SON DƏQİQƏ

PressDent.Info

İsrailli nazirdən rüsvayçı addım - Bu cəsur fələstinli qızı öldürmək çağırışı etdi!

İsrailli nazirdən rüsvayçı addım - Bu cəsur fələstinli qızı öldürmək çağırışı etdi!
1-09-2015, 07:34 53455 dəfə baxılıb

“Əsgərlərimiz o uşağı öldürməliydilər”.

Strateq.az xəbər verir ki, hümanizm duyğusundan tamamilə yoxsul görünən bu sözlər İsrailin Mədəniyyət naziri Miri Regevə aiddir. Regevin öz facebooka statusunda öldrmək üçün seçdiyi hədəf isə 10-12 yaşlarında bir qız uşağıdır. Bu, həmin qız uşağıdır ki, hələ bir neçə il əvvəl əliyalın İsrail əsgərlərinin qarşısına çıxıb yumruğunu düyünləməklə sionizm rejiminə nifrətini nümayiş etdirmişdi.

Bütün dünya mediasında Fələstin milli-azadlıq hərəkatının simvolu kimi təqdim olunan bu rəsmlər İsraili ciddi beynəlxalq qınağa məruz qoymuşdu. Altdan qıfıllanıb üstdən kilidlənən İsrail əsgərlərini bir yalın yumruq qarşısında aciz və zavallı duruma düşürən bu qızcığaz bir neçə gün öncə də qəhrəman duruşuyla İsrail dövlətinə meydan oxumuşdu.

O, əlisarıqlı kiçik qardaşının İsrail əsgəri tərəfindən yaxalanmasının qarşısını almaq üçün əsl şahin inadıyla özünü doğmasının üstünə atıb onu qorumağa çalışmışdı. Az qala, əsgərlə əlbəyaxa döyüşü aparan qızcığazın qorxmazlığı ana və digər qohumlarını da cəsarətləndirmiş, onlar da hadisəyə müdaxilə etmək məcburiyyətində qalmışdılar.

Uzun “darthadart”dan sonra digər bir İsrail əsgəri öz silahdaşını bu anlamsız mübarizədən əl çəkməyə və bölgədən aralanmağa dəvət etmişdi. Beləcə kiçik qızcığazın igidliyi sayəsində yaralı qardaşı da həbsdən azad olmuşdu.

Əsgərlər qarşılaşdığı inadkarlıq nəticəsində geri çəkilərkən uşağı qoruyan bir ovuc insanın arasına qaz bombaları atmış və beləcə, aradan çıxmağı bacarmışdılar.

Maraqlıdır ki, kiçik qızcığazın başlatdığı son “xilasetmə əməliyyat”ı da beynəlxalq jurnalistlərin foto-obyektindən yayınmayıb. Hadisənin bütün detallarını çəkən fotomüxbirlər İsrail əsgərləri ilə sivil insanlar, o cümlədən uşaqlar arasında gedən ölüm-dirim savaşının rəsmini çəkib dünya mətbuatında işıqlandırmışdılar.

Zənnimizcə, bu 10-12 yaşlı uşağın Fələstin milli-azadlıq hərəkatına gətirdiyi ən böyük yenilik silahın qarşısına tamamilə əliyalın çıxmaq metodudur. Bu zamana qədər tanka, topa qarşı sapandla silahlanan Fələstin mücahidləri daşla mübarizəyə əsaslanırdılar. Çünki daşla mübarizənin Fələstin torpağı üçün xüsusi anlamı var. Bütün təkallahlı dinlərə, o cümlədən Qurana görə, bu ərazilər müqəddəs yerlərdir və bu coğrafiyada həmişə daş digər silahlara qalib gəlir.

Fələstin intifadasının (milli oyanış hərəkatının) simvoluna çevrilən daşla, sapandla mübarizə anlayışı öz fəlsəfəsini dini mənbələrdən alır. Quranın ayələrindən birində qeyd edilir ki, Davud peyğəmbər Talut ordusuna qarşı müharibədə sapandına daş qoyaraq atmış və həmin daş düşmən kralına dəyərək onu öldürmüşdü. Krallarını itirən düşmən əsgərləri pərən-pərən düşmüş və Süleyman peyğəmbərlə ən böyük gücünə qovuşan haqq dövləti qurulmuşdu.


Qeyd etmək yerinə düşərdi ki, İsrail dini-siyasi fəlsəfəsində də bu hekayə önəmli yer tutur. Hətta yəhudilər tarixdə ilk və yeganə imperatorluqlarının məhz bu hadisədən sonra bərqərar olduğuna inanırlar. Odur ki, sionizm tərəfdarlarının zehniyyətində də daşla mübarizənin daha effektli ola biləcəyi, Allah tərəfindən mükafatlandırılacağı inanışı və bu inanışdan doğan xof bu günlərə qədər davam edir.Görünür, Fələstin davasını aparanlar da sözügedən xofu nəzərə alaraq intifadanı daşla yürüdür, qarşı tərəfin psixoloji zəifliyindən istifadə etməyə çalışırlar.

Daşla mübarizənin digər bir anlamı şeytana daş atmaq motiviylə əlaqələndirir. İstər yəhudi, istərsə də İslam dinində şeytanı daşla qovalamaq inancı hakimdir. Məhz bu səbəbdən hər il həcc ziyarətinə gedən müsəlmanlar orada şeytana daş atmağı unutmurlar. Fələstin intifadasında yəhudi əsgərlərinə atılan daş da əslində qarşı tərəfə “Siz şeytansınız” demək mənasına gəlir. Ümumiyyətlə, klassik yəhudi mentalitetində daş atmaq həmin ünvana ən ciddi həqarət hesab olunur.

10-12 yaşlı qızcığazın sadəcə yumruğuyla İsrail əsgərlərinin önünə çıxması isə intifada anlayışına gətirilən bir yenilikdir. Heç kəsi təhqir etmədən, daş atıb qaçmadan, sadəcə, nifrətlə düyünlənmiş bir yumruq mübarizə əzmini, qorxmazlığı, “öldü var, döndü yox” inadkarlığını simvolizə edir. Bu mübarizə metodu yeri gələndə bir silah yoldaşını, qardaşını düşmən əsarətindən qurtarmağın  da ən sivil və qısa yoludur. Hər halda kiçik qızcığaz öz mətanətli mübarizəsiylə bu həqiqəti bütün dünya qarşısında sübuta yetirmişdir.

İsrailin Mədəniyyət nazirini qıcıqlandıran da elə yumruğun bu gücüdür. Məhz bu səbəbdən nazir öz ölkəsinin dünyadakı etibarını beş qəpiklik edən qızcığazı öldürməyi əmr edir. Xatırladaq ki, Miri Regyev bundan əvvəl İsrailin Müdafiə Nazirliyinin sözçüsü idi. Yəni əsgərə, silahlı qüvvələrə yad birisi deyil.

Bir qızcığazın yumruğu altında İsrailin darmadağın olmuş nüfuzunu bu rəzil durumdan qurtarmaq istəyən nazir öz facebook səhifəsində yaydığı məlum statusuna belə davam edir:

"Bu səhər bir İsrail əsgərinə edilən hücumun görüntülərini izlədikcə, çaşıb qaldım. Əsgərlərimizin vəzifəyə əli-qolu bağlı şəkildə göndərilməsi ağlasığmaz bir şeydir, rəzalətdir! İsrail vətəndaşlarına və əsgərlərinə zərər verməyə çalışan kim varsa, bilməlidir ki, vətəndaşlarımızın qanı yerdə qalmayacaq. Hücuma uğrayan əsgərin dərhal cavab verə bilməsi üçün qanun çıxarılmalıdır. Müdafiə Nazirini bu alçaldılmağa son verməyə və atəşaçma qayda və üsullarını dərhal dəyişdirməyə çağırıram!"

Xatırladaq ki, nazir bu sözləri bir qızcığazın düyünlənmış yumruğu qarşısında söyləyib.

Heydər Oğuz

Strateq.az

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ