SON DƏQİQƏ

PressDent.Info

Avropa Birliyi Suriyaya görə üç ölkəyə səsləndi

Avropa Birliyi Suriyaya görə üç ölkəyə səsləndi
26-04-2018, 19:18 2175 dəfə baxılıb

Avropa Birliyinin xarici siyasət rəhbəri Federica Mogherini Rusiya, İran və Türkiyəni Suriyada döyüşlərin səngiməsindən ötrü daha çox iş görməyə çağırıb.

Mogherini aprelin 25-də Brüsseldə jurnalistlərə danışıb. Burada beynəlxalq donorların konfransının ikinci günü keçirilir, Suriyaya görə yardım toplanır.

AB rəsmisi deyib ki, bu üç ölkə atəşkəs üçün şərait yaradılması, Suriya prezidenti Bashar al-Assad hökumətinə danışıqlar masasına qayıtmağa təzyiq göstərilməsi üçün “xüsusi məsuliyyət” daşıyırlar.

Onun sözlərinə görə, Rusiya, İran və Türkiyənin bu yöndə çalışmaq vədlərinin əksinə olaraq, “hərbi fəaliyyətin qızışdığını görürük”.

Suriyada yeddi illik vətəndaş müharibəsi dövründə Rusiya və İran Assad-a mühüm dəstək verib. Türkiyə isə Assad-ı devirmək istəyən üsyançıları dəstəkləyir. Bu müharibədə yüzminlərlə insan həlak olub.

ALMANİYA 1 MİLYARD AVRO DA AYIRIR

Ötən il üç ölkə Qazaxıstanın paytaxtı Astanada danışıqlar prosesi başladıb. BMT isə Cenevrədə Suriya danışıqlarına sponsorluq edir.

Aprelin 24-də Mogherini və BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura Cenevrə sülh prosesini təcili bərpa etməyə çağırıb. Daha öncə bu proses çərçivəsində səkkiz toplantı keçirilib, elə bir ciddi irəliləyiş əldə olunmayıb.

Almaniyanın xarici işlər naziri Heiko Maas isə aprelin 25-də Suriyadakı məcburi köçkünlərə və qonşu ölkələrdəki suriyalı qaçqınlara 1 milyard avroluq (1,22 milyard dollar) yardım boyun olub.

Almaniya 2012-ci ildən Suriyaya 4,5 milyard avro yardım ayırıb.

Brüsseldəki donor konfransında 80-dək ölkə, təşkilat və tərəfdaşları iştirak edir.

BMT agentlikləri aprelin 22-də müraciət imzalayaraq donor ölkələri Suriya və qonşu ölkələrdən ötrü ildə 9,1 milyard dollarlıq humanitar yardım toplamaqla bağlı BMT-nin çağırışına cavab verməyə səsləyib. Onlar indiyədək cəmi 2,3 milyard dollar yığıldığını bildiriblər. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ