SON DƏQİQƏ

PressDent.Info

Putinin ehtiyat oyunçulari qalmayib

Putinin ehtiyat oyunçulari qalmayib
9-05-2018, 19:33 1305 dəfə baxılıb

“Deutsche Welle”

Rusiyanı köhnə prezident idarə edəcək. Bu işdə də ona əvvəlki baş nazir kömək göstərəcək. Dmitri Medvedev yenidən Rusiya hökumətinin başçısı olur. Hökumətdə yeni üzvlər minimum sayda olacaq. Hətta əksər yenilər belə, 2012-ci ildə hökumətdə işləmiş şəxslərdir. Putinin ehtiyat oyunçuları qalmayıb. Məhdud çevrədə qapanıb qalıblar.

Vladimir Putin uzatmaq istəmədi və inauqurasiyadan dərhal sonra Dövlət Dumasına Dmitri Medvedevin namizədliyini irəli sürdü. Medvedev də dərhal hərəkətə keçdi. Elə həmin axşam “gənc” hökumət rəhbəri “Vahid Rusiya” fraksiyası ilə görüş keçirdi. Heç kim nəzakətindən xatırlatmadı ki, Medvedev həm də partiyanın lideridir.

Medvedev yeni müavinlərini təqdim etdi. O, özünün ən yaxın silahdaşı ilə – Arkadi Dvorkoviçlə vidalaşdı. Baş nazirin müavini postunu həm də Dmitri Roqozin, İqor Şuvalov və Aleksandr Xloponin tərk edir.

Gedənlərin əksəriyyətinin taleyindən narahatlıq keçirməyə dəyməz. Postlarını itirən baş nazir müavinləri, adətən, prezident administrasiyasında dövlət başçısının köməkçisi və ya müşaviri vəzifəsində peyda olurlar. Yaxud da hansısa bir müəssisə onların ixtiyarına verilir.

Yeni təyin olunanlara gəlincə, onların əksəriyyəti hökumətdən keçən adamlardır. Amma yenilər də var. Məsələn, maliyyə naziri Anton Siluanov baş nazirin birinci müavini postuna layiq görülüb. Hazırda həbsdə olan keçmiş maliyyə naziri Aleksey Ulyukayevdən fərqli olaraq, Siluanov özəlləşdirmə məsələləri ilə bağlı Putinin köhnə dostları ilə münaqişəyə girməmişdi.

Bundan başqa, hökumətə daha bir maliyyəçi qayıdır – Tatyana Qolikova. O, bu postu tutmaq üçün düz altı il idi ki, gözləyirdi. Qolikova əvvəlcə Kremldə işləyirdi, sonra Hesablama Palatasına sədr olmuşdu, indi isə göründüyü kimi, Ağ Evə qayıdır.

Səhiyyə və Sosial İnkişaf naziri postunu tutarkən hökumət bu sahədəki xərcləri o qədər aktiv şəkildə “optimallaşdırdı” ki, artıq 2011-ci ildə intensiv şəkildə onun istefasına dair tələblər səsləndirilməyə başladı.

Qolikova getməyə məcbur oldu. Səhiyyədə islahatlar yüzlərlə tibb müəssisəsinin qapadılması ilə nəticələndi. Lakin rusların yaddaşı güclü deyil. Və Tatyana Qolikovanın qayıdışı, çətin ki, kütləvi etiraza səbəb ola.

Keçmiş idman naziri Vitali Mutko isə yeni hökumətdə baş nazirin müavini postunu tutacaq. O, regional siyasət və tikinti işlərindən məsul olacaq.

Soçi olimpiadasındakı dopinq qalmaqalı, qarşıdakı futbol üzrə dünya çempionatı ilə bağlı stadionların tikintisindəki problemlər Mutkonun yeni və məsuliyyətli postu tutmasına mane olmadı.

Mutkonun təyinatı Dmitri Medevedevin bu hökumətinin ən yaxşı göstəricisidir. Yeni Nazirlər Kabinetinin peşəkarlığını, səmərəliliyini və təsir səviyyəsini elə bununla qiymətləndirmək olar.

Sıravi ruslar üçün Medvedev hökumətində vəzifələri kimin tutacağı, kimlərin sonradan prezident administrasiyasında üzə çıxacağı, kimlərin isə həbsə göndəriləcəyi o qədər də vacib deyil. Bu adamların əksəriyyəti müstəqil qərar qəbul etmirlər və əsas xətti aparırlar. Bu xətt isə dəyişmir.

Vladimir Putin yeni may sərəncamları imzalayıb. Lakin bu, məsələn, səhiyyə sahəsində xərclərin optimallaşdırılmasına təsir edə bilməyəcək. Bu sahəyə kimin rəhbərlik etməsindən asılı olmayaraq.

Dmitri Roqozin gedəcək, amma bu, Rusiya sənayesinin militarizasiya siyasətini dayandıra bilməz.

Xarici müşahidəçilərin fal açmasına ehtiyac yoxdur ki, Sergey Lavrov XİN rəhbəri postundan gedəcək, ya yox. Xarici siyasət kursunu o müəyyənləşdirmir. Şəxsən Putin müəyyənləşdirir. Ölkədə şəxsi hakimiyyət rejimi tamamən formalaşıb. Baş nazir Dmitri Medvedev də, onun nazirləri də bir kabinetdən o biri kabinetə keçən başlardır. Və hakim rejimin mahiyyətini dəyişmirlər…

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ