün Şamaxıya gedəndə bir bəhanə tapırdı. Ya deyirdi ki, notarius yoxdur, ya torpağın sahibi evdə yoxdur…».

AzTV sədri deyir ki, o, Ş.Əkbərovun onun verdiyi pullara kənd təsərrüfatı təyinatlı torpaqlar aldığını düşünərək, onların istifadəsi üçün digər tərəfdən də özü bacısı oğlu Dəyanətin vasitəsilə texnikalar alırdı. Gəncədə fəaliyyət göstərən zavoddan traktorlar alıb, həmçinin başqa texniki avadanlıqların lizinqlə alınmasını Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırıb. Onun sözlərinə görə, həmin texnikanın bir hissəsini də Şücayət özünün və həyat yoldaşının adına rəsmiləşdirib. Özü Şücayətdən bunu xahiş edib. Sonradan alınan texnikanı yığmağa yer də tapılmayıb…

Məhkəmədə ifadə verərkən Ş.Əkbərov özünü təqsirli bilməyib və AzTV rəhbərinin onu şərlədiyini bildirib.

Bu iş üzrə məhkəmə araşdırmaları davam edir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ