SON DƏQİQƏ

PressDent.Info

Ermənistanda qalmaqal: rəsmi şəxslərin telefon danışıqları internetdə yayılıb

Ermənistanda qalmaqal: rəsmi şəxslərin telefon danışıqları internetdə yayılıb
13-09-2018, 15:43 2958 dəfə baxılıb

Çərşənbə axşamı Youtube-da Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəisi Artur Vanetsyan və Xüsusi İstintaq Xidmətinin (XİX) rəhbəri Sasun Xaçatryan arasında telefon söhbətinin yayılması Ermənistandan qalmaqala səbəb olub.

Ermənistan baş naziri Nikol Paşinyan MTX və XİX rəhbərləri arasında telefon danışığının gizli dinlənilməsini “Ermənistan dövlətçiliyinə qarşı sui-qəsd və cinayət” adlandırıb.

Paşinyan Yerevan bələdiyyə seçkilərində iştirak edən “Mənim addımım” seçki blokunun təbliğat mitinqində çıxışı zamanı telefon söhbətinin yazılması və yayılmasında sabiq prezidentlər Robert Koçaryan və Serj Sarkisyana yaxın dairələri günahlandırıb.

O, oliqarxlar və müəyyən qüvvələr tərəfindən gizli qulaq asma avadanlığı əldə etdikləri haqqında məlumatların təsdiqləndiyini bildirib.

Paşinyan mitinq tribunasından hüquq mühafizə orqanlarını “elə bu andan oliqarx və yüksək vəzifəli məmurların mühafizəçilərini [lazım gələrsə] asfalta uzadaraq, reydlər başlamağa” çağırdı, iki saatdan sonra isə MTX və Polis rəhbərlərinin hesabatını gözlədiyini dedi.

“Mən Milli Təhlükəsizlik Xidmətinə, Polisə sərəncam vermişəm ki, ən qısa müddətdə bu sui-qəsdi təşkil edənlər aşkar edilib ən sərt məsuliyyətə cəlb olunsunlar”, – Paşinyan bəyan edib.

MTX və XİX rəhbərləri nədən danışırlar

Təxminən iyulun son günlərində gizli qulaq asılan telefon söhbəti zamanı Artur Vanetsyanla Sasun Xaçatryan eks-prezidenti Robert Koçaryana, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturova və keçmiş müdafiə naziri Mikayel Harutyunyana qarşı cinayət işləri müzakirə olunub. Onlar “1 mart 2008-ci il” cinayət işi üzrə ittiham olunurlar.

Sasun Xaçatryan MTX rəhbəri Vanetsyana Koçaryanın cinayət işinin təfərrüatlarını söyləyir, Vanetsyan isə Koçaryanın işi ilə bağlı vəsatətə baxan hakimin ona zəng edib eks-prezidenti həbs etmək üçün əsaslar axtardığını danışır.

“Hakim sanki bir qədər qorxu içindəydi, deyir, [həbs üçün] əsasları nəzərdən keçirməlidir. Dedim, qorxma, istəsən də, istəməsən də həbs edəsi olacaqsan”, – Vanetsyan deyir.

Vanetsyan həmçinin Yuri Xaçaturovun həbs edilməsi ehtimalı ilə bağlı deyir ki, bunu etməyə dəyməz, “Xaçaturov KTMT baş katibidir, biabır olarıq […],qoy müddəti başa çatsın sonra”.

Xaçatryan: – O, artıq bizdədir axı.

Vanetsyan: – Bu, siyasi problemdir, dilindən kağız alıb buraxın… Bu, ciddi məsələdir. Ruslarla yenicə dilə gəlmişik, tutsaq – rüsvay olarıq. Gözlə, mən sabah qayıdıram [Yerevana].

Xaçatryan: – Gedib baş nazirlə danışarsan. Çünki mən artıq demişəm ki, işi həbsə doğru aparıram.

Bir azdan Vanetsyan geri zəng edir:

– Xaçaturovu həbs etməsək, nə olar?

– Məhkəmə həbs tədbiri seçməsə, yəqin gərək dilindən kağız alma kimi tədbir seçilsin, ya da məhkəmə girov təyin etməlidir ki, o, müttəhim qismində qalsın, – Xaçatryan deyir.

Vanetsyan yenə “rusların” münasibətini xatırladır.

MTX və Xüsusi İstintaq Xidmətinin rəhbərləri yayılan telefon danışığında özləri olduğunu təsdiqləyiblər.

MTX rəhbəri gizli dinləmənin öz əməkdaşları tərəfindən aparıldığını istisna edir.

MTX və XİX rəhbərlərinin telefon danışığının gizli yazılıb yayılması ilə bağlı cinayət işi qaldırılıb. İstintaq Baş İstintaq İdarəsinə tapşırılıb, Xüsusi İstintaq Xidmətinin bu gün yaydığı məlumatında deyilir.

“Koçaryan xalqa meydan oxuyur”

Paşinyan MTX və XİX rəhbərlərinin telefonla danışıqlarına gizli qulaq asıb onu yayanların bu “sui-qəsdi” sabiq prezidentlərin xalqa meydan oxumaq cəhdi kimi səciyyələndirib.

“Robert Koçaryan və Serj Sarkisyan, siz Ermənistan xalqına meydan oxumaq qərarındasınız. Çağırışınızı qəbul edirik. Bizim cavabımızı gözləyin”, – sabiq prezidentlərə xitabən Paşinyan deyib.

Paşinyan istintaq orqanlarını qanun çərçivəsində sərbəst hərəkət etməkdən çəkinməməyə çağırıb. O, istintaq və məhkəmə işlərinə qarışmadığını, lakin baş nazir olaraq özünün tabeliyində olan orqanların hərəkətlərinə görə məsuliyyət daşıdığını bildirib və istintaq-məhkəmə orqanlarını daha qətiyyətli olmağa çağırıb.

“Mən müstəntiqlərə demişəm ki, kiminsə həbs edilməsi üçün kifayət qədər əsaslı faktlarınız varsa, həbs edin. Siyasi məsuliyyəti mənim üzərimə düşən həbslər üçün mən siyasi məsuliyyət daşıyıram. Mən nə Robert Koçaryanam, nə də Serj Sarkisyan ki, gedib müstəntiqlərin, ya polisin arxasında gizlənim”.

“Ölkədən talanan qaytarılmalıdır”

Baş nazir kimi Paşinyan ilk dəfə öz cinayətləri üçün məsuliyyətə cəlb ediləsi şəxslər arasında Serj Sarkisyanın da adını səsləndirib.

“Robert Koçaryan və Serj Sarkisyan Ermənistanda hakimiyyəti qəsb etdiklərinə görə məhkəmə qarşısında cavab verməlidirlər. Onlar Ermənistanı qarət etməkdə də günahkardırlar. Bunun üçün də cavab verməlidirlər”, – Paşinyan bəyan edib.

“Bizi şantaj etməyə çalışmayın. Bu gün mən bütün taladığınızı könüllü olaraq xalqa qaytarmağı tələb edirəm”, – deyə Paşinyan xəbərdarlıq edib ki, əks təqdirdə “böyük problemlə” üzləşərlər və “heç bir xarici qüvvə kömək edə bilməz”.

Baş nazir Paşinyan sabiq prezident Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyana onun adına Ermənistan banklarından birində “dondurulmuş” 30 milyon dolları bir həftə ərzində könüllü şəkildə büdcəyə verməyi təklif edibi. Bu pulların, baş nazirin sözlərinə görə, “Saşikin Ermənistanda bizneslə məşğul olanlarla şərikliyə girdiyindən” yarandığını və buna görə də ona “Saşik-50 faiz” ləqəbi verildiyini xatırladıb.

Robert Koçaryan “siyasi təqibə məruz qalır”

Vanetsyanla Xaçatryanın telefonla danışıqları internetdə yayıldıqdan sonra, Ermənistan sabiq prezidentinin ofisi həmin telefon danışıqlarını Robert Koçaryanın Ermənistan rəhbərliyi tərəfindən siyasi təqibə məruz qalmasına sübut kimi dəyərləndirib.

Robert Koçaryanın qeyri-rəsmi saytında yerləşdirilən bəyanatda deyilir ki, sabiq prezidentə qarşı siyasi təqiblər birbaşa Nikol Paşinyan tərəfindən idarə olunur.

Bəyanat müəlliflərinin fikrincə, telefon danışığından bəlli olur ki, “istintaqın ilk öncədən məqsədi işin üstünü açmaq deyil, sadəcə, Koçaryanı həbs etmək olub, hansı ki, klassik siyasi qisas nümunəsidir”.

Bəyanata görə, Koçaryan barəsində həbs-qətimkan tədbiri seçən birinci instansiya məhkəməsinin hakimi “hakimiyyətin kobud təzyiqi altında yuxarıdan diktə edilən qeyri-qanuni qərar” qəbul etməyə məcbur olub.

“Robert Koçaryan və Yuri Xaçaturov barəsində qətimkan tədbirləri Nikol Paşinyanın razılığı ilə qəbul olunub. Əvvəlcə Xüsusi İstintaq Xidməti (həbsi) razılaşdırıb, sonra isə Milli Təhlükəsizlik Xidməti tərəfindən (girov məsələsi) razılaşdırılıb”, – bəyanatda deyilir.

Robert Koçaryanın təmsilçiləri hesab edirlər ki, baş verənlər “yüksək vəzifəli məmurların iştirakı ilə cinayət” kimi qiymətləndirilə bilər.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ