SON DƏQİQƏ

PressDent.Info

Ərdoğan BBC-ə danışdı: Seçkilərdə kim qalib gəlsə, hörmətlə yanaşacağıq

Ərdoğan BBC-ə danışdı: Seçkilərdə kim qalib gəlsə, hörmətlə yanaşacağıq
15-05-2018, 20:26 783 dəfə baxılıb

Britaniya səfərindən öncə BBC-nin “HARDtalk” proqramına qatılan prezident Recep Tayyip Erdoğan 24 iyunda keçiriləcək erkən seçkilərlə bağlı “kim qazansa hörmətlə yanaşacağıq” deyib.

BBC-dən Zeinab Badawi-nin suallarına cavab verən cənab Erdoğan məqsədin “Türkiyəni dünya iqtisadiyyatı sıralarında ilk 10-a daxil etmək” olduğunu vurğulayıb və “Suriyadakı və Türkiyədəki kürdlərlə aramız heç olmadığı qədər yaxşıdır” deyib.

Prezident Erdoğan BBC-ə London səfərinin səbəbini bu cür izah edib:

“Söz verdim. Seçki kampaniyası olduğu halda təxirə salma yolunu seçmədim. Çünkü, istər Kraliça ilə, istər May-lə (Britaniyanın Baş naziri Theresa May), istərsə Johnson-la (Britaniya Xarici İşlər naziri Boris Johnson) görüşlər keçirəcəyik. Bundan başqa görüşlərimiz də olacaq.”

“Bununla yanaşı, Britaniya və Türkiyə arasında ikitərəfli ticarət münasibətlərini də nəzərdən keçirəcəyik. Hazırda 17 milyard dollar miqdarında olan aramızdakı ticarət həcminin artırılması üçün səy göstərəcəyik”, cənab Erdoğan bildirib.

“Bizim hazırda müdafiə sənayesində Britaniya və Türkiyə arasında münasibətlərimiz var, bunları genişləndirmək üçün səy göstərəcəyik. Brexit-dən sonra Türkiyə və Britaniya arasında ticarət münasibətlərinin inkişaf nöqtəsində böyük fürsətlərin olduğunu düşünürük.”

Prezident Erdoğan seçkilərlə bağlı suallara da cavab verib.

24 iyundakı seçkilərlə əlaqəli olaraq Badawi-nin “Türkiyədəki müxalifləriniz erkən seçkilərin keçirilmə səbəbinizin gücünüzü möhkəmləndirmək üçün olduğunu deyir. AKP-də uzun müddət boyunca sizinlə bərabər olan Abdüllatif Şener kimi adlar “Sizin Türkiyəni avtoritarlığa sürüklədiyinizi və Türkiyənin artıq demokratik rejim olmadığını deyir. Sizcə, haqlıdırlarmı?” sualına Erdoğan bu cavabı verib:

“Xanım, baxın, mənə elə mənbə göstərin ki, biz o mənbəni adam yerinə qoyaq. Bu mənbənin siyasətdə savaş dəyəri yoxdur. Siz bunu necə mənbə olaraq qəbul edirsiniz? Bu, bizim partiyadan ayrılandan sonra partiya qurdu, sıfırlandı. Başqalarına yaxınlaşdı, sıfırlandı. İndi də nə etsin, yatır-qalxır indi Türkiyəyə 11.5 il prezidentlik etmiş Erdoğan barədə irəli-geri danışmaqla ordan nəsə əldə etməyə çalışır.”

“Türkiyə hüquq dövlətidir. Bu hüquq dövlətinin daxilində hər şey çalışır, mən 17 ay əvvələ çəkməklə ana müxalifətin bizə meydan oxumasına qarşı “Haydi, buyurun” dedik, onları meydana çağırdıq. Etdiyimiz budur. Türkiyə bu hüquq dövlətinin daxilində də yenə eyni şəkildə erkən seçkilərə getmə nöqtəsində konstitusiya dəyişikliyini müxalifətlə birlikdə etdik və hamı birgə olaraq bu demokratik qərarı aldıq və indi də 24 iyunda seçkilərə gedirik.”

Erdoğanın bu cavabından sonra Badawi, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı Zeid Ra’ad al-Hussein-in ünvanladığı tənqidlər haqqında soruşub.

Erdoğan “Xanım, məni güldürməyin. Bu dediklərinizin hamısının ilkin ehtimalları var. Türkiyədə seçki var. Bu seçkiyə ATƏT də gəlir. Fərqli ölkələri də dəvət edirik. Və hamısının iştirakı ilə səsvermə keçirilir. Bu səslər verildiyi zaman kimin qazandığı ortaya çıxacaq. Biz təkrar qazansaq, hamı buna hörmətlə yanaşacaq. Qazanmasaq, biz, kim qazansa ona hörmətlə yanaşacağıq. Məsələ bu qədər sadədir”.

Badawi-nin “30-40 faiz AKP-ni dəstəkləyənlər iqtisadi durumdan razı deyil, iqtisadiyyat çox da yaxşı durumda deyil, odur ki, insanlar söyləyir ki, siz erkən seçkini vəziyyətin daha da pisləşməsini qabaqlamaq üçün keçirirsiniz” sualına Erdoğan belə cavab verib:

“Bu sualı niyə soruşursunuz? Əgər elədirsə, onda niyə soruşursunuz? Əgər söhbət qazanmamağımızdan gedirsə, onda kimlər ki, qazanacaq – çalıb oynasınlar. Rahat olun. Qərb də, siz də rahat olun. Elə BBC də çox rahat olsun.”

Reportajın davamında Badawi Erdoğana ünvanladığı “Qazanmaq üçün çox səy göstərirsiniz” ifadəsilə bağlı Erdoğan bunları deyib:

“İcazənizlə, siyasət yarışı içərisində olanlar uduzmaq üçünmü səy göstərməlidir? Təbii ki, qazanmaq üçün səy göstərəcəyik. Bütün tərkibimizlə və var gümüzlə qazanmaq üçün səy göstərəcəyik. Çünki bizim bütün hədəfimiz Türkiyəni müasir mədəniyyətlər səviyyəsinin üzərinə çıxarmaqdır və bunun üçün də Türkiyəni dünya iqtisadiyyatları sıralamasında ilk onluğa qaldırmaqdır.”

Erdoğan Suriyada PYD və YPG-nin strukturlaşmasını çökdürmək məqsədi daşıdıqlarını deyərkən Badawinin “Yəni, kürd partiyalar” ifadəsinə belə cavab verib:

“Suriya kürdləri deyib kürdlərlə qarşıdurma yaşamayaq. Çünki, bizim məsələmiz kürdlərlə deyil. Bizim kürd vətəndaşlarımızla da, Suriyadakı kürdlərlə də münasibətimiz heç vaxt olmadığı qədər yaxşıdır. Ancaq bir də orda terror təşkilatı olanlar var. Bunlardan biri PYD, digəri isə YPG-dir”.

Rusiyadan hava müdafiə sistemi S-400-lərin alınması haqda suala isə Erdoğan belə cavab verib:

“NATO-nun Baş katibi çox açıq və konkret açıqlama verib; üzvlərimiz istədikləri ölkədən istədikləri silahları ala bilərlər. Əgər mən Türkiyə olaraq Amerikadan istədiyim silahı ala bilmirəmsə, bu silahı hardan tapa bilirəmsə, ordan alıram”.

“Mən Trumpa da dedim, dedim ki, siz bizə verdiniz, bizmi sizdən almadıq? Vermədiniz”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ