SON DƏQİQƏ

PressDent.Info

Məktəb bazarında xaos və ya nazirliyin nəticəsiz monitorinqləri

Məktəb bazarında xaos və ya nazirliyin nəticəsiz monitorinqləri
15-08-2015, 16:38 159025 dəfə baxılıb

 
“İki uşağım məktəbə gedəcək. Bazarlıq üçün ən azı 200 manat lazımdır. Bilmirəm necə edim...”
 
Bunu deyən 35-40 yaşlı qadına çıxış yolunu isə satıcı göstərir:
 
-Kreditlə alın. Kartla ödəyin,  3 və ya 6 aya qədər verərsiniz.  Amma üstəlik 4,5 faiz komissyon haqqı ödəməlisiniz.
 
-Axı sizdə çantalar 60 manatdan başlayır. 12 vərəqli dəftəri 1 manata satırsınız...
 
-Onda bazara gedin...
 
***
 
Yeni dərs ilinin başlamasına bir ay qalıb. Artıq dükan və bazarlarda canlanma müşahidə edilir. Bahalı və keyfiyyətli məktəb ləvazimatları axtaranlar ticarət mərkəzlərinə, tanınmış mağazalara, nisbətən ucuz mal axtaranlar isə yarmarkalara, bazarlara üz tutur.  Məktəbə iki-üç uşaq yola salanlar arasında kreditlə alış-veriş edənlər də var.
 
Məktəb bazarında aparilan müşahidələrə əsasən bir uşağın məktəbə yola salınması ailəyə 150-200 manata başa gələcək. İki və daha çox uşağı olan ailələr 250-300 manat xərcləməli olacaq. Təbii ki, qiymət keyfiyyətə görə dəyişir.
 
Məktəbli dəstləri
 
Öncə məktəbli geyim dəstlərindən başlayaq. Hələ iki ay əvvəl “Bakı Tikiş Evi” məktəbli dəstlərinin bahalaşacağını açıqlamışdı.  Qiymət artımına səbəb kimi materialların Türkiyədən dollarla alınması və dolların da məzənnəsinin yüksəlməsi göstərildi.
 
Hazırda ölkə bazarında I-VI sinif şagırdləri üçün məktəbli dəsti 46 manata, VII-XI sinif şagırdləri üçün isə 56 manata satılır. Bu artımlara qədər isə I-VI sinif şagırdləri üçün bir dəst geyimin qiyməti 40 manat, VII-XI sinif şagırdləri üçün isə 52 manat idi.
 
Beləliklə, iki övladını məktəbə yola salan valideyn 92 və ya 112 manat ödəməlidir. Bura ağ köynək və corabları da əlavə edib dəsti tamamlayaq. Uşaqları 115 və ya 125 manata geyindirdik.
 
Ayaqqabı almaq istəyənlər də cibinə uyğun qərar verə bilərlər. Bəllidir ki, orta məktəblərdə yalnız qara rəngli ayaqqabılara icazə verilir. Bazarda müxtəlif qiymətə ayaqqabı tapmaq olar. Məsələn, “Xalqlar dostluğu” ticarət mərkəzində 20 manatdan 60 manatadək ayaqqabılar satılır.
 
Məktəbli çantaları, çeşid bol, qiymət baha...
 
Məktəbli çantalarına gəldikdə isə çantaların qiyməti nisbətən bahalaşıb. Hətta Çindən gətirilən və ötən il 15-20 manata satılan çantalar 30-35 manatadək bahalaşıb.
 
Doğrudur, bazarlardan 15-20 manata da çanta almaq olar. Ümumilikdə çantaların qiymətlərinə nəzər salaq.
 
Çindən gətirilən çantalar - 15-40 manat;
 
Dubaydan gətirilən çantalar - 20-40 manat;  
 
Türkiyə istehsalı olan çantalar -  30-60 manat;
 
Almaniya istehsallı çantalar - 80-200 manat;
 
Yunanıstandan gətirilən çantalar - 70-150 manat;
 
Rusiyadan gətirilən çantalar - 35-100 manat.
 
Göründüyü kimi, çantaları da əlavə etsək, artıq bir uşaq üçün təxminən 150 manat xərcləmiş oluruq.
 
12 vərəqli dəftər 1 manata?
 
İndi isə çantanın içərisini doldurmağa başlayaq. Doğrudur, dərsliklər dövlət tərəfindən pulsuz verilir. Amma testlər, əlavə oxu materialları, iş dəftərləri xeyli xərc tələb edir. Bunun üçün 20-30 manat nəzərdə tutmalısınız.
 
 
Dəftərlərə gəldikdə isə 12 vərəqli dəftəri 10 qəpikdən 50 qəpiyədək ala bilərsiniz. Cizgi film qəhrəmanının şəkli yapışdırılmış, Rusiya və ya Türkiyə istehsalı olan 12 vərəqli dəftəri bazardan 10 qəpiyə, kitab mağazasından 15 qəpiyə, məsələn, “Qrafika” mağazalarından 40 qəpiyə ala bilərsiniz.
 
Azərbaycan istehsalı olan 40 vərəqlı dəftərlər 40, Rusiya istehsalı olanlar 80 qəpik, Türkiyədən gətirilənlər 80 qəpik, Almaniya istehsalı olanlar 80 qəpikdir.
 
100 vərəqli dəftərlərin qiyməti də keyfiyyətinə və istehsal edilən ölkəsinə görə 50 qəpikdən 1 manatadək dəyişir.
 
Qələmlərin qiyməti də baha sayılmaz. 20-30 qəpiyə qələm almaq olar. Yox, əgər işıq saçan və ya bəzəkli qələm almaq istəyirsinizsə, 2 manatadək seçim imkanı var.
 
Sadə karandaşı 20 qəpikdən 40 qəpiyədək, xətkeşi 20 qəpikdən 1 manat 50 qəpiyədək, karandaş dəstini 1 manat 50 qəpikdən 15 manatadək, pozanı 20 qəpikdən 1 manatadək, karandaş yonanı 40 qəpikdən 5 manatadək almaq olar.
 
 
Şəkil albomu, dəftər üzü üçün 2-3 manat yetərlidir. 
 
İbtidai siniflər üçün nəzərdə tutulan yemək və su qabının qiyməti də fərqlidir. Çin istehsalı olan qabları 3 manata, Türkiyə və ya Rusiya istehsalı olan qabları isə 15-20 manata ala bilərsiniz.
 
Hər ayın sonunda təkrar bahalaşma
 
Metronun “28 may” stansiyasının yaxınlığındakı kitab mağazasının Elşən adlı satıcısı deyir ki, iyun-iyul aylarına nisbətən avqustda bahalaşma olur. Avqustun sonu-sentyabrın əvvəlində isə qiymətlər bir qədər də artır: “Sentyabrın sonunda qiymətlər təkrar aşağı düşəcək. İndi hələ bazar tam canlanmayıb. Tələbat çoxaldıqca qiymət də artacaq”.
 
“Əhmədli” metrosunun yaxınlığında yerləşən kitab mağazasının sahibi isə deyir ki, dolların bahalaşması qiymətlərə təsirsiz ötüşməyib: “Biz əsasən Çin və Rusiyadan mal gətiririk. Dollar bahalaşıb, qiymətlər artır. Bu ərəfədə əlavə xərclərimiz də çox olur. Daşınma xərcləri iki dəfə baha başa gəlir. Dərslikləri isə neçəyə alırıqsa, elə də satırıq. Valideyn keyfiyyətli dəftər, qələm alırsa, Rusiya, Türkiyə istehsalı olan mallara üstünlük verir. Biz baha alıb, necə ucuz sataq? İş çoxalır, satıcıların maaşını artırırıq”.
 
İqtisadçı Sahib Məmmədov isə bununla razı deyil. O deyir ki, məktəb bazarındakı qiymətləri tələbat formalaşdırmır: “Tələbatı nəzərə alıb qiymətləri süni şəkildə artırırlar. Müşahidələr göstərir ki, dövlət qurumları bu sahəyə nəzarət etmir. Halbuki İqtisadi İnkişaf Nazirliyi başda olmaqla əlaqədar qurumlar süni qiymət artımının qarşısını almaq üçün tədbirlərə başlamalıdır. Məktəbli dəstlərinin hazırlanması yalnız bir-iki fabrikə həvalə edilib. Onlar da istədikləri qiyməti diqtə edir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yalnız “Bakı Tikiş Evi”nə sertifikat verib. Digər məktəbli dəstlərinin sağlamlığa ziyanlı olduğunu iddia edib satışdan yığışdırırlar. Bu sahəyə kənar müəssisələr buraxılmır. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Təhsil Nazirliyi yalnız bu geyimləri tələb edir. Yəni məktəbli bazarında inhisarçılıq var, burada xaos və pərakəndəlik hökm sürür. Buna görə də hər yeni dərs ili ərəfəsində ən azı 30-40 faiz bahalaşma müşahidə edilir”.

 

Sonda onu da xatırladaq ki, İqtisadiyyat və Sənaye Nazirliyi məktəb bazarındakı süni qiymət artımı ilə bağlı monitorinq keçirəcəyini elan edib. Nə fərqi var ki, bu monitorinq sentyabrda olacaq, ya oktyabrda?! Bu monitorinqlər onsuz da heç bir işə yaramır, yalnız formallığa xidmət edir...

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ