SON DƏQİQƏ

PressDent.Info

İranın xarici işlər naziri xəbərdarlıq edir

İranın xarici işlər naziri xəbərdarlıq edir
8-01-2018, 19:33 14007 dəfə baxılıb

Mohammad Javad Zarif son iki həftənin antihökumət etirazlarını xarici kəşfiyyat xidmətlərinin qızışdırmasıyla bağlı İran hökumətinin iddiasını bir daha dilə gətirib.

Zarif yanvarın 8-də Tehranda təhlükəsizlik konfransında deyib ki, “heç bir ölkə qonşuları arasında təhlükəli durum yaratmaqla özünə təhlükəsiz mühit yarada bilməz”.

Rəsmi IRNA agentliyi Zarif-ə istinadla yazır ki, “belə cəhdlərin yalnız əks təsiri olacaq”.

Birləşmiş Ştatlar Vaşinqtonun bu etirazların arxasında durmasına dair İranın iddialarını rədd edib. Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) rəhbəri Mike Pompeo yanvarın 7-də deyib ki, agentliyin etirazlarda heç bir rolu olmayıb.

Prezident Donald Trump etirazçıları alqışlamış, uyğun zamanda Vaşinqtonun onları dəstəkləyə biləcəyini demişdi.

***

Avropa Birliyi (AB) İranın xarici işlər nazirini dekabrın 28-dən bəri ölkəni silkələmiş antihökumət etirazlarıyla bağlı danışıqlara dəvət edəcək.

Almaniyanın xarici işlər naziri Sigmar Gabriel yanvarın 7-də Berlində ZDF TV-yə deyib ki, AB-nin xarici siyasət rəhbəri Federica Mogherini ilə birlikdə İranın xarici işlər nazirini, mümkünsə gələn həftə danışıqlara dəvət etməyə razılaşıblar.

Nümayiş azadlığını dəstəklədiyimizi və dövlətin də bunu dəstəkləməli olduğunu çox sürətlə təsdiqlədik”, – Gabriel deyib.

Ancaq onu da əlavə edib ki, ölkəsi ABŞ prezidenti Donald Trump-ın yoluyla getməyəcək. Trump hökuməti “geri almaqda” iranlı etirazçılara kömək vəd edib.

“ETİRAZLAR YATIRDILIB”

Gabriel-in sözlərincə, Almaniya, eləcə də Fransa “İranda daxili münaqişələrdən yararlanmaq cəhdlərinə qarşı” xəbərdarlıq edib.

Bu deyilənlərə İranın xarici işlər naziri Mohammad Javad Zarif-dən, hələlik, şərh gəlməyib.

Gabriel-in bəyanatından öncə İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) bildirib ki, xaricdən qızışdırıcıların dəstəyilə baş tutmuş antihökumət etirazları “yatırdılıb”.

İİKK yanvarın 7-də bildirib ki, “İranın inqilab əhalisi on minlərlə bəsic qüvvəsi, polis və Kəşfiyyat Nazirliyi ilə birlikdə… Birləşmiş Ştatlar, Britaniya, İsrail, Səudiyyə Ərəbistanı, yaraqlılar və monarxistlərin yaratdığı iğtişaşları dayandırıb”.

Yanvarın 7-də İran parlamenti antihökumət etirazlarını müzakirə etmək üçün qapalı iclas keçirib.

Parlamentin ICANA vebsaytının məlumatına görə, deputatlar iğtişaşlar zamanı ölkədə İnternetə məhdudiyyətlərlə bağlı narahatlıq dilə gətiriblər. Rəsmilər İranda çox populyar Telegram mesencerinə qadağa qoyulmuş, ondan zorakılığın qızışdırılmasında istifadə olunduğunu bildirmişdi.

Hökumətin Instagram şəbəkəsinə məhdudiyyətləri qaldırdığı bildirilir.

TELEGRAM-A MƏHDUDİYYƏT QALIR

Ancaq yanvarın 7-də Telegram hələ də bloklanmış vəziyyətdə idi. Baxmayaraq ki, İranın FARS xəbər agentliyi bu mesencerə məhdudiyyətlərin “tamamilə qaldırıldığını” bildirir.

“Parlament Telegram-ın filtrlənməsinin qüvvədə saxlanmasını istəmir, amma bu sosial şəbəkə də İran xalqının düşmənləri tərəfindən alət kimi istifadə olunmayacağını vəd etməlidir”, – parlament rəsmisi Behrouz Nemati deyib.

İranın 8 milyonluq əhalisinin üçdə biri Telegram-dan əsas xəbər mənbəyi kimi istifadə edir.

Birləşmiş Ştatlar etirazçılara dəstək bildirsə də, onları qızışdırmaqla bağlı iddiaları təkzib edir.

Bu arada yanvarın 7-də dövlət mediası hakimiyyətin təşkil etdiyi hökumətpərəst yürüşlərin beşinci günündən canlı yayım verib.

Dövlət mediası daha antihökumət etirazları barədə xəbər verməsə də, AzadlıqRadiosu yanvarın 6-da İranın azı 9 şəhərində bu etirazların davaçm etməsinə dair etibarlı informasiya alıb.

Bir həftədən çox davam edən etirazlarda 22 nəfər həlak olub, 1700-dən çox adamın saxlandığı bildirilir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ