SON DƏQİQƏ

PressDent.Info

Peşəkarlar MTN-ə qaytarılır

Peşəkarlar MTN-ə qaytarılır
27-10-2015, 21:42 30988 dəfə baxılıb

Keçmiş polis işçilərinin vəzifədən kənarlaşdırıldığı bildirilir.
 
MTN-in öz kadr siyasətində əsasən polisin OBXSS və cinayət-axtarış bölmələri əməkdaşlarına üstünlük vermiş əvvəlki rəhbərliyinin istefasından sonra nazirliyin yeni rəhbərliyi köklü kadr dəyişikliklərinə başlayıb.
 
Bütün şüurlu həyatı boyu OBXSS rəhbəri işləyən və polis nazirliyinin iqtisadi cinayətkarlıqla mübarizə aparan bu qurumunun əksər iş metodlarını və ənənələrini özü ilə MTN-ə gətirən sabiq nazir Eldar Mahmudov tərəfindən işdən azad olunmuş peşəkar çekistlər yenidən MTN-ə qaytarılır.
 
Azərbaycanda azad sahibkarlığın və biznesin inkişafı qarşısında əsas maneələrdən birinə çevrilmiş MTN rəhbərliyi neytrallaşdırılandan sonra təcrübəli və peşəkar çekistlər, uzun illər dövlət təhlükəsizliyi orqanlarında xidmət keçmiş şəxslər yenidən xüsusi xidmət orqanlarına işə qayıtmağa başlayıb.
 
Virtualaz.org saytının əldə etdiyi məlumata görə, polkovnik İsmayıl Bağırov milli təhlükəsizlik nazirinin vəzifəsini icra edən general-leytenant Mədət Quliyevin bu gün imzaladığı əmrlə MTN Əks-Kəşfiyyat İdarəsinin rəisi təyin edilib. General Quliyevin digər əmri ilə isə polkovnik Sahib Nağıyev nazirliyin aparat rəhbəri təyin olunub.
Mədət Quliyevin əmri ilə daha bir peşəkar çekist Ceyhun Şadlinski MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.
 
Keçmiş polis işçiləri - MTN-in İstintaq İdarəsinin rəisi, general-mayor Mövlan Şıxəliyev və MTN əməkdaşı Elşad Mahmudov isə tutduqları vəzifədən azad olunublar.
 
Qeyd edək ki, bəzi KİV-lərin yazdığı kimi, hazırda sərəncamda olan Elşad Mahmudov sabiq nazir Eldar Mahmudovun qohumu deyil.
 
MTN-dəki kadr islahatları davam edir.
 
Prezident İlham Əliyev oktyabrın 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
 
Eldar Mahmudov vəzifəsindən azad edildikdən sonra Milli Təhlükəsizlik Nazirliyində həbslər başladı. Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun birgə əməliyyat qurupu MTN-də bir neçə yüksək rütbəli şəxsləri saxlayıb.
 
Eldar Mahmudov hətta xarici kəşfiyyatla əlaqədə də ittiham edilir. Keçmiş təhlükəsizlik nazirinin İsrail kəşfiyyatı ilə şəxsi və təşkilatı vasitəsilə münasibətlər yaratdığı və bu münasibətlərin çox dərin olduğu bildirilir.
 
"Bu da heç şübhəsiz ki, Rusiyanı narahat etməyə bilməzdi", deyən İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədov iddia edir ki, məhz Moskvadan prezidentə Mahmudovun hansısa gizli məlumatlarını təqdim ediblər və bundan sonra onu təcili və gözlənilməz şəkildə vəzifəsindən azad ediblər.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ