SON DƏQİQƏ

PressDent.Info

Əli Kərimli Cəmil Həsənlini təbrik etdi

Əli Kərimli Cəmil Həsənlini təbrik etdi
16-01-2017, 15:19 33843 dəfə baxılıb

“Cəmil müəllim tarixi həm yazan, həm də yaradan böyük şəxsiyyətdir”

AXCP sədri Əli Kərimli professor, Milli Şuranın sədri Cəmil Həsənlini 65 illik yubileyi münasibətilə təbrik edib. Təbrikdə deyilir:

Xalqımızın ən ləyaqətli övladlarından biri, zəmanəmizin böyük ziyalısı, Milli Şuranın hörmətli sədri, sonuncu prezident seçkisində demokratik qüvvələrin vahid namizədi vә seçkinin faktiki qalibi, professor Cəmil Həsənlini 65 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Hörmətli Cəmil müəllim tarixi həm yazan, həm də yaradan böyük bir şəxsiyyətdir. Tale elə gətirib ki, mən Cəmil müəllimi tələbə vaxtlarımdan tanımışam. Bakı Dövlət Universitetində oxuduğum zamanlarda Cəmil müəllimdən şəxsən dərs almasam da, bizi əvvəlcə tanış, sonra həmfikir, daha sonra da dost edən ötən əsrin 80-ci illərində başlanmış Xalq Hərəkatı və onun müqəddəs idealları oldu. Cəmil müəllim universitetdə başlanmış tələbə hərəkatına ən yaxın olan müəllimlərdən idi. Cəmil müəllimin ozamankı fədakar mövqeyilə bağlı yalnız bir faktı qeyd edim: 1990-cı ilin 20 yanvarında Sovet qoşunları Bakını yenidən işğal etdikdən sonra, Bakıda fövqəladə vəziyyətin davam etdiyi aylarda bizim gizli təşkilatın – “Yurd” birliyinin Qənimət Zahidin redaktorluğu ilə Tiflisdə çap etdirdiyi “Yurd” qəzetinin 6 nömrəsinin bütün xərclərini hörmətli Cəmil müəllim ödəmişdi.

Cəmil müəllim Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin bütün mənalarda tələbəsi olub. Ondan dərs alıb, Əbülfəz Elçibəy prezident olarkən onun müşaviri olub. Sonra da 10 il AXCP sədrinin müavini, böyük cəbhə ailəsinin sevimlisi olub. Cəmil müəllim böyük Məmməd Əmin Rəsulzadənin ən ardıcıl tədqiqatçılarındandır. Rəsulzadəyə ruhən o qədər yaxındır ki, hərdən mənə elə gəlir, Cəmil müəllim böyük Rəsulzadənin də tələbəsi olub.

Professor Cəmil Həsənli Azərbaycanın ən böyük alimlərindəndir. Onun kitabları ABŞ-da, İngiltərədə, Rusiyada, Türkiyədə, İranda, Kanadada və daha neçə-neçə ölkədə çap olunub. Harvard və Oksford başda olmaqla dünyanın aparıcı universitetlərində dərs vəsaiti kimi istifadə olunur.

Cəmil Həsənli dövrümüzün ən işıqlı ziyalılarından biridir. Əminliklə deyirəm ki, 20-ci əsrin əvvəllərində Azərbaycanı xeyli dərəcədə aydınlada bilmiş böyük ziyalılarımızın hazırkı dövrdə ən layiqli davamçısı professor Cəmil Həsənlidir. Son onilliklərdə ölkədə elə bir hadisə baş verməyib ki, Cəmil Həsənli ona öz prinspial ziyalı qiymətini verməsin. Danışmaq, fikir bildirmək, etiraz etmək lazım gələn yerdə Cəmil müəllim heç vaxt susmayıb.

Cəmil Həsənli alimliyi, ziyalılığı ilə yanaşı həm də bacarıqlı siyasətçi və püxtələşmiş dövlət xadimidir. O siyasətçi kimi çox cəsarətlidir, prezident seçkisi kampaniyası dövründə Cəmil müəllimin etdiyi 6 dəqiqəlik çıxışlar xalq arasında əfsanəyə çevrilmişdi. Cəmil müəllim dağıdıcı yox, birləşdiricidir, şəxsi maraqlarını önə çəkməyən, xırdaçılıqdan və intriqalardan uzaq, müdrük siyasətçidir.

Çox şadam ki, xalqımızın Cəmil Həsənli kimi sanballı alimi, işıqlı ziyalısı bacarıqlı və məsuliyyətli dövlət xadimi var. Çox məmnunam ki, mən bu böyük şəxsiyyətlə mübarizə yoldaşı, əqidə dostuyam.
Yubileyiniz mübarək, əziz Cəmil müəllim! Sizə uzun ömür, can sağlığı, Azərbaycanda haqqın, ədalətin təntənəsi naminə apardığınız mübarizədə uğurlar arzu edirəm!

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ