SON DƏQİQƏ

PressDent.Info

Vəli Axundovu özündən əvvəlki və sonrakı rəhbərlərdən nə fərqləndirirdi?

Vəli Axundovu özündən əvvəlki və sonrakı rəhbərlərdən nə fərqləndirirdi?
10-05-2016, 12:56 29667 dəfə baxılıb

Tibb Universitetinə Nəriman Nərimanovun adının verilməsinin tarixçəsi…

Bir neçə gündən sonra 10 il Azərbaycana rəhbərlik etmiş Vəli Axundovun anadan olmasının 100 illiyidir. Bu illərdə nə baş vermişdi? Ötən əsrin 60-cı illəri insanların və tarixin yaddaşında necə qalıb? Ədəbiyyatda, sənətdə, mədəniyyətdə, sosial və siyasi həyatda nələr olmuşdu? Vəli Axundovun özündən əvvəlki və özündən sonrakı rəhbərlərdən fərqli və oxşar cəhətləri hansılardır? Bütün bu suallara cavab almaq üçün tanınmış tarixçi alim, XX əsr tariximizin ən maraqlı salnaməsini yaradan professor Cəmil Həsənliyə müraciət etdik. Vəli Axundovun həyat hekayəsi və siyasi portret cizgiləri ilə bağlı onun hazırladığı yazıların dərcinə başlayırıq:

***

Mayın 14-də Vəli Axundovun anadan olmasının 100 illiyi tamam olur. O, XX əsrdə Sovet Azərərbaycanına 10 il rəhbərlik etmiş siyasi və ictimai xadim kimi insanların yaddaşında qalıb. Sovet ideologiyasının və avtoritar idarə formasının standart meyarlarına baxmayaraq, Vəli Axundov tarixin yaddaşında özünəməxsus keyfiyyətləri ilə qaldı. Bəri başdan qeyd etmək istəyirəm ki, o, zəmanəsinin və sisteminin övladı idi. Lakin həmin zamanın şərtləri və sistemin imkanları daxilində Axundov millətə bir az nəfəs almağa macal verdi, milli ruhun dirçəlməsinə maraq göstərdi. Axundov keçmişi Sovet cəza orqanları, təhlükəsizlik və “NKVD” şəbəkəsi ilə bağlı deyildi. Halbuki, Sovetlərin kadr siyasətində hələ ki, bu keyfiyyətlər aparıcı meyar kimi qalmaqda idi. Onun içindəki ziyalılıq, təbiətindəki xeyirxahlıq, tutduğu yüksək vəzifəyə rəğmən milli kimlik məsələsində liberal siyasətə üstünlük verməsi xeyli dərəcədə bioqrafiyasının bu məqamı ilə bağlı idi. Bir vaxtlar mənim “Zerkalo” qəzetində 50-ci illərlə bağlı silsilə yazılarım çıxanda uzun müddət Vəli Axundovla dostluq etmiş akademik Ismayıl Ibrahimov zəng etdi. O, yazıda adı keçən adamlar, o cümlədən Vəli Axundov haqqında maraqlı məqamlara toxundu. Onun siyasi keyfiyyətləri, ziyalılığı, ölkənin milli maraqlarına hədəflənmiş xüsusiyyətlərinə toxunan Ismayıl müəllim Vəli Axundovun hakimiyyətə gəlişini belə səciyyələndirirdi: “Vəli Yusifoviç Azərbaycan rəhbərliyinin millətçilikdə günahlandırıldığı və bu səbəbdən hakimiyyətdən uzaqlaşdırıldığı bir şəraitdə rəhbərliyə gəldi. Respublikada Moskvanın total nəzarəti qurulmuşdu və hamı Axundovdan sərt siyasət gözləyirdi. Lakin belə olmadı. O, millətçilikdə ittiham edilən köhnə rəhbərlikdən hamını qoruyub saxlamağa, hamını xilas etməyə çalışırdı. Bir gün neft və kimya institutunda akademiklər, tanınmış professorlar mənə dedilər ki, “sən get dostuna de ki, bu yumşaq  siyasətlə bir yerə yetişmək olmaz, qoy təzə rəhbər öz zorunu göstərsin, əlini stolun üstünə möhkəm vursun”. Deyilənləri olduğu kimi Vəli Yusifoviçə çatdırdım, bir qədər duruxdu və üzümə baxıb dedi: “Ismayıl, bu millət Stalinin “sapoqları” altında əzilib, ona imkan vermək lazımdır ki, özünə gəlsin, bir az dirçəlsin?. Vəli Axundov hakimiyyətdə olduğu 10 ildə (1959-1969) məhz, millətə dirçəlməyə, qəddini düzəltməyə imkan verdi. Sovet sisteminin 70 illik  mövcudluğu dövründə 60-cı illər tarixə milli oyanış, kimliyə tapınma, ədəbiyyat, incəsənət və bütövlükdə mədəniyyətdə yeni təbəddülatlarla, milli və ümumbəşəri dəyərlərin üstün istiqamətə çevrilməsi ilə yadda qaldı.

Vəli Axundovun həyat yolu və riskli evlilik

Vəli Axundov 1916-cı ilin may ayının 14-də Bakı quberniyasının Saray kəndində anadan olub.  Ona ana babasının adını vermişdilər. Onlar ailədə 3 qardaş bir bacı idilər, Vəlidən sonra Kamal, Nazim və Rəna doğulmuşdular. Valideynləri Yusif kişi və Zinyət xanım sadə kənd adamları idilər. 1924-1929-cu illərdə Vəli ilk təhsilini Sarayda almış,  1929-1931-ci illərdə atasının çalışdığı Biləcəri stansiyasında peşə məktəbində oxumuş, 1931-1936-cı illərdə Bakı sənaye texnikumunda təhsilini davam etdirmiş, 1936-1941-ci illərdə isə Azərbaycan Tibb Institutunun müalicə profilaktika fakültəsinin tələbəsi olmuşdu. Gənc Vəli tələbə olarkən tibb institutunun ictimai həyatında yaxından iştirak etmiş və hətta institutun komsomol təşkilatının katibi seçilmişdi. Böyük Vətən müharibəsinin başlanması ilə bağlı institutu bitirən kimi o, orduya səfərbər edilmiş və 1941-ci ilin iyul ayından 1945-ci ilin avqust ayına qədər hərbi həkim kimi Iran, Polşa, Almaniya və Çexoslovakiyada sovet ordusu sıralarında xidmət etmişdi. 9 may Qələbə gününü tibb xidməti kapitanı Vəli Axundov Praqada qarşılamışdı. Məhz, bu şəhərdən o, iki ünvana arxasında xatirə yazısı olan öz cəbhə fotolarını göndərmişdi. Onların birində yazılırdı: “Çox istəkli qardaşım Kamala xoş xatirə olaraq”; ikinci fotonun arxasında isə bu sözlər yazılmışdı: “Əziz, sevimli Saraya, əbədi xatirə olaraq”.

Kim idi Sara? Bu gənc qız Şuşada “firəng” Əhməd kimi tanınan böyük mütəfəkkir Əhməd bəy Ağayevin böyük qardaşı Hüseyn bəy Ağayevin 8 övladından son beşiyi olan Sara Ağayeva idi. Tale onları 1931-ci ildə Sənaye texnikumunda görüşdürmüşdü. Onda Vəlinin 15, Saranın 14 yaşı vardı. Sonra Tibb institutunda da birgə təhsil almışdılar. Bu gənclərin ilk tanışlığı 14 il sonra, Vəli ordudan tərxis olunub Bakıya dönəndə, 1945-ci ilin oktyabr ayının 10-da onların ailə qurması ilə nəticələndi. Sovet qaydaları baxımından bu bir qədər riskli addım idi. Kommunist ideologiyası baxımından Əhməd Ağaoğlu tək Azərbaycanın deyil, bütün türk coğrafiyasının ən böyük pantürkisti hesab edilirdi, onun əleyhinə kitab və məqalələr yazılır, burcua millətçiliyində ittiham edilirdi. Əlbəttə, sonralar siyasi karyerasına mane olmaq üçün əleyhdarları Vəli Axundova qarşı bu “kriminaldan” istifadə etdilər. Lakin o, Sara xanıma olan sevgisindən, ailə səadətindən bir addım belə geri çəkilmədi. Həmin illər üçün təhlükəli hesab edilən soyadın təmsilçisi kimi Sara Ağayeva həmişəlik Sara xanım Axundova oldu. Bu təhlükə 1934-cü ildə Bakıda vəfat etmiş Hüseyn bəy Ağayevin varislərinin həyatında izsiz ötüşmədi. Sovet təqiblərindən diqqəti yayındırmaq üçün kiçik istisnalarla onun bütün nəvə-nəticələri, çoxsaylı vərəsələri ayrı-ayrı familiyaları daşımalı oldular.  1966-cı ildə Əhməd bəy Ağaoğlunun oğlu, Türkiyədə Adnan Menders hökumətində baş nazirin müavini vəzifəsində işləmiş Səməd Ağaoğlu Sovet Ittifaqına səfər çərçivəsində Bakıya gələndə artıq Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi birinci katibinin xanımı olan Sara xanım onunla görüşməkdən ehtiyat etdi. Amma onun böyük bacıları Qəmər və Sürəyya bütün çətinliklərə baxmayaraq, Səməd bəylə görüşdülər.

Ana dili?

Ordudan döndükdən, ailə həyatı qurduqdan sonra Vəli Axundov Azərbaycan Tibb Institutunun səhiyyə tarixi kafedrasında assistent kimi əmək fəaliyyətinə başladı.  Ictimai fəallığı və işgüzarlığı vəzifə karyerasında onun sürətlə irəli çıxmasını şərtləndirdi. 1948-1949-cu illərdə Vəli Axundov tibb işçiləri həmkarlar təşkilatının respublika komitəsinə rəhbərlik etdi. 1949-1953-cü illərdə o, respublika səhiyyə nazirinin müavini və Baki vilayət səhiyyə şöbəsinin müdiri vəzifəsində çalışdı, 1953-1954-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin inzibati və maliyyə-ticarət orqanları şöbəsi müdirinin müavini vəzifəsinə irəli çəkildi, 1954-cü ildə respublikada Imam Mustafayev, Mirzə Ibrahimov və Sadıq Rəhimovun başçılığı ilə yeni rəhbərlik fəaliyyətə başladıqdan sonra səhiyyə naziri vəzifəsinə təyin edildi. 1958-ci ilin yanvarında Azərbaycan KP MK katibi seçilənə qədər Vəli Axundov bu vəzifədə çalışdı. Yüksək partiya işinə irəli çəkilməsi ona böyük perspektivlər vəd edirdi. O, çox qisa müddət ərzində böyük sürətlə respublikada hakimiyyət olimpinə doğru irəliləməyə başladı. Axundov altı aydan da az MK katibi işlədi. 1958-ci ilin iyununda Nazirlər Sovetinin sədri Sadıq Rəhimovla bağlı yerliçilik məsələsi (Ermənistan və Gürcüstana qaz verilməsindən imtinaya görə) gündəliyə gələndə Imam Mustafayevin təqdimatı ilə o, iyun ayının 27-də respublika hökumətinin sədri təyin edildi. 1958-ci ilin yanvarında Mirzə Ibrahimov məhz millətçilik ittihamı ilə Ali Sovetin Rəyasət Heyətinin sədri vəzifəsindən, həmin ilin iyununda Sadıq Rəhimov yerliçilik ittihamı ilə Nazirlər Sovetinin sədri vəzifəsindən uzaqlaşdırılsalar da, yeni hökumət başçısı kimi Vəli Axundov 1959-cu ilin iyun-iyul aylarında Moskvanın Azərbaycanda gedən proseslərə açıq müdaxiləsinə  qədər respublikada ondan əvvəl başlanmış işlərin davam etdirilməsinin iştirakçılarına çevrildi. Vəli Axundov kimi sadə, istedadlı, hazırlıqlı, mədəni və geniş dünyagörüşə malik bir şəxsin rəhbər vəzifəyə  irəli çəkilməsi əlbəttə ki, Imam Mustafayevin xidməti olaraq dəyərləndirilməlidir.

1956-cı ilin avqust ayında Respublika Ali Sovetinin sessiyasında dövlət dili haqqında qanun qəbul edildikdən sonra müxtəlif idarə və nazirliklərdə bu qərarın yerinə yetrilməsilə bağlı vəziyyət yoxlanıldı. Yoxlamaların gedişində məlum oldu ki, Azərbaycan dilinin tətbiqi ilə bağlı ən yaxşı vəziyyət Səhiyyə Nazirliyi sistemindədir. Ali Sovetin dil haqqında fərmanından sonra səhiyyə naziri Vəli Axundov öz tabeçiliyində olan bütün səhiyyə müəssisələrinə göstəriş vermişdi ki, səhiyyə xidmətini bilavasitə ana dilində həyata keçirsinlər və xəstəlik tarixlərini Azərbaycan dilində yazsınlar.

Nərimanovun xidmətləri?

Axundov 50-ci illərin ikinci yarısından etibarən Nəriman Nərimanovun adının bərpa olunması prosesinin təşəbbüsçülərindən biri  idi. 1957-ci ilin aprel ayının 2-də səhiyyə naziri kimi o, Azərbaycan Dövlət Tibb Institutunun Nərimanovun adına verilməsi barədə Imam Mustafayevə məktubla müraciət etmişdi. Axundov yazırdı: “Təhsil etibari ilə həkim olan Nəriman Nərimanovun dövlət quruculuğu işlərində və xüsusilə xalq səhiyyəsinin qurulması işində xidmətləri hamıya məlumdur. Tamamilə təbiidir ki, respublikada bir sıra tibb müəssisələri Azərbaycan xalqının şanlı oğlu, görkəmli dövlət xadimi doktor Nərimanovun adını daşımalıdır. Yeri gəlmişkən, hazırda respublikada heç bir müalicə müəssisəsi onun adını daşımır. Əvvəllər isə onun adını daşıyan müəssisələrin adı ya dəyişdirilib, ya da onların Nərimanovun adını daşıması dayandırılıb. Azərbaycan SSR Səhiyyə Nazirliyi belə hesab edir ki, bu vəziyyəti dəyişməyin zamanı gəlib çatıb və ona görə də bir sıra təkliflərlə, o cümlədən Azərbaycan Dövlət Tibb Institutunun Nəriman Nərimanovun adına verilməsi təklifi ilə çıxış edir”.

Məhz, Axundovun bu təşəbbüsünün nəticəsi kimi 1957-ci ildən etibarən  tibb institutu Nəriman Nərimanovun adını daşımağa başladı…

 (Ardı var)

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ