SON DƏQİQƏ

PressDent.Info

ABŞ Ukraynaya Javelin göndərdiyini təsdiqləyir

ABŞ Ukraynaya Javelin göndərdiyini təsdiqləyir
30-04-2018, 19:00 7569 dəfə baxılıb

Birləşmiş Ştatlar Ukraynaya Javelin antitank raket sistemlərini göndərdiyini AzadlıqRadiosu-na (RFE/RL) təsdiqləyib. Bu addımı Kiyev alqışlasa da, Moskvanı qəzəbləndirəcəyi dəqiqdir. Ukraynanın şərqində dörd ildir gedən münaqişədə rusiyapərəst separatçılar hökumət qüvvələri ilə mübarizə aparır.

Raketlər artıq çatdırılıb”, – aprelin 30-da Dövlət Departamentinin rəsmisi radionun sorğusuna cavabında bildirib.

Öldürücü silahların göndərilməsi Birləşmiş Ştatların bu münaqişədə iştirakını dərinləşdirir. Bu, eyni zamanda Ukraynanın münaqişədə Qərbin dəstəyini qazanması yönündə simvolik qələbəsi sayılır.

Bu məsələ Vaşinqtonda aylarla qızğın debatlara səbəb olmuşdu, prezident Donald Trump-ın məsələyə könülsüz yanaşdığı bildirilirdi. Javelin satışının dekabrda Ağ ev tərəfindən təsdiqləndiyi xəbərlənirdi.

Həmin xəbər Moskvanın sərt danlağına səbəb oldu. Rusiya xarici işlər nazirinin müavini Sergei Ryabkov Birləşmiş Ştatları “müharibəni qızışdırmaqda” suçlayırdı.

“VAXTINDA” ÇATDIRILIB

Dövlət Departamentinin açıqlamasından öncə iki mənbə Javelin –in Ukraynaya çatdırılmasını AzadlıqRadiosu-na təsdiqləmişdi. Mənbələr açıq danışmaq səlahiyyəti olmadığından anonim qalmaq istəmişdilər.

Ancaq raket sistemlərinin Ukraynaya nə vaxt çatması, vəd olunan raketlərin hamısının verilib-verilməməsi, Ukrayna ordusunun Javelin-lə təlimə başlayıb-başlamaması haqda məlumat verilmir. Mənbələrdən biri Javelin-lərin “vaxtında” çatdırıldığını deyib.

Dövlət Departamenti yalnız informasiyanı təsdiqləyib, əlavə məlumat verməyib.

Kiyev və Qərb hökumətləri Moskvanın Ukraynadakı separatçıları silahlandırdığını, onları koordinasiya etdiyini, rusiyalı döyüşçülərini oraya savaşmağa göndərdiyini bildirir, Rusiya bunları rədd edir. Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra münaqişə qızışıb.

Ukrayna prezidenti Petro Poroshenko Qərb rəsmilərindən daha çox silah istəyir. Ancaq aprelin 30-da Poroshenko-nun idarəsindən Javelin-lər barədə açıqlama almaq mümkün olmayıb.

Martda təsdiqlənmiş 47 milyon dollarlıq ABŞ hərbi yardım paketində Kiyev üçün 210 Javelin antitank raketi, 37 Javelin buraxıcı qurğusu nəzərdə tutulmuşdu.

2015-ci ildən Birləşmiş Ştatlar Ukraynaya 750 milyon dollarlıq qeyri-öldürücü yardım göstərib. Buraya Humvee zirehli maşınları, gecəgörmə avadanlığı, qısamənzilli radar sistemləri daxildir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ