SON DƏQİQƏ

PressDent.Info

Zakir Fərəcov 66 sahibkarın obyektini yerlə yeksan edib

Zakir Fərəcov 66 sahibkarın obyektini yerlə yeksan edib
7-02-2018, 15:23 6003 dəfə baxılıb

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 9-cu mikrorayon ərazisində abadlıq adı ilə 66 sahibkarın obyektini sökdürüb.

Bu barədə Gununsesi.info-ya verilən məlumatda qeyd olunur ki, hadisə 2017-ci ilin may ayında baş verib. Bu zaman 19 may 2017-ci il tarixli 554 saylı Sərəncama əsasən, onlara yeni obyektin tikilib veriləcəyinə dair zəmanət məktubu verilib.

İcra hakimiyyəti başçısının müavini Sahib Quliyevin imzaladığı zəmanət məktubunda deyilir: “Sumqayıt şəhərinin baş planına, memarlıq və şəhərsalma prinsiplərinə riayət edilməsi, şəhərsalmanın nizamlı inkişafının təmin edilməsi məqsədilə şəhərdə aparılan bərpa, yenidənqurma və abadlıq işlərinin davamı olaraq 9-cu mikrorayon ərazisində yerləşən müasir memarlıq tələblərinə cavab verəcək yeni Ticarət Mərkəzinin tikintisi layihələndirilir.

İnşa olunacaq yeni Ticarət Mərkəzində hazırda mülkiyyətinizdə olan 9 kv.m ticarət sahəsinin əvəzinə Sizin mülkiyyətinizə 18 kv.m  təmirsiz ticarət mərkəzi veriləcəkdir”.

(Zəmanət məktubunun fotosu) 

Lakin verilən vədin üzərindən 9 aya yaxın vaxt keçməsinə baxmayaraq, heç bir tikinti işinə başlanmayıb. Dünən isə 66 sahibkar şikayət üçün Prezident Administrasiyasına üz tutmalı olublar. Gün ərzində onları 2 dəfə Prezident Administrasiyasından Sumqayıt Şəhər İcra Hakimiyyətinə, oradan da Admistrasiyaya get-gelə salıblar. Onlara verilən cavab isə sahibkarların işini, hələ ki, qeyri-müəyyənlikdə saxlayır.

66 sahibkardan biri Yusif Məmmədov Gununsesi.info-ya deyir ki, “Şərq” bazarının rəhbəri olmuş Rəşid Babayev bazara bitişik bu obyektləri onların əllərindən almaq üçün 7 ildir çarpışır. Dəfələrlə obyektlərin guya qanunsuz özəlləşdirilməsinə dair məhkəmə iddaları qaldırılsa da, qərarlar sahibkarların xeyrinə çıxarılıb:

“9-cu mikrorayonda, “Şərq” bazarı adlanan ərazidə 66 sahibkarın mağazası 1994-cü ilin vahid sərəncamı, vahid layihə əsasında inşa olunub. Həmin obyektlərın hamısının Dövlət Əmlak Komitəsindən çıxarışları da var.  1994-cü ilin sərəncamıda qeyd olunur ki, sahibkarlığın inkişafı ilə əlaqədar olaraq, “Şərq” bazarının ərazisində yer ayrılsın. Sahibkarlar da vahid layihə əsasında orada obyektlərini tikiblər. Daha sonra bazarın direktoru Rəşid Babayev iddia edirdi ki, bizim obyektlər qeyri-qanunidir. Halbuki həmin mərkəz tikilib, özəlləşdiriləndə Rəşid Babayev icra hakimiyyətinin balansında olan “Şərq” bazarının sadəcə direktoru idi. Babayevin bu yersiz iddiası bu günə kimi davam elədi. 2010-cu ildə Rəşad Babayevin sahibkarlara məxsus mağazaların qanunsuz yolla özəlləşdirilməsinə dair Sumqayıt Şəhər İnzibati İqtisad Məhkəməsinə müraciət etmişik. Proses Ali Məhkəməyə qədər getdi. Bütün məhkəmə instansiyalarının hamısı birmənalı olaraq, həmin obyektlərin 66 sahibkara məxsus olduğunu təsdiqlədi. Bundan narazı qalan Rəşid Babayev bizim “kupça”ların qanunsuz olmasına dair yenidən məhkəmə iddiası qaldırdı. Bu iddiadan da bütün məhkəmə instansiyaları xeyirimizə qərar çıxararaq, obyekləri bizim mülkiyyətimiz olaraq tanıdı”.

(Obyektlərin Çıxarışının fotosu)

“2017-ci ilin may ayında Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi dəyişildi və Zakir Fərəcov icra başçısı təyin olundu. Rəşid Babayevin 30 il işlətdiyi bazar, həqiqətən, yarasız vəziyyətdə idi. İcra hakimiyyəti qərara gəldi ki, bazar sökülsün və yeni ticarət mərkəzi tikilsin. Biz sahibkarlar buna razı olduq. Bizim hər birimizə zəmanət məktubu verdi ki, bazar tikiləndən sonra hər bir sahibkarın mülkiyyəti özünə qaytarılacaq”-şikayətçi deyir.

Y.Məmmədov əlavə edir ki, bütün bunlara baxmayaraq, 2017-ci ildən bu tərəfə sökülən bazar hələ də tikilmir: “Bizə çatan məlumata görə, Rəşid Babayev tikintiyə mane olur. Biz Zakir Fərəcova müraciət edirik ki, əgər Rəşid Babayev mane olursa, o zaman 66 sahibkara məxsus ərazini bizə versin, özümüz tikib fəaliyyətə başlayaq”.

Nəticədə vaxt uzandıqca, sahibkara dəyən ziyanın məbləği də artır. “Hər birimizin dükanına Dövlət Əmlak Komitəsi tərəfindən 30 min manat dəyər qoyulub. Bundan əlavə, 9 aya yaxındır ki, işsizik. Mən 167 manat təqaüd alıram. Hazırda ailəmi bu pulla dolandırmağa məcbur qalmışam. 66 sahibkarın arasında təqaüd almayanlar da var, hazırda çörəksiz qalıblar”-Y.Məmmədov deyir.

(Əmlakın dəyərinə dair Arayışın fotosu) 

Digər sahibkar S.Cabbarov da deyir ki, onlara qısa bir zamanda ticarət mərkəzinin tikilib istifadəyə veriləcəyinə dair söz verilib: “Artıq 9 aydan çoxdur ki, heç bir tikinti işi aparılmır, sahibkarlar işsiz qalıblar. Yeni iş yeri tapa bilmədiklərinə görə sosial vəziyyətləri gündən-günə ağırlaşır”.

Aydın Həsənov adlı dükan sahibi isə bildirir ki, şəhəri abadlaşdırma adı altında obyektlərini sökdülər: “Nə qədər dedik ki, “bizim mülkiyyətimizdir, belə davana bilməzsiniz”, sözümüzə baxmadılar. İcra hakimiyyəti bizə obyektlərin geri qaytarılacağı ilə bağlı zəmanət məktubu verib. Sonra da deyirlər, obyektləri “Şərq” bazarının sahibi söküb. Əgər o sökürsə, zəmanəti icra hakimiyyəti niyə verib? Bu obyektlərin bizim sənədli mülkiyyətimizdir”.

Sahibkarlar tək ümid yerini prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya ediləcək müraciətdə görürlər. Sahibkarlar bu məsələyə son qoyulmasını və yeni ticarət mərkəzinin tikintisinin sürətləndirilməsini xahiş edirlər.

“Prezident Adminsitrasiyasına şikayətə gəlmişik. Bizi Qəbul şöbəsində qəbul etdilər və Sumqayıt Şəhər İcra Hakimiyyətindən müvafiq adamlarla əlaqə yaratdılar. Bizə dedilər ki, gedin icra hakimiyyətinə, sizi qəbul edəcəklər. Sumqayıta geri dönüb, icra hakimiyyətinin Qəbul şöbəsində Babayev Mövlan müəllimin qəbulunda olduq. O bizə bildirdi ki, onlara heç bir tapşırıq verilməyib. Ona görə də, yenidən Prezident Administrasiyasına gəldik. Bizə dedilər ki, prezdentin məsələyə baxması üçün ərizə ilə müraciət edin. Biz də ərizə yazdıq”-deyə şikayətçilər söylədilər.

Qeyd edək ki, məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Hüquq şöbəsindən Gununsesi.info-ya bildirdilər ki, obyektləri icra hakimiyyəti deyil, “Şərq” bazarının rəhbərliyi sökdürüb: “Sahibkarlar bazarın rəhbərliyi ilə bu məsələni həll etsinlər”.

“Bəs icra hakimiyyəti başçının müavininin imzası ilə zəmanət məktubu var. Həmin zəmanət məktubu nə üçün verilib?” sualına gəldikdə isə icra hakimiyyətinin hüquqşünası bu haqda məlumatsız olduğunu bildirdi.

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ