SON DƏQİQƏ

PressDent.Info

Şəki Xan Sarayı Dünya İrsinin siyahısında

Şəki Xan Sarayı Dünya İrsinin siyahısında
7-07-2019, 20:27 696 dəfə baxılıb

İyulun 7-də Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Qərar Bakı Konqres Mərkəzində keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında qəbul olunub. Məlumatı Azərtac yayıb.

Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) bununla bağlı hesabatında deyilir ki, Xan Sarayı “dünya əhəmiyyətli tarix və memarlıq abidəsi”dir. XVIII əsrdə inşa edilən saray binası şəhərin şimal-şərq hissəsində, qala divarları ilə əhatə olunmuş ərazidə yerləşir. 30 metr uzunluğu olan ikimərtəbəli bina 300 kvadratmetr sahəni əhatə edir. Saray altı otaq, dörd dəhliz və iki güzgülü eyvandan ibarətdir. Özündə həm də xalq yaşayış binalarının xüsusiyyətlərini daşıyan saray binası, Qafqazda XVIII saray memarlığının ən gözəl nümunələrindən biri olmaqla, həm də İslam Şərqinin memarlıq incilərindəndir. Şəhərin tarixi mərkəzi ilə birlikdə saray 120 hektar ərazini əhatə edir.

Hesabatda Şəki ilə bağlı faylın 2017-ci ildə Polşada UNESCO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyasında “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyasının müzakirə olunduğu diqqətə çatdırılıb.

Müzakirələr zamanı Küveyt, Anqola, Çin, Bəhreyn, Braziliya, İndoneziya, Tanzaniya, Tunis, Qırğızıstan, Bosniya və Herseqovina, Uqanda, Norveç, Zimbabve, Burkina-Faso, İspaniya, Qvatemala, Avstraliya bu nominasiyanın Dünya İrs Siyahısına salınmasının vacibliyini vurğuladığı qeyd olunur. Bildirilib ki, 41-ci sessiyadan sonra Azərbaycan hökuməti bu tarixi məkanla bağlı ciddi işlər görüb. Bu səbəbdən də üzv dövlətin nümayəndələri faylın qəbulunu məqsədəuyğun hesab edirlər.

Azərbaycanın nümayəndəsi bildirib ki, nominasiya altı ildir yerli və beynəlxalq ekspertlər tərəfindən dəyərləndirilib və əraziyə dəvət olunub. ICOMOS-un tövsiyələrindən irəli gələn məsələlərlə bağlı ciddi işlər görüldüyü, yeni idarəetmə strukturu formalaşdırıldığı deyilib.

Müzakirələrdən sonra “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək qərara görə komitə üzvlərinə təşəkkürünü bildirib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ