SON DƏQİQƏ

PressDent.Info

İngiltərə xristianlarının 60 faizi İncili heç vaxt oxumayıb

İngiltərə xristianlarının 60 faizi İncili heç vaxt oxumayıb
15-09-2017, 12:37 6612 dəfə baxılıb

“The Telegraph” Anqlikan Kilsəsinin özü tərəfindən aparılmış sorğunun nəticələrinə istinadən yazır ki, İngiltərə xristianlarının əksəriyyəti müqəddəs İncili oxumayıblar.
Sorğunun nəticələrinə görə özünü xristian adlandıranların 60 faizi müqəddəs kitabı heç vaxt oxumadıqlarını, 36 faizi isə kilsəyə ayaq basmadıqlarını etiraf edib.
Kilsənin sifarişi ilə ComRes ictimai rəyi öyrənmə şirkətinin apardığı sorğudan məlum olub ki, özlərini inamla xristian adlandıranların böyük əksəriyyəti bu dinin mərasimləri və ya fəaliyyəti ilə bağlı tədbirlərə qatılmırlar.
Xristianlığın bütün qollarına aid insanların yarıdan çoxu İncili bir dəfə də olsun əllərinə almadıqlarını etiraf ediblər. Özünü xristian adlandıran hər üç nəfərdən biri isə kilsəyə bir dəfə də olsun ayaq basmadığını boynuna alıb.
“The Telegraph” yazır ki, sorğuda iştirak edənlərin yarısı xristian olduqlarını desə də, onlardan yalnız 6 faizinin İncili oxuduğu, həftədə azı bir dəfə kilsəyə gedib ibadət etdiyi məlum olub.
Məqalədə deyilir ki, bu sorğu özlərini anqlikan adlandıran xristianların ən az imanlı olduqlarını göstərib.
İngiltərə Kilsəsinin Milli Missiya və Yevangelizm müşaviri Rachel Jordan deyib ki, bu sorğunun keçirilməsi kilsənin qarşısında duran vəzifələrin miqyasını müəyyən etmək üçün idi.
O deyib ki, indiyədək özünü xristian sayanların kəmiyyətinə dair çoxsaylı sorğular keçirilib.
“Amma biz xristianlığın bütün növləri üzrə liderlər olaraq xristianların arasında möminlərin nə qədər olduğunu bilmək istəyirdik, – deyib xanım Jordan, – Bu bizə bu ölkədə İsanın müjdəsini insanlara daha yaxşı çatdırmaqda kömək edə bilər”.
“Ona görə də biz bu sorğunun suallarını daha sərt qoymuşduq. Özümüzü bilməməzliyə vurmağın mənası yox idi” – deyib dini müşavir.
Xanım Jordan qeyd edib ki, onu, Britaniyada özlərini xristianlıq və kilsə ilə bağlayan insanların sədaqəti sevindirir.
“Bu, hətta bu insanlar kilsənin mərasimlərinə qoşulmasalar da sevindirici haldır” – deyib xanım Jordan.
Onun sözlərinə görə, bu həm də kilsəyə vəziyyəti daha real görmək və daha çox insanı dini icmaya cəlb etmək imkanı verir.
“The Telegraph” yazır ki, bu ayın əvvəllərində Britaniya Sosial Münasibətlər cəmiyyətinin apardığı rəy sorğusu Birləşmiş Krallıq əhalisinin yalnız 15 faizinin anqlikan olduğunu göstərmişdi.
Məqalədə deyilir ki, hətta bu rəqəm də keşişləri sevindirmişdi. Onlar deyirdilər ki, sorğu insanların böyük bir qisminin səmimi olaraq dinsizliyini etiraf etdiklərini göstərib. Bu, özünü yalandan imanlı göstərməkdən qat-qat yaxşıdır.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ