SON DƏQİQƏ

PressDent.Info

Səudiyyə şahzadəsi: “İran İslam dünyasına nəzarət etmək istəyir”

Səudiyyə şahzadəsi: “İran İslam dünyasına nəzarət etmək istəyir”
3-05-2017, 16:47 6960 dəfə baxılıb

“The Guardian” qəzetinin yazdığına görə, Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi, kral Salmanın oğlu, şahzadə Məhəmməd bin Salman bəyan edib ki, onun ölkəsi ilə İran arasında dialoq üçün məkan yoxdur, çünki İran “İslam dünyasına nəzarətə yiyələnmək istəyir”.
Səudiyyə telekanallarına özünün nadir, lakin geniş müsahibəsini vermiş şahzadə İrana qarşı düşmənçiliyinin miqyasını açıq şəkildə ortaya qoyub.
Məqalədə deyilir ki, bin Salman bu müsahibədə həmçinin malik olduğu hakimiyyətin təfərrüatlarına işıq salıb.
31 yaşlı şahzadə 2015-ci ildə atası tərəfindən Səudiyyə taxt-tacının vəliəhdi elan edilib. O eyni zamanda ölkənin müdafiə naziri postunu tutur və Yəmən müharibəsində İranın dəstəklədiyi qiyamçılara qarşı hərbi əməliyyatlara komandanlıq edir. Bundan başqa bin Salman Səudiyyə Ərəbistanı iqtisadiyyatının gələcəyi üçün cəsarətli proqram hazırlayıb.
“The Guardian” yazır ki, İranla yaşanan gərginliyi “məzhəb zəminində şərh etməklə alovlandıran” şahzadə Tehranın ambisiyalarını tənqid edib.
O deyib ki, “İran şiələrin 12-ci imamı Mehdinin gəlişinə hazırlıq olaraq İslam dünyasına nəzarəti ələ almağa səy göstərir”.
“Mən öz etiqadını ekstremist ideologiya üzərində quran birisi ilə və ya bir rejimlə necə anlaşma əldə edə bilərəm? Bizim aramızda olan maraqlar nədir ki?” – deyib Səudiyyənin vəliəhd şahzadəsi.
Məqalədə deyilir ki, İran və Səudiyyə regionda təmsili müharibələr aparır. Onlar Suriya və Yəmən müharibələrində qarşı duran tərəfləri dəstəkləyirlər. İki ölkə arasında Livan, Bəhreyn və İraqdakı qruplaşmaların təmsilçiliyi ilə qarşıdurma davam edir.
İranla Səudiyyə arasında münasibətlər ötən il Səudiyyədə nüfuzlu şiə ruhanisi edam edildikdən sonra son dərəcə gərginləşmiş, Tehrandakı Səudiyyə səfirliyi qəzəbli iranlılar tərəfindən yandırılmışdı.
Bunun ardınca iki ölkə arasında diplomatik münasibətlər dayandırılıb.
“Biz İranın əsas məqsədini bilirik, – deyib şahzadə Məhəmməd, – Biz döyüşün Səudiyyənin içərisinə gəlməsini gözləməyəcəyik. Biz elə edəcəyik ki, bu döyüş Səudiyyənin yox, İranın içərisində baş versin”.
Yəmən müharibəsi məsələsinə gəlincə, şahzadə bu ölkəyə hərbi müdaxiləsini müdafiə edib.
Burada əsasən Səudiyyənin hava zərbələri nəticəsində minlərlə dinc sakin həlak olub.
Ekspertlər bildirirlər ki, iki ildir davam edən Yəmən müharibəsi hazırda pat vəziyyətinə gəlib.
“The Guardian” yazır ki, Səudiyyə milyonlarla dollar xərcləməsinə baxmayaraq qiyamçı şiə husiləri Yəmən paytaxtından vurub çıxara bilməyib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ