SON DƏQİQƏ

PressDent.Info

Bakının girişlərində etiraz səsləri… - FOTOLAR

Bakının girişlərində etiraz səsləri… - FOTOLAR
16-09-2015, 19:12 41148 dəfə baxılıb

Xüsusi dayanacaqlar hələ hazır deyil, tualet isə ümumiyyətlə tikilməyib.

Rayon sakinləri qadağalara kəskin etirazlarını bildirdilər; «Belə də ayrı-seçkilik olar?!»

Dünəndən etibarən rayon qeydiyyatında olan yük və minik avtomobilləri, eyni zamanda avtobus və mikroavtobusların Bakıya daxil olmasına qoyulan qadağa qüvvəyə minib. 
Baş nazirin müavini, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifovun qərarına əsasən sentyabrın 15-dən rayon qeydiyyatında olan avtomobillər səhər saat 7:00-dan axşam saat 24:00-a qədər paytaxta buraxılmayacaq. 
Həmin avtomobillər şəhərin cənub və şimal girişindəki duracaqlarda saxlanılacaq. Bu məqsədlə şəhərin cənub girişində - Bakı-Ələt yolunda və şimal girişində - Bakı-Quba yolunda avtomobillər üçün dayanacaqlar tikilib. Girişlərdə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ilə yanaşı, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı, Post Patrul Xidməti və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları xidmət göstərir.
"Bizim Yol"un əməkdaşı Bakı-Ələt yolunun 14-cü kilometrliyində yerləşən dayanacaqda olub və maşınların şəhərə buraxılmaması prosesi ilə maraqlanıb.
Qeyd edək ki, xüsusi dayanacaq istifadəyə tam verilməyib. Rayona geri qayıtmaq istəyən avtomobillər üçün dayanacağın yaxınlığında heç bir döngə yoxdur, rayondan gələn sürücülərin əksəriyyəti bu qərardan narazıdırlar.
Dayanacağa yaxınlaşanda burada avtomobillərin hərəkətində sıxlığın olduğunu müşahidə etdik. Avtomobillərin aramsız siqnalları və sürücülərin etiraz səsləri bir-birinə qarışıb. Polislər isə "heç kimə güzəşt yoxdur" deyərək sürücüləri qaydaya əməl etməyə çağırış edirdilər. 
Dayanacağın ərazisinə daxil olduq. Məlum oldu ki, dayanacaq Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə məxsus "Siqnal ili" İdarəsinə tabedir. Dayanacaq müşahidə kamerası ilə mühafizə olunur. Amma dayanacaqda problemlər var. Belə ki, dayanacaq istifadəyə tam hazır deyil. Yəni dayanacağın gözləmə zalı, ana və uşaq otağı, tibb otağı, xidmətçilərin otağı və kafedə tikinti işləri aparılır. İş icraçıları bu işin bir həftəyə yekunlaşacağını deyirlər. Tualetin isə harada tikiləcəyi ümumiyyətlə məlum deyil. Dayanacaqda bir anda 200-dən artıq avtomobilin dayana biləcəyi deyilir. 
"Camaatın xəstəsi var, öləni var, itəni var, çörək qazananı var. Belə olmaz axı. Mən on ildir ki, taksi fəaliyyəti ilə məşğulam. Ailəmi bununla saxlayıram. Hökumət bu qərarında rayon əhalisini nəzərə almayıb. Mən qərardan xəbərdar olsam da gəldim. Mən vətəndaş və vergi ödəyicisi olaraq hökumətin qərarına etiraz edirəm",-deyə Şirvan-Bakı marşrutu ilə taksi xidməti göstərən Elnur Ağayev bildirdi.
Problem bunlarla da bitmir. Belə ki, paytaxta buraxılmadığına görə rayona qayıtmaq istəyən avtomobillər üçün dayanacağın yaxınlığında döngə yoxdur. Bunun üçün sürücü gərək təxminən 1 kilometr aralıda yerləşən yerüstü keçiddən dönsün. Polis rayon qeydiyyatında olan avtomobil sahibinin sənədlərini alır, sürücülər yürüstü keçiddən dönüb qayıdanda sənədləri geri qaytarır. 
"Dayanacaq pulsuz fəaliyyət göstərir. Rayon qeydiyyatında olan yük və minik avtomobilləri burada dayanırlar. Gecə saatlarında onların paytaxta daxil olmasına icazə verilir. Buradan şəhərdaxili marşrut avtobusları da işləyir. Minib getsinlər. Burada bir halda icazə var. O da ki, vətəndaşın səhhətində problem varsa və bununla bağlı göndərişi varsa, onun üçün məhdudiyyət aradan götürülür. Amma "xəstəm var" kimi bəhanələr qəbul olunmur",-deyə adını açıqlamayan yol polisi əməkdaşı bildirdi. 
Dayanacağın daxilində iki ambulans maşını dayanıb. Tibb işçilərinə yaxınlaşıb onlara müraciətin olub-olmadığını soruşuruq.
"Bu gün səhər saatlarında dializ xəstəsi bizə müraciət etdi. Onun səhhətini yoxladıq, vəziyyəti kafi idi. Birinci qrup əlil olan bu şəxsin göndəriş əsasında Bakıya-xəstəxanaya getməsinə şərait yaradıldı. Kimin göndərişi varsa, onun paytaxta daxil olmasına məhdudiyyət yoxdur. Müraciət edənlər çox olur, biz burada onları müayinə edirik, nəticələri müsbət olduğu üçün onların öz avtomobilləri ilə paytaxta daxil olmasına icazə verilməyib",-deyə Səbail rayonu 19 saylı Təcili Yardım Stansiyasının səyyar həkimi Kamil Həsənov bildirdi. Onun sözlərinə görə, 24 saat ərzində növbəli əsaslarla burada tibbi xidmət göstərilir. Hələ ki, onların fəaliyyətindən şikayətçinin olmadığını bildirdi.

 

Şahidi olduq ki, Ələt-Astara yolundakı dayanacaqdan sərnişinlərin şəhərə daşınması üçün magistraldan keçən 195, 197, 206 və 146 saylı marşrut avtobuslarından istifadə edə bilərlər. Bu avtobusların sayı isə azdır, cəmi 43 ədəddir.  Dispetçerin sözlərinə görə, yaxın günlərdə avtobusların sayı artırılacaq.
Bakının girişlərində etiraz səsləri… - FOTOLAR
Bakının girişlərində etiraz səsləri… - FOTOLAR
Bakının girişlərində etiraz səsləri… - FOTOLAR
Bakının girişlərində etiraz səsləri… - FOTOLAR

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ