SON DƏQİQƏ

PressDent.Info

Rusiya Qərbdən “əlini üzüb”

Rusiya Qərbdən “əlini üzüb”
11-04-2018, 20:16 9657 dəfə baxılıb

Rusiya Qərbə inteqrasiyayla bağlı əsrlərdir bəslədiyi ümidlərdən əl çəkib və geosiyasi təcridin yeni erasına qədəm qoyur. Belə bir xəbərdarlıqla Rusiya prezidenti Vladimir Putin-in müşaviri Vladislav Surkov çıxış edib.

Aprelin 9-da “Global Affairs” dərgisində yayılmış məqaləsində müşavir yazır ki, “Rusiyanın Qərbə doğru epik səyahəti” bitib, dörd əsr boyunca “Qərb sivilizasiyasının tərkib hissəsinə çevrilməyi hədəfləyən bihudə cəhdləri” sona çatıb.

“İKİ MÜTTƏFİQ”

Moskvayla Qərbin münasibətləri hazırda Soyuq Müharibə dövründən bəri ən aşağı həddədir. Gərginliyin əsas səbəbləri də Rusiyanın Ukraynanın Krım regionunu ilhaq etməsi, Ukraynanın şərqində separatçıları dəstəkləməsi, Suriyadakı yeddi illik müharibədəki rolu, ötən ay Britaniyada rusiyalı keçmiş casusun zəhərlənməsidir.

53 yaşlı Surkov illərdir Putin-in baş müşaviridir və hazırda onun Ukrayna üzrə müşaviri postunda çalışır. Onun fikrincə, 2014-cü ildə Ukrayna üzündən Qərblə ortaya çıxan ziddiyyətlər Rusiya üçün “geosiyasi tənhalıq əsrini (ola da bilsin, iki, ya üç əsri)” başladan dönüş hadisəsi oldu.

2014-cü ilin martında Krımın qanunsuz ilhaqı və Moskvanın ölkənin şərqindəki separatçılara dəstəyi Birləşmiş Ştatlar və Avropa Birliyinin sanksiyaları ilə sonuclandı. Eyni zamanda dünya bazarlarında neftin ucuzlaşması iki il ərzində Rusiya iqtisadiyyatında geriləmə yaratdı.

Surkov yazır ki, Rusiyanın yalnız “iki müttəfiqi var: ordusu və donanması”.

Tənhalıq tam bir təcrid demək deyil”, – yazan Surkov Rusiyanın açıqlığının gələcəkdə məhdudlaşacağını da vurğulayır.

“FƏDAKARLIQ ETMƏDƏN”

“Şübhəsiz, Rusiya ticarətini edəcək, sərmayələr cəlb edəcək, nou-hau mübadiləsi aparacaq, müharibələrdə savaşacaq… yarışacaq və əməkdaşlıq edəcək, qorxu, nifrət, maraq, rəğbət və heyrətə səbəb olacaq. Ancaq saxta niyyətlərsiz və fədakarlıq etmədən”, – Surkov yazıb.

Rusiya lideri 2000-ci ildə prezident seçiləndə Qərblə sıx əlaqələr yaratmağa çalışıb, ancaq o, sonradan Birləşmiş Ştatlar və avropalı müttəfiqlərini daha çox tənqid etməyə başlayıb. İndi isə onları Moskvanın əməkdaşlıq təkliflərini rədd etməkdə, düşmənçilik yaymaqda, Rusiyanı təcrid etməyə və zəiflətməyə çalışmaqda suçlayır.

Surkov Rusiyanın cidd-cəhdlə Qərbə qoşulmaq cəhdlərini ölkə elitasının “aşırı canfəşanlığı” na bağlayıb. Onun sözlərinə görə, o coşğunluq artıq bitib.

Çətin olacaq”, – yazan müşavir Rusiyanın “ulduzların tikanları üzərində” uzun bir yola çıxdığını yazır. “Əyləncəli olacaq. Ulduzları görəcəyik”, – o əlavə edir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ