SON DƏQİQƏ

PressDent.Info

Qarabağ qazisinin torpağını əlindən alıblar

Qarabağ qazisinin torpağını əlindən alıblar
23-04-2016, 12:31 16443 dəfə baxılıb

Gədəbəy rayonu, Arabacı Bələdiyyəsi Zamanli kənd sakini, Qarabağ müharibəsi iştirakçısı üç uşaq atası Ələkbərov Fəzail Ələkbər oğlu “Azadlıq” qəzetinin redaksiyasına müraciət edib. O, müraciətibdə qəzetimizin abunəçisi olduğunu və hər bir sayını maraqla izlədiyini bildirir, apardığı haqq mübarizəsində uğurlar arzulayır.

Daha sonra müraciət müəllifi ona qarşı olan haqsızlıqdan gileylənir: “Sizin nəzərinizə çatdırım ki, Arabacı Bələdiyyəsi tərəfindən bizim ailəyə ayrılmış 1200kv/m həyətyanı məqsəd üçün torpaq sahəsi Əli Həsənov və oğlanları Arzu və Nofəl Həsənovlar tərəfindən zorakılıqla əlimizdən alınıb. Həmin ərazidəki ağaclar qəsddən məhv edilib, heç bir hüquqi təsdiqli layihəsi-tikinti sənədi olmadan, prezidentin qanunsuz tikililərə qarşı sərt tədbirlərinə məhəl qoymadan ev tikilmişdir. Bu məsələ ilə bağlı atam, el ağsaqqalı Ələkbərov Ələkbər şəxsən Gədəbəy rayonu icra başçısı Ramiz Yadigarovun qəbulunda olub, məsələni ona danışıb. Amma heç bir faydası olmayıb. 07.03.2016-cı il tarixindən bu vaxta qədər valideynlərim və özüm tərəfimdən dövlət qurumlarına onlarla müraciət göndərilsə də, bu vaxta qədər heç bir şikayət ərizəsinə rəsmi cavab verilməyib”.

Müraciət müəllifinin sözlərinə görə. Indiyədək heç bir icra orqanı tərəfindən yerində araşdırılma aparılaraq məsələyə hüquqi qiymət verilməməsi paradoksal vəziyyətdən xəbər verir. Belə ki, vətəndaş yerli icra məmurundan müvafiq dövlət orqanlarına şikayət məktubu ünvanlayır, həmin orqanlar tərəfndən məktuba “mübarək dərkənar” qoyularaq  baxılması üçün özbaşınalığa şərait yaradan məmura ünvanlanır. Budur Azərbaycan reallığı!?

Müraciət müəllifi xatırladır ki, Azərbaycan Konstitutsiyasının 57-ci maddəsində vətəndaşın müraciətinə bir ay müddətinə, əlavə öyrənilməsi və yoxlanılması tələb olmayan müraciətə ən geci 15 gün müddətində baxılması göstərilib: “Əfsuslar olsun ki, Azərbaycanın əsas qanununun bu tələbinə düşmənlə üz-üzə dayanan bölgədə məhəl qoyulmur. Ona görə də haqq sözünü hər an cəsarətlə deyə bilən ”Azadlıq” qəzetinə müraciət etməli oldum. Ümidvarıq ki, şikayətim işıq üzü gördüyü təqdirdə Cinayət Məcəlləsinin 188.1.2.3. 4 (torpaq üzərində mülkiyyət istifadə və ya icarə hüquqlarını pozma) maddələri rəhbər tutularaq Ə.Həsənov və oğlanları, eləcə də onlara havadarlıq edən məmur cinayət məsuliyyətinə cəlb ediləcək, bizə məxsus torpaq sahəsində qeyri-qanuni tikilmiş ev söküləcək, həmin torpaq sahəsi xəritəyə uyğun olaraq istifadəmizə qaytarılacaq”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ