SON DƏQİQƏ

PressDent.Info

Aslan İsmayılov hücuma məruz qaldığını deyir

Aslan İsmayılov hücuma məruz qaldığını deyir
16-09-2015, 20:44 30475 dəfə baxılıb

Tanınmış vəkil Aslan İsmayılov Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Adil Vəliyevin adamlarının hücumuna məruz qalıb.

Bu barədə öz facebook səhifəsində vəkil özü məlumat verib.

A.İsmayılov onunla icra hakimiyyəti əməkdaşları arasındakı insidentin yaranma tarixçəsindən də bəhs edib. Vəkilin sözlərinə görə, hər şey Abbas Quliyev adlı şəxsin Dövlət Reyestrindən çıxarışı əsasında Kürdəxanı qəsəbəsində 24 sot torpaq sahəsi ətrafında hasar çəkməyə cəhd göstərməsindən başlayıb.

“Abbas Quliyev torpaq sahəsi başqaları tərəfindən zəbt olunmasın deyə (icra hakimiyyətinin rəsmiləri tərəfindən torpaqların heç bir əsas olmadan başqalarına satılması hallarına görə) 1 metr hündürlüyündə hasar çəkmək istəyir. O, ustaların köməyi ilə hasar tikərkən Sabunçu Rayon İcra Hakimiyyətinin Həbib adlı nümayəndəsi gəlib işi dayandırır, özünü isə icra hakimiyyətinə dəvət edir. RİH-də isə açıq-aşkar alver başlayır. Həbib bildirir ki, hasarın tikilməsi üçün hər sota görə 3000 manat verilməlidir. Abbas Quliyev narazılığını bildirdikdə isə Həbib 2500 manatla razılaşır. Bütün söhbətlər də Sabunçunun icra başçısı Adil Vəliyevin adından aparılır.

Abbas Quliyev bildirir ki, torpağı elə özü 2500 manata onlara satmağa hazırdır. Söhbət qısa olur: ya pul verəcəksən, ya da hasar olmayacaq və torpaq əlindən alınacaq” – deyə A.İsmayılov bildirib.

A.İsmayılovun sözlərinə görə, tanışları A.Quliyevə bir vəkil kimi ona müraciət etməyi tövsiyə edir: “Mənə bu barədə müraciət olandan sonra icra başçısı Adil Vəliyevlə danışdım. Bilirdim ki, Vəliyev əvvəllər “Porsche” mağazası işlədib, ancaq icra hakimiyyəti ilə mağazanı dəyişik saldığını söhbətdən sonra bildim.

Birinci danışıqda mənə bildirildi ki, sənədlər artıq məhkəməyə göndərilib. Bütün məhkəmələri axtarıb işin məhkəmədə olmadığına əmin olandan sonra yenidən Adil Vəliyevlə əlaqə saxlayıb ona bildirdim ki, sənədlər məhkəmədə yoxdur, işçiləri qanunsuzluq edirlər. İcra başçısı isə kobud şəkildə dedi ki, heç bir hasar tikintisinə icazə verməyəcək, çünki sənədlər qanunsuzdur.

Mən sənədlərin Azərbaycan dövlətinin adından Dövlət Reyestr Xidməti tərəfindən verildiyini xatırladanda isə başçı bildirdi ki, hamı bilir ki, rüşvət alıb veriblər. Adil Vəliyevə dedim ki, heç kimdən rüşvət alınmayıb. Hasarın çəkilməsi üçün isə Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsində deyildiyi kimi, hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla) tikintisinə heç bir icazə tələb olunmur. Amma icra hakimiyyətinin nümayəndələri torpağın hər sotuna görə 2500 manat rüşvət istəyirlər.

Mən bunu söyləyəndə icra başçısı da kobud şəkildə “yaxşı edirlər” dedi”.

Vəkil daha sonra insidentin təfərrüatlarına toxunub: “Bu il sentyabrın 14-də artıq mənim iştirakımla hasar tikintisi yenidən aparılarkən özlərini icra hakimiyyətinin nümayəndələri kimi təqdim edən və idmançı formasında olan 4 nəfər “Niva” markalı maşında, eyni görkəmli Rafael adlı şəxs (Sabunçu RİH-in rəsmi saytında onun RİH hüquq şöbəsinin hüquqşünası kimi çalışdığı bildirilir, soyadı da Abdullayevdir-A.İ.) isə 10 SD 300 nömrəli, “Mercedes G Class” avtomobilində gəlib işləri yenidən dayandırdılar.

Mən şikayət edəcəyimi bildirdikdə isə onlar “hara istəyirsən yaz” deyib məni davaya çəkməyə başladılar. Onların dava salmaq istədiklərini görüb əvvəldən hazırladığım sənədləri, reyestrdən çıxarışı, qanunlardan qeydləri, Adil Vəliyevin özünə və yaxınlarına məxsus olan və dəyəri milyonlarla ölçülən maşınların şəkillərini və haqqında mətbuatda getmiş şikayətlərin surətlərini ona təqdim edib, dərhal oranı tərk etdim”.

A.İsmayılov bildirir ki, icra hakimiyyəti əməkdaşlarının bu qanunsuz əməlləri ilə bağlı prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova, habelə Prezident Administrasiyasının məsul işçilərinə müraciət edib.

Vəkil onu da əlavə edib ki, Sabunçu RİH başçısı Adil Vəliyevin və onun üstünə göndərdiyi qoçularının başqa qanunsuzluqlarını ifşa etməkdə davam edəcək.

Virtualaz.org

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ