SON DƏQİQƏ

PressDent.Info

Mingəçevir və mingəçevirlilərin bitib-tükənməyən su dərdi

Mingəçevir və mingəçevirlilərin bitib-tükənməyən su dərdi
25-09-2017, 12:25 5394 dəfə baxılıb

İlham Əliyevin “Azərsu” ASC-yə ayırdığı milyonlar yetmir

Əhaliyə lilli suyu pulla satan Qorxmaz Hüseynov büdcəni həm də şəhid bulaqlarının hesabına doldurmaq istəyir

Bu ilin yayında Mingəçevirdə şəhid bulaqlarına smartkart tipli sayğacların quraşdırılması məsələsi gündəmi yetərincə silkələdi. Xatırladaq ki, o zaman şəhərin ən yarıtmaz xidmət sahələrindən biri(ncisi) olan Mingəçevir su-kanal idarəsinin rəisi Mustafa Kərimov bu addımlarını həmin bulaqların köhnə şəbəkədən qidalanması ilə izah etmişdi. Onun sözlərinə görə, təzə şəbəkədən qidalanması üçün texniki şərtin alınması, sayğacın quraşdırılması və s. tələb olunur və həmin su şəbəkələri istismara yararsız olduğundan suyun verilişi dayandırılıb. Şəhid bulaqları şəhərin ümumi balansında yox, fərdi istifadə kimi qeydiyyata alındığından suyun verilməsi də sayğacla tənzimlənir.

Şəhid ailəsinin 5 manatına möhtac qurum – “Azərsu” ASC!

Qeyd edək ki, problemi ilk olaraq şəhid Şaiq Mustafayevin həyat yoldaşı Arzu Mustafayeva qaldırmış, həyat yoldaşının xatirəsinə çəkilən bulaqdan daim suyun gəlməsi üçün aybaay 5 manat ödədiyini söyləmişdi. Mingəçevir şəhər İcra Hakimiyyətindən şəhidin adını daşıyan bulağa sayğacın quraşdırılmasının birbaşa “Azərsu” ASC-nin səlahiyyətlərində olduğu bildirilmişdi.

Sakinlərin təşəbbüsü ilə şəhidlərin xatirəsinə çəkilən bulağa sayğac quraşdırılması ilə bağlı məlumatlara ən təzadlı açıqlama “Azərsu” ASC-nin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllıdan gəlmişdi. Sitat: “Bu gün ölkədə 9 mindən çox yaşayış binası var. Hər binanın qarşısında 3 sahibsiz kran olarsa, o zaman biz təbii ki, zərərlə işləməli olarıq. Həmçinin, bəzi şəhidin adına açılan bulaqlardan şəxsi evlərə, restoranlara, “moyka”lara suyun verildiyinin (?! – red.) də şahidi olmuşuq. Onlar şəhid bulaqlarının adından istifadə edərək oradan su oğrayıblar. Biz də bu kimi sui-istifadə hallarının qarşısını almaq, itkiləri minimuma endirmək, əhalini vaxtında su ilə təmin etmək üçün bu bulaqların hamısının qeydiyyatını aparırıq. Bu iş o sıradan Mingəçevirdə də icra olunur. Şəhid ailəsi istəyirsə, onun övladının adını daşıyan bulaqdan su axsın, bunun üçün bizə müraciət etməli və ora sayağac quraşdırılmalıdır. Suyun dəyərini ödəməklə sözügedən bulaqdan istifadəyə icazə veriləcək. Əks halda bu mümkün deyil”.

Anar Cəbrayıllı 3 gün içində sözünü geri götürdü, amma problem həll olunmamış qalır

Qəribədir ki, bu sərt açıqlamdan qısa müddət sonra qurum Mingəçevir şəhərindəki “Şəhid bulağı”nda sudan istifadə haqqını “Azərsu” ASC-nin ödəyəcəyinə dair məlumat yaydı. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, bu barədə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov qərar verib. A.Cəbrayıllı faktla bağlı araşdırma aparıdığını və problemin həllini tapdığını söylədi: “Hazırda Mingəçevirdəki “Şəhid bulağı”nda mexaniki sayğac quraşdırılıb. Bu, suyun sərfiyyatını bilmək üçündür. Buna görə şəhid ailəsi heç bir məbləğ ödəməyəcək. Həmin pul “Azərsu” ASC-nin hesabına ödəniləcək. Amma bu, yalnız şəhidlərin xatirəsinə tikilən bulaqlara aiddir”.

Ancaq bu günlərdə məlum olub ki, problem heç də tam həllini tapmayıb. Bunu “Azadlıq”a üz tutan şəhid analarının müraciəti də sübut edir. Şəhid anası Şəfiqə Şahmarqızının sözlərinə görə, öz vəsaitləri hesabına bulaq düzəltdirib su çəkdiriblər. Amma “Azərsu” Mingəçevirə su sayğacı quraşdırandan sonra şəhid bulaqlarına gələn suyu kəsib: “Dedilər ki, yeni sayğaclar suyun sərfiyyatını bilmək üçündür, buna görə şəhid ailəsi heç bir məbləğ ödəməyəcək, pul “Azərsu” ASC-nin hesabına ödəniləcək. Bəs hanı?”

Tarixə qısa bir ekskurs

Ümumiyyətlə, mingəçevirlilər şəhər yaranandan heç vaxt su qıtlığı ilə üzləşməyiblər. Ölkənin əksər bölgələrindən, özəlliklə də paytaxt Bakıdan fərqli olaraq, sutkanın bütün saatlarında evlərə təzyiqlə su gəlib. Lakin nə keçmiş SSRİ dönəmində, nə də bu gün əhaliyə verilən suyu qaydasında təmizləmək nədənsə yada düşməyib. 1953-cü ildə bir təmizləyici qurğu tikilib, su-təmizləyici qurgu isə olmayıb. 1971-ci ildə sutəmizləyici qurğu istifadəyə verilib. Ancaq inşasında qüsura yol verildiyi üçün 1985-ci ildə o qurğunun istismarı dayandırılıb. 90-cı illərin əvvəllərində dəyəri 1 milyon manat olan layihə hazırlanıb. Layihənin bir hissəsini “Azərenerji”, digər hissəsini isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi öhdəsinə götürüb. Ancaq bu layihə də maliyyələşmə olmadığından yarımçıq dayandırılıb.

Beləcə, ölkənin Aran bölgəsində, Kür çayının sahilində yaşayan yüz mindən çox insan son 20 ildən artıq müddətdə (əslində elə bu gün də – red.) tullantı sularını içməyə məcbur olub.

Qeyd edək ki, Mingəçevirin mövcud su-kanalizasiya sistemi ötən əsrin 50-60-cı illərində inşa edilib. Həmin su-kanalizasiya sistemi 30-40 min nəfər əhali üçün nəzərdə tutulub. Hazırda şəhərin əhalisi qaçqın və məcburi köçkünlərlə birlikdə 125 min nəfərə çatır.

Nəhayət, 6 il öncə – 2011-ci il oktyabrın 4-də Mingəçevir şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması işləri çərçivəsində sutkada 30 min kubmetr su təmizləmək gücündə ultra süzgəcli təmizləyici qurğunun təməlqoyma mərasimi keçirildi. O zaman mərasimdə çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov dövlət başçısının göstərişi ilə ayrılan büdcə vəsaiti hesabına 11 rayonda su-kanalizasiya sisteminin yenidən qurulması layihəsinin həyata keçirildiyini bildirdi. Layihənin əsas hədəfinin əhalini təmiz içməli su ilə təmin edilməsi olduğunu söyləyən Q.Hüseynov bu işlərin il yarıma başa çatdırılacağına söz versə də, təməlqoyma mərasimindən qısa bir sürə sonra işlər yarımçıq saxlanıldı. Səbəb qurğunun yerinin dəyişdirilməsi oldu.

Xatırladaq ki, o zaman layihənin ümumi dəyəri təxminən 130-150 milyon civarında olduğu açıqlanmışdı. Layihəyə görə, şəhərdə əhali artımının 2035-ci ilə qədər inkişafı nəzərə alınmaqla, 120,5 min nəfər üçün standartlara uyğun, yeni texnologiyaya əsaslanan və məhsuldarlığı sutkada 20 min kubmetr olacaq ultrasüzgəcli təmizləyici qurğu, şəhərin özüaxımlı rejimdə su təchizatının aparılması üçün 15 min kubmetr həcmində su anbarı, ümumi uzunluğu 250 km olan müxtəlif diametrli paylayıcı su şəbəkəsi inşa olunmalıydı. Şəhərdə yaranacaq çirkab suların toplanması üçün ümumi uzunluğu 223 km-ə qədər kanalizasiya şəbəkəsi, 3 ədəd kanalizasiya nasos stansiyası tikilməli, yaranacaq çirkab sular toplanaraq, məhsuldarlığı sutkada 25 min kub metr olacaq çirkab sutəmizləyici qurğusuna ötürülməlidir.

Bəs əslində vəziyyət necədir və mütəxəssislər nə fikirdədirlər?

Mövcud qanunvericilikdə içməli su təminatında fasiləsizlik, təhlükəsizlik və keyfiyyət əsas şərt kimi səciyyələndirilir. Ancaq bu gün mingəçevililərin istifadə etdikləri su nəinki içməyə, heç ağac suvarmağa da yaramır. Suda xırda çör-çöp, yosun, balıq, mamır – bir sözlə, nə olsa tapmaq mümkündür. Bu isə sakinlərin vaxtaşırı su kranlarını dəyişməsiylə nəticələnir. Hətta mənziilərə verilən sudan plastik borunun qoxusu gəlir.

“Mingəçevirdə əhaliyə verilən su içməyə yaramır”

Məsələylə bağlı “Azadlıq”a açıqlama verən Mingəçevir şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Əbil Ağayev bunları dedi: “Bu ilin yayında Sumqayıtda əsasən uşaqlar arasında kütləvi zəhərlənmə halı baş verdi. İlkin məlumatda zəhərlənən uşaqların krandan su içdikdən sonra bu hala düşdüklərini bildirildi. Həmin hadisədən dərhal sonra bizim təşəbbüsümüszlə Mingəçevir şəhərində əhaliyə verilən suyun keyfiyyət göstəricilərinə nəzarət məqsədi ilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən laboratoriya tədqiqat üsullarının tətbiqi ilə müayinələr və araşdırmalar aparıldı. Aparılmış araşdırmalar bir daha göstərdi ki, Mingəçevirdə əhaliyə verilən su içməyə yaramır”.

GEM-in direktoru bildirdi ki, araşdırmaların nəticəsiylə Mingəçevir şəhər İcra Hakimiyyəti, o cümlədən “Azərsu” ASC-nin rəhbərliyi məlumatlandırılıb. Onların bu müraciətindən sonra “Azərsu” ASC problemin həlli üçün Türkiyədən mütəxəssis dəvət edib. Ə.Ağayevin sözlərinə görə, məhz onların bu məsələyə müdaxiləsi və daim nəzarətdə saxlaması sayəsində hazırda əhalinin 40 faizinin istifadə etdiyi yeni su təmizləyici qurğulardan gələn su standartlara uyğun olaraq xlorlanır: “Suyun xlorlanması standartlara uyğun olaraq həyata keçirilir. Suyun tərkibinə vurulan xlorun yol verilən miqdarı 0,3-0,5 mq/l-dir”.

Yeri gəlmişkən, bəzi mütəxəssislər suyu xlorla təmizləməyi məsləhət görmür. Çünki bu kimyəvi maddə heç də bütün zərərli mikroorqanizmləri məhv etmir, onların çoxu sağ qalır, insan bədənini zəhərləməyə davam edir. Bu toksinlər xlorla əlaqəyə girib genetik səviyyədə pozuntulara səbəb olmaq gücündədir. Hətta tez-tez xlorlu su ilə duş qəbul etdiyiniz zaman xlorun böyük dozası dəri vasitəsilə orqanizmə daxil olur. Bu vaxt toksinlərin qana düşməsi 20-30% artır. Bəzi inkişaf etmiş ölkələr xlordan imtina ediblər, suyu ultrabənövşəyi şüalar, ozon vasitəsilə zərərsizləşdirirlər.

Ə.Ağayev onu da əlavə etdi ki, şəhərin su hövzəsi təbii və çökdürücü olmaqla, dövlət standartlarına tam cavab verir: “Bu hövzələrdəki suyu təmizləmədən də əhaliyə vermək olar. Ancaq bu o demək deyil ki, Mingəçevir su hövzəsində xüsusi təhlükəli infeksiyaların bakteriyalarına heç vaxt rast gəlinməyəcək. Məhz buna görə su ilk olaraq mexaniki təmizlənmədən keçməlidir. Yəni kiçik balıqlardan, həşəratlardan, çör-çöpdən təmizlənməlidir. Ardınca su bioloji və baktereoloji təmizlənmədən keçməli və yalnız bundan sonra ondan istifadə olunmalıdır”.

Mexaniki su sayğaclarındakı sərfiyyatla hesab-fakturadakı göstəricilər üst-üstə düşmür

Sakinlərin digər bir narazılığı mexaniki su sayğaclarındakı sərfiyyatla hesab fakturadakı göstəricilərinin üst-üstə düşməməsiylə bağlıdır. Sakinlərin sözlərinə görə, hesab fakturadakı göstəricilər istifadə etdikləri suyun real miqdarından çoxdur. Məsələn, sayğacın üzərində sərfiyyat 20 kub göstərdiyi halda idarənin əməkdaşlarının təqdim etdikləri hesab-fakturada bu rəqəm 40 kub qeyd olunur.

Su-kanal idarəsi əməkdaşlarının sözlərinə görə, işlədilən su sərfiyyatı yeni sayğaclar quraşdırıldıqdan təxminən 20 gün sonra idarənin balansına oturub, bu üzdən həmin su sərfiyyatı abonentlərin digər günlərdəki sərfiyyatına uyğun olaraq hesablanıb və bildiriş şəklində vətəndaşlara təqdim edilib.

Sakinlərə içməyə yaramayan su verilir, pulu isə artıqlamasıyla alınır

Yuxarıda su-kanal idarəsinin şəhərin ən yarıtmaz xidmət sahələrindən biri(ncisi) olduğunu nahaq vurğulamadıq. Təsadüfi deyil ki, bu gün Mingəçevir şəhər İH-nə vətəndaşlardan daxil olan müraciət və şikayətlərin böyük bir qismi su-kanal idarəsindən, onun rəhbərliyindən, mənzillərə verilən suyun istifadəyə yararsız olmasından, yeni sayğacları indiyədək binaların zirzəmilərində mövcud olan və istismar müddəti çoxdan ötmüş köhnə xətlərinə calayaraq çirkli suyu sakinlərə pulla satmasındandır.

Sakinlər təmiz sudan istifadə etmək üçün cürbəcür vasitələrdən istifadə etmək – suyu pambıqdan, tənzifdən, müxtəlif süzgəclədən keçirmək məcburiyyətində qalırlar.

Rəsmi məlumata görə, hazırda əhalinin 40 faizi yeni su təmizləyici qurğulardan gələn təmiz sudan istifadə edir. Lakin maraqlıdır ki, həmin o 40 faiz əhali də əksər hallarda sudan yuxarıda qeyd etdiyimiz üsullara əl atmaqla istifadə edir.

Hətta iş o yerə çatıb ki, icra hakimiyyətində keçirilən iclaslardan birində icra başçısı Niyazi Bayramov su-kanal idarəsinin rəisi Mustafa Kərimovu danlayaraq ona “Azərsu” ASC qarşısında məsələ qaldırmağı və Mingəçevir şəhərinin su məsələsini birdəfəlik həll etməyi tapşırıb.

Məcburi köçkünlər də suyun keyfiyyətindən narazıdırlar

Yeri gəlmişkən, bu günlərdə açılışında prezident İlham Əiyevin də iştirak etdiyi və 500-dən çox məcburi köçkün ailəsinin məskunlaşdığı şəhərciyin sakinləri etiraz aksiyası keçiriblər. Onların da əsas şikayəti mənzillərinə verilən suyun istifadəyə yararsız olmasıyla bağlı olub. Məcburi köçkünlərin sözlərinə görə, su xətlərindən axan maye həm rəngi, həm də dadına görə içməli sudan kəskin fərqlənir. Krandan gələn suyu süzmədən içmək mümkün deyil. Çirkli sudan istifadə sakinlərdə, ələlxüsus uşaqlarda müxtəlif xəstəliklərin, yaraların yaranmasına səbəb olur. 10 ədəd 9 mərtəbəli binanın yerləşdiyi şəhərciyə içməli su anbara toplanaraq nasoslar vasitəsi ilə verilir. Hündürmərtəbəli binalara verilən su içmək üçün yox, suvarma üçün yararlıdır. Sakinlər dəfələrlə Mingəçevir su-kanal idarəsinə müraciət etdiklərini, amma heç bir nəticəyə nail olmadıqlarını bildiriblər.

Prezidentdən növbəti sərəncam: “Azərsu” ASC-yə 9,5 milyon manat ayrılsın!

Maraqldır ki, bütün bunlar Prezident İlham Əliyevin Mingəçevir şəhərində su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, əhalinin içməli su ilə fasiləsiz təmin olunması məqsədilə həyata keçirilən şəhərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin növbəti mərhələsi olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 9,5 milyon (doqquz milyon beş yüz min) manat ayrılması barədə imzaladığı sərəncam ərəfəsində və ondan sonra baş verir.

Yeri gəlmişkən, “Azərsu” ASC ölkədə ən çox vəsait ayrılan qurumlar arasında şəriksiz lider hesab oluna bilər. Ancaq görünür, Prezidentin “Azərsu” ASC-yə ayırdığı milyonlar da yetməyəcək. Əhaliyə lilli suyu pulla satan Qorxmaz Hüseynov çətin ki, (hətta məlum sərəncamdan sonra belə) büdcəni həm də şəhid bulaqlarının hesabına doldurmaq niyyətindən əl çəkə.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ