SON DƏQİQƏ

PressDent.Info

Azərbaycanda aktyorlar nə qədər qazanırlar?

Azərbaycanda aktyorlar nə qədər qazanırlar?
23-12-2019, 15:38 10701 dəfə baxılıb

İnsanların həyatının ayrılmaz parçasına çevrilmiş seriallar maraq obyekti olmaqda davam edir. Serialların büdcəsi, çəkiliş meydançaları, aktyorlar hər biri ayrılıqda tamaşaçı kütləsi üçün cəlbedici nüanslardır.

"Yeni Müsavat" yazır ki, bu günlərdə qəzetimizdə sözügedən nüanslardan biri dərc olundu. Həmin məqalədə məşhur Türkiyə aktyorlarının seriallarda oynadıqları baş rollara görə aldıqları qonorarın miqdarından söhbət gedirdi.

Reytinq cədvəlinə liderliyi  "Aşk-ı Memnu" serialı ilə ulduzu parıldayan Kıvanç Tatlıtuğ edir. O,  yeni serialı ilə ayda 260 min lira (120 min AZN) qazanır. Kənan İmirzalıoğlu, Tuba Büyüküstün kimi tanınmış aktyorlar da hər seriyaya görə 60 min TL (28 min AZN) qazanırlar.

Serial çəkilişi Azərbaycanda da son illər xeyli populyarlaşıb. Ölkə başçısının serialların çəkilişi üçün ayırdığı vəsait hesabına 2013-cü ildə 15-dən çox serial çəkilib. Maraqlıdır, bəs azərbaycanlı aktyorlar serial çəkilişi zamanı nə qədər pul qazanırlar?

Bir müddət əvvəl "Qaynana" serialında rol almış, hazırda "Bir ailəm var" serialında çəkilən Kənan Yusifov bu mövzu barədə səmimi ola bilməyəcəyini dedi: "Bilirsiniz, məndə məsələ bir az fərqlidir. Müəyyən səbəblərə görə məvacibim də digərlərindən fərqlənir. Odur ki, orta statistik rəqəm çıxarmaq çaşdırıcı ola bilər. Ümumilikdə isə aktyordan, serialdan asılı olaraq qiymətlər dəyişir. Hansı rolu hansı aktyorun canlandırmasından asılı olaraq bir günə 50-100 manatdan başlamış üzü yuxarı məbləğdə pul ödənir. Lakin nadir hallarda kiməsə 1000 manat verilə bilər. Adətən günlük ödənişlər 1000 manatdan aşağı olur".

"Zalım intiqam" serialında rol alan Kamran Yunis də Azərbaycanda aktyorların seriallarda oynadığı rola az qonorar aldığını bildirdi: "Aktyorlar serial çəkilişləri zamanı bir günə 30-40-50 manat alırlar. Ona görə də mən təklifləri qəbul etmirəm. Mən serialdan günümə 150-200 manat tələb edirəm deyə çəkmirlər. Bədii filmdə isə fərqlidir, müqaviləyə görə məvacibin miqdarı dəyişir. Mən axırıncı dəfə günümə 400 manat almışam. Rol böyük olduqda danışıqlar gedir. Bir filmə ümumilikdə 4000, 5000 manat almaq olur. Amma elə filmlər də var ki, yekunda 300-500 manat ancaq alırsan".

Tanınmış rejissor, geyim rəssamı Adil Azay isə maraqlı nüanslara toxundu: "Aktyorun titulundan asılı olaraq qiymətlər müəyyənləşir. Bu gün Azərbaycanda ən bahalı aktyor Rasim Balayevdir. Onun bir günlük çəkilişi 1000 manatdır. Ondan sonrakı yerlərdə Fuad Poladov, Fəxrəddin Manafov dayanır. Son illər çəkilən serialların bir günlük büdcəsi təxminən 8-10 min manat arasında dəyişir. Zəruri xərclər hesablandıqdan sonra yerdə qalan məbləğ aktyorlar arasında bölünür. Elə aktyor var, 100, eləsi var, 200 manat alır. Türkiyədə serialın bir günlük büdcəsi 50-70 min manat arasında dəyişir. Ona görə də aktyorların qonorarları yüksəkdir. Bizdə büdcə çox azdır, yetim puludur.

Mən isə bu illər ərzində əsasən sənədli filmlərin çəkilişi ilə məşğulam. Sənədli filmlərin aktyorları bir günü üçün maksimum 200-250 manat arası məvacib alır. Biz istəsək də bundan çox pul verə bilmərik. Çünki büdcə budur. Amma deyim ki, aktyorların pulunu yeyən dələduz rejissorlar da az deyil. Məndə bir dəfə də olsun belə şey olmayıb".

"Aramızda qalsın" serialından Mehman kimi tanıdığımız Qurban Məsimov da məvacibin azlığından gileyləndi:

"Düzü, bu şirkətlə bağlanan müqavilənin kommersiya sirridir. Sadəcə deyə bilərəm ki, seriala çəkildiyim müddətdə aldığım qonorar məni qane edirdi. Daha sonra şərtlər dəyişdikdə yeni müqaviləni imzalamadım".


ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ