SON DƏQİQƏ

PressDent.Info

Əliyev “qara qızıl”a necə tərif verdi?

Əliyev “qara qızıl”a necə tərif verdi?
10-07-2017, 20:24 7221 dəfə baxılıb

Neft hökumətə xoşbəxtlik, vətəndaşa başağrısı gətirdi

Ölkə başçısı İlham Əliyev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresinin rəsmi açılış mərasimində çıxış edib. İlham Əliyev həmişəki kimi optimist fikirlər səsləndirib, Azərbaycanın uğurlarından danışıb. Daha sonra ölkə başçısı “qara qızıl”ın düşər-düşməzliyindən söhbət açıb: “Adətən, neftlə zəngin olmayan ölkələr düşünürlər ki, kaş bizdə də neft olaydı, bundan istifadə edə bilərdik. Amma neft fayda da gətirə, baş ağrısı da yarada bilər. Bu, neftdən necə istifadə edildiyinə baxır”-deyə ölkə başçısı bildirib.
İlham Əliyev neftə bu cür tərif verməklə Konqres iştirakçılarına sübut etməyə çalışıb ki, ölkəyə axan milyardlar neftlə bağlı deyil, neftdən düzgün istifadə edən hökumətin qabiliyyətidir. Amma reallıq bunu göstərir ki,”qara qızıl” Azərbaycana ağ günlər gətirə bilmədi. Hakimiyyətin acgöz və yarıtmaz siyasəti nəticəsində neft milyardları korrupsiyanın, saxtakarlığın, ədalətsizliyin, tənəzzülün keşikçisinə çevrildi. Azərbyacan xalqı neft milyardlarından bəhrələnə bilmədi. “Qara qızıl” Azərbaycan xalqı üçün başağrısına çevrildi. Ölkə vətəndaşına qəpik-quruş verən hökumət, dünyanın müxtəlif yerlərnidə milyonluq villalara, biznes obyektlərinə sahibləndi, çirkli əməkdaşlıqlara start verdi, Azərbaycan həqiqətlərini dünyadan gizlətmək üçün natəmiz adamların cibinə pul axıtdı və.s
Faktiki olaraq Azərbaycan hakimiyyəti neftdən şəxsi maraqlar naminə faydalandı, vətəndaşın haqqı oğurlandı, xarici borc yükü artdı, iqtisadiyyat neftdən asılı vəziyyətə düşdü. Halbuki, bu qədər sərvət normal hökumətin nəzarətində olsaydı, ölkə vətəndaşı xaricə qaçmaq üçün yollar axtarmaz, intiharlar adiləşməz, ölkədə səfalət hökm sürməzdi.
Ölkə başçısı daha sonra çıxışında qeyd edib ki, biz “qara qzılı” insan kapitalına çevirdik. Belə çıxır ki, insanların taleyini qaraltmaq, vətəndaşı 116 manat əməkhaqqına möhtac etmək, büdcəni mənasız yarışlar naminə boşaltmaq insan kapitalı yaratmaqdı? Neft nizamnaməsinə görə ölkəyə gələn pulların 25 faiz gələcək nəsillərin hesabına yatırılmalıdır. Amma görünən budur ki, gələcək nəsillər borcla doğulur.
Əlbəttə, neft insan kapitalına çevrildi, amma bunun xalqa heç bir aidiyyatı olmadı. Yüksək vəzifəlilər və onların ətrafları “qara qızıl”dan faydalanaraq, aşırı dərəcədə pullandılar, ölkəni şəxsi mülklərinə çevirdilər və vətəndaşa qul kimi yanaşdılar.
Sonda ölkə başçısı bildirib ki, enerji təhlükəsizliyi deyəndə Azərbaycan yada düşür. Amma real vəziyyət budur ki, korrupsiya deyəndə, repressiya deyəndə, seçki saxtakarlığı deyəndə, çirkli pulların yuyulması deyəndə, oyuncaq məhkəmə prosesləri deyəndə Azərbaycan yada düşür. Bir ölkənin Milli Təhlükəsizlik Nazirliyi təhlükə yuvasına çevrilibsə, həmin ölkəni enerji sahəsində də təhlükəsizliyin qarantı hesab etməzlər.
Müxtəsər, “qara qızıl” qara niyyətli adamların əlinə düşəndə ölkəyə qaranlıq, vətəndaşa qara günlər gətirir. Amma “qara qızıl” xalqın sevən, qanunlara hörmətlə yanaşan, şəffaflığı təmin edən hökumətlərin əlinə düşəndə ölkəyə ağ günlər qismət olur. Deməli, bizim hökumətimiz neftlə bağlı tədbirlərdə yalnız öz təcrübələrindən danışmalıdılar. Yəni, milyardların axdığı ölkədə vətəndaşı necə səfil vəziyyətə salmaqdan, hökumətin başında olanların necə milyarderə çevrilməyindən söhbət açmalıdılar.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ