SON DƏQİQƏ

PressDent.Info

Mustafayev Arzu Bahadur oğlu: Heydər Əliyev ekalogiyanın keşiyində

Mustafayev Arzu Bahadur oğlu: Heydər Əliyev ekalogiyanın keşiyində
28-08-2020, 14:03 117624 dəfə baxılıb

Tarixi dövr göstərir ki, hər hansı bir ölkənin inkişafında, onun dünyada tanınmasında güclü siyasi liderin olması əsas amildir. Ağıllı, cəsarətli, qətiy­yətli, uzaqgörən, xarici və daxili təhlükələrdən ölkəni qoruyan, müdrik siyasət aparan, ölkənin potensial imkanlarını dərindən bilən və dinamik inkişafını təmin edən siyasi liderə hər bir dövlətin ehtiyacı var. Bütün bu xüsusiyyətlərin hamısı bir siyasi liderdə çox nadir hallarda cəmləşir.
Azərbaycan xalqı özünü xoşbəxt hesab edə bilər ki, XX əsrin II yarısında çox mürəkkəb və ziddiyyətli bir dövrdə Azərbaycanı anarxiyadan, xaosdan, parçalanmadan xilas edən siyasi lider Heydər Əliyev ölkəmizə rəhbərlik etmişdir. Ulu öndər Azərbaycan dövlətini və millətini zamanın çətin sınaqlarından çıxararaq ölkənin gələcək parlaq inkişafını təmin etmişdir. Bunları yazarkən alman filosofu İmmanuel Kantın “Sürətlə öz süqutuna yaxınlaşan xalqın taleyini yalnız dahi şəxs dəyişə bilər...” sözləri yada düşür.
Tarixi təcrübə sübut edir ki, yalnız güclü siyasi lideri olan xalqlar öz milli sərvətlərinə sahib olur. Heydər Əliyev də məhz bu missiyanı yerinə yetirmişdir. Müdrik dövlət xadiminin irəli sürdüyü strategiya indiki nəslin gözü önündə reallığa çevrilmişdir.
Sovetlər dönəmində imperiyanın total təbliğat maşınının güclü təzyiqləri altında çox ciddi çətinliklərlə qarşılaşan Heydər Əliyev Azərbaycanın ekoloji problemlərinin həllini, unikal təbiət abidələrinin qorunmasını daim diqqət mərkəzində saxlamış, ekoloji vəziy­yətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə xüsusi qayğı ilə yanaşmışdır.
Ümummilli lider Azərbay­canın bütün bölgələrini gəzmiş, onun gözəl təbiəti ilə çox yaxından tanış olmuşdur. Onun müsbət keyfiyyətlərindən biri də ana təbiəti sevməsi, vur­ğunu olması idi. Hakimiyyətdə olduğu illərdə təbiəti mühafizə sahəsində görülən işlərin təşəbbüskarı məhz ulu öndər Heydər Əliyev olub. Bu işlərin bir neçəsini oxucuların diqqətinə çatdırmaq istərdim.
Akademik Həsən Əliyev "Həyəcan təbili" (1976, 1982) kitabında yazırdı: “Qocalar nəql edirlər ki, yaxın keçmişə qədər Qarabağ, Mil, Muğan və Şirvan düzənliklərində addımbaşı ceyran sürüləri ilə rastlaşırmışlar. Bəs onlar indi niyə görünmür? Nə üçün təbiətin bu nadir heyvanlarını indi, necə deyərlər, çıraqla da axtarıb tapmaq mümkün deyil, nədən Muğanda onların nəsli tamam kəsilmişdir?”.
Təbiəti mühafizə sahəsində tanınmış alim Qara Mustafayevin fikrincə, XX əsrin I yarısında Muğanda ceyranların baş sayı 35 mindən çox olub. 1960-cı ildə ceyranları qorumaq üçün bioloqların təşəbbüsü ilə Şirvan düzünün şərqində - Bənduvan adlanan ərazidə yasaqlıq yaradılmışdır. Lakin zəif qorunduğuna görə "brokonyer"lər tərəfindən ceyranların ovlanması davam edirdi. Ceyranların nəsli kəsilmək üzrə idi. Cəmi 77 baş ceyran qalmışdı. Belə bir şəraitdə, 1969-cu ildə Heydər Əliyev Azərbaycan Mərkəzi Komitəsinin I katibi təyin edildi. Akademik Həsən Əliyevin təşəbbüsü və Heydər Əliyevin dəstəyi nəticəsində 1969-cu ilin sonlarında qoruq təşkil olundu və ciddi şəkildə qorunmağa başlandı. Daimi qayğı nəticəsində qoruqda ceyranların baş sayı 77-dən 1000-ə, daha sonra 4000-ə qədər çatdırıldı. Bununla da ceyranların məhv olmaq təhlükəsi aradan qaldırıldı. Qoruq ceyranları qorumaq məqsədi ilə yaradılsa da, ciddi qorunduğuna görə çoxlu sayda müxtəlif heyvanların və quşların da sığınacaq yerinə çevrildi.
Ümummilli lider Heydər Əliyevin 2003-cü il 5 iyul tarixli sərəncamı ilə Şirvan dövlət təbiət qoruğunun əsasında “Şirvan Milli Parkı” yaradıldı. Azərbaycanın gözəl təbiət abidələrindən biri də Zəngilan ra­yonunun Bəsitçay dərəsində yerləşən təbii çinar meşəsidir. Bu meşə Avropada ən böyük təbii çinar meşəsidir. Bu yerin füsünkar mənzərəsi, nəhəng çinar ağacları adamı öz gözəlliyi ilə valeh edir. Bu çinar meşəsinin necə yarandığı indiyə qədər həll olunmamış mübahisəli məsələ kimi qalmaqdadır.
Çox təəssüf ki, bu gözəl təbiət guşəsi ötən əsrin 50-ci illərində acınacaqlı vəziyyətə düşür. Bu barədə görkəmli təbiətşünas alim akademik Həsən Əliyev “Həyəcan təbili” (1976, 1982) kitabında yazırdı: “Bir dəfə yolum çinar meşəsinə düşmüşdü. Gördüklərimdən ürəyim ağrıdı. Baxımsızlıq ucbatından ağacların yarpaqlarını həşarat yeyib çılpaqlaşdırmışdı. İri çinar ağaclarının koğuşunda isə naxırçılar ocaq qalayırdı”. Meşənin bir qismi Azərbaycan ərazisində, digər hissəsi isə Ermənistan ərazisindədir.
1959-cu ildə çinar meşəsinin mühafizəsi və orada qoruğun yaradılması üçün Respublika Nazirlər Sovetinə layihə təqdim edilmişdir. Lakin heç bir tədbir görülmədi. Ancaq 1960-cı ildə Ermənistan hissəsində qoruq yaradıldı.
Sonralar akademik Həsən Əliyevin təşəbbüsü ilə yenidən Respublika Nazirlər Sovetinə layihə təqdim edildi. Bu layihə şərq çinarının qorunub saxlanması məqsədi ilə qəbul olunduğuna görə Heydər Əliyev tərəfindən dəstəklənərək 1974-cü ildə Azərbaycan SSR Nazirlər Sovetinin 4 iyul 1974-cü il tarixli qərarı ilə Bəsitçay çinar meşəsi qoruq elan olundu.
Bu meşə hazırda düşmən tapdağı altındadır. Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə ölkəmizin təbiətinə, onun ekologiyasına çox ciddi zərər vurmuşdur. Düşmən ölkə Azərbaycana qarşı ekoloji terror törətməkdə davam edir.
Ölkəmizin əhalisinin təqribən 30 faizi Abşeron yarımadasında yaşayır. Bakının yaşıllaşdırılması paytaxtın bəzəyi olmaqla bərabər həm də əhalinin sağlamlığı üçün də mühüm amildir. Bunu nəzərə alan Azərbaycan KP Mərkəzi Komitənin I katibi işləyən Heydər Əliyev 7 sentyabr 1971-ci ildə Bakı şəhərinin yaşıllaşdırılması haqqında qərar vermişdir (1976, 1982).
Abşeron yarımadasında təbii meşə yoxdur. Ona görə də yarımadanın havası quru, torpaqları münbit deyil. Lakin burada başqa amillər, məsələn, istilik, işıq çoxdur, vegetasiya dövrü uzundur. Abşeron yarımadasında yaşıllığın yaxşı inkişaf etməsi üçün bir sıra zəruri şərtə əməl etmək lazımdır. Həmin şərtlərdən ən başlıcası yarımadanın torpaq və iqlim şərai­tinə uyğun növlərin seçilməsidir. Uzunsürən müzakirələrdən sonra qərara alınmışdı ki, Bakı şəhərinin mailliyi yüksək olan ərazilərində relikt ağac olan Eldar şamı və mailliyi nisbətən aşağı olan ərazilərdə akasiya və zeytun ağacları əkilsin. Bunlarla bərabər yaxşı kölgəlik verən park ağacları və bəzək ağaclarının əkilməsi məsləhət olundu. Bu tarixi qərar Bakı sakinlərinin böyük ruh yüksəkliyinə səbəb oldu. Tez bir zamanda idarə və təşkilatlar bu işlərə qoşuldular. “Hər adama iki ağac əkmək”, “Bakını yaşıllıqlar diyarına çevirək” şuarları altında ümumyaşıllaşdırma hərəkatı başlandı. Heydər Əliyev Azərbaycan təbiətinə xüsusi önəm vermiş, onun daim təbii və ilkin toxunulmazlığını qorumağın vacibliyini zəruri saymışdır.
Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş ekoloji qərarlar, qanunlar, sərəncamlar ölkəmizin təbiətinin sağlamlığına yönəlmişdir. Bu iş ardıcıl, müntəzəm və sistem halında görüldüyü üçün böyük səmərə vermişdir. Təbiətə yönəlik hər hansı qəsd ulu öndəri çox hiddətləndirərdi: “Mən 1993-cü ildə Bakıya gələrkən, bizim əkdiyimiz, becərdiyimiz bəzi ağacların kəsilməsini görərkən, elə bildim ki, məni yaralayıblar. Mən dəfələrlə demişəm, bir də deyirəm, kim hansı bir sağlam ağacı kəsirsə, hesab edin ki, o, mənim qolumu, barmaqlarımı kəsir.... İnsan qurmalıdır, yaratmalıdır... hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir. Ona görə də siz hər bir ağacı qorumalısınız, hər bir ağacın qorunması uğrunda mübarizə aparmalısınız...”.
Təkcə 5 il müddətində Bakının yaşıllaşdırılması sahəsində xeyli işlər görüldü. 1970-ci ildə Bakı şəhərində adambaşına 6,5 kvadratmetr yaşıl sahə düşür­düsə, 1975-ci ildə bu göstərici 17,5 kvadratmetrə çatmışdır. Bunun isə Bakı sakinlərindən ötrü, onun mikroiqlimin yaxşılaşdırmaq üçün son dərəcə böyük əhəmiyyəti vardır.
Bir müddət keçdikdən sonra Bakı şəhəri yaşıllığa büründü. Yeni xiyabanlar, parklar salındı. Xüsusilə Bakı bulvarı, Dağüstü park çox gözəlləşdi. Əhalinin istirahət yerinə çevrildi. Hətta Bakıya gələn xarici qonaqlar da Bakının gözəlliyinə heyran olurdular.
1969-1982-ci illərdə Azərbaycana rəhbərlik edən Heydər Əliyev tərəfindən ətraf mühitin mühafizəsi və təbii resurslardan səmərəli istifadəyə dair çox mühum 8 qanun, 32 qərar qəbul olunmuşdur.
1993-cü ildə xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdışından sonra Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının ekoloji problemlərini bir daha ön plana çəkmiş, bu sahədə mövcud olan çatışmazlıqlara xüsusi diqqət ayırmışdı. Bir sıra yeni qanunvericilik sənədləri yenidən işlənərək təkmilləşdirilmiş və qəbul edilmişdi. Ölkəmiz beynəlxalq konvensiyalara qoşulmuşdu. Heydər Əliyevin qayğısı və təşəbbüsü ilə uzun illər ərzində yaranmış müstəqil Azərbaycana miras qalmış ekoloji problemlərin kompleks həllinə yönəldilən və davamlı inkişaf prinsiplərinə əsaslanan 5 Milli Dövlət Proqramı təsdiq edilərək icrasına başlanılmışdı. Ulu öndər tərəfindən milli parklar, yeni qoruqlar yaradıldı, mövcud olan qoruqların və yaşıllıqların ərazilərı genişləndirildi. Təbiəti Mühafizə Komitəsinin bazasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldı və ümummilli lider Heydər Əliyevin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli fərmanı ilə nazirliyin əsasnaməsi təsdiq edildi. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldıqdan sonra təbii sərvətlərin mühafizəsi, onlardan məqsədəuyğun, səmərəli istifadə edilməsi sahəsində böyük dönüş yarandı.
Azərbaycanda salınan yaşıllıq zonaları Heydər Əliyev zəkasının, onun yorulmaz fəaliy­yətinin, bu böyük insanın varlığına hopmuş vətən sevgisinin nəticəsidir.
  “İnsanları təbiətin övladı”   kimı dəyərləndirən Heydər   Əliyev Azərbaycana rəhbərlik  etdiyi bütün dövrlərdə daim  təbiətə qayğı göstərmiş, onun   sərvətlərini  göz  bəbəyi  kimi qorumağı  tövsiyə   etmişdir.

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ