SON DƏQİQƏ

PressDent.Info

Əliyev məhkəmədən tənqidçiləri susdurmaq üçün istifadə edir

Əliyev məhkəmədən tənqidçiləri susdurmaq üçün istifadə edir
26-04-2016, 12:01 25665 dəfə baxılıb

OCCRP-nin Azərbaycanda repressiyalara məruz qalan jurnalist və bloggerlər barədə araşdırmasında nələr var?

Dünyanın müxtəlif ölkələrindən çoxsaylı jurnalistləri birləşdirən Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) Azərbaycanda media nümayəndələrinə qarşı təzyiqlər, həbsdə olan jurnalist və bloggerlər barədə material yayımlayıb. Məqalədə Azərbaycanda tənqidçi jurnalistlərə qarşı hücumlar, məhkəmələrdən onları susdurmaq üçün vasitə kimi istifadə olunmasından bəhs olunur.

Həmçinin hazırda Azərbaycanda həbsdə olan jurnalist və bloggerlərin hər birinin necə saxlanıldığı, irəli sürülən ittihamlar barədə ayrı-ayrılıqda məlumat verilir. “Azərbaycandakı repressiyalar” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:

***

Artıq bir ilə yaxındır ki, OCCRP və digər təşkilatların əməkdaşları Azərbaycan həbsxanalarında baş verənləri diqqətdə saxlayırlar. Ötən ilin iyununda ABŞ-dan olan jurnalistlər də Şərqi və Qafqaz regionundan olan həmkarlarına qoşularaq, hazırda kimlərin və hansı səbəbdən həbsdə olduğunu araşdırmağa başladılar.

Məhbuslarla bağlı araşdırma aparan “Prisoners Watch” təşkilatının əməkdaşları Azərbaycanda məhkəmələrdən fərqli fikirliləri susdurmaq məqsədilə qanunsuz olaraq istifadə hallarının artması barədə məlumatlar əldə ediblər.

“Azadlıq” radiosunun, eləcə də OCCRP-nin əməkdaşı Xədicə Ismayılova da araşdırmalarından sonra saxta ittihamlarla həbs olunub. O, bu yaxınlarda ikinci ad gününü həbsxanada keçirəcək.

Azərbaycan hakimiyyəti müstəqil jurnalistlərə qarşı hücumlara başlayandan sonra onların bir qismi həbs olunub, bəziləri də ölkəni tərk edib. Bir sıra hallarda özləri xaricdə olan jurnalistlərin Azərbaycandakı qohumları təqiblərə məruz qalıb və ya həbs olunub.

Azərbaycan prezidenti Ilham Əliyev martın 18-də imzaladığı əfv sərəncamı ilə bir neçə jurnalist və bloggeri həbsxanadan buraxdı. Qalanları, o cümlədən Xədicə Ismayılova isə həbsdə qalmaqda davam edir.

Xədicə Ismayılova

xedice=mehkeme-yeni2

Tanınmış araşdırmaçı jurnalist olan Xədicə Ismayılova 2014-cü il dekabrın 5-də həbs olunub. O, prezident Əliyev və onun ailə üzvlərinin gizli biznesi, həmçinin digər dövlət məmurlarının korrupsiyası barədə bir neçə araşdırma məqaləsinin müəllifidir. Bu yazılarına görə ilk dəfə 2012-ci il martın 7-də Xədicə şantaja məruz qalmışdı. O, belə bir xəbərdarlıqla məktub almışdı, içində də özəl həyatına aid fotolar: “Əgər son qoymasan, biabır olacaqsan”. Bir müddət sonra onun evində gizli çəkilmiş video yayımlandı. Mənzilindən də gizli kamera tapıldı. Məlumata görə, kamera mənzilə 2011-ci ilin iyulunda yerləşdirilib.

Xədicə Ismayılovanın həbsi üçün Tural Mustafayevin intihara cəhdindən istifadə olundu. Lakin sonradan Mustafayev video-müraciət yayaraq bəyan etdi ki, hüquq-mühafizə və xüsusi xidmət orqanları Xədicənin əleyhinə ifadə verməsi üçün ona təzyiq göstərib.

Həbsindən sonra Xədicəyə qarşı mənimsəmə, qanunsuz sahibkarlıq, vəzifədən sui-istifadə, vergidən yayınma kimi yeni ittihamlar irəli sürüldü. Jurnalist və vəkilləri ittihamları rədd edir. Bildirirlər ki, Xədicənin həbsi siyasi motivlidir və onun jurnalist fəaliyyətilə bağlıdır.

2015-ci il sentyabrın 1-də çıxarılan hökmə əsasən, 7 il 6 ay azadlıqdan məhrum edilən Xədicə Ismayılovanı “Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı “vicdan məhbusu” elan edib.

Əbdül Əbilov

ebdul-ebilov

31 yaşlı blogger Əbdül Əbilov “facebook”da populyar olan “Yaltaqlara dur deyək” səhifəsinin admini idi. O, 2013-cü il oktyabrında narkotik ittihamı ilə 5 il 5 ay azadlıqdan məhrum edilib. Polis iddia edir ki, Əbdül Əbilovun yaşadığı evdə paltosunun cibindən narkotik tapılıb. Lakin blogger həmin narkotikin cibinə elə polislər tərəfindən qoyulduğunu bildirir. Onun evini axtaran polislər ilk növbədə kompüterini aparıblar. Saxlanılmasından bir neçə saat sonra isə “Yaltaqlara dur deyək” səhifəsi qapadılıb.

“Amnesty International” Əbdül Əbilovu da ifadə azadlığı hüququndan istifadə etdiyinə görə həbs olunan “vicdan məhbusu” elan edib.

Seymur Həzi

seymur-hezi-mehekeme6

“Azadlıq” qəzetinin şərhçisi və “Azərbaycan saatı” televiziya proqramının əməkdaşı olan Seymur Həzi də xuliqanlıq ittihamı il 5 il azadlıqdan məhrum edilib. O, tanımadığı adamı vurmaqda ittiham olunur.

Seymur Həzi bildirir ki, onun həbsi ictimai-siyasi fəaliyyətilə bağlıdır. O, həbs olunana qədər də izlənilirdi. 2011-ci ildə maskalı şəxslər tərəfindən oğurlanaraq döyülmüşdü.

Müsahibələrinin birində bildirmişdi ki, oğurlanandan sonra başına torpa keçirərək naməlum istiqamətə aparılıb: “Məni dəmiryol relsinin üzərinə qoyduqdan sonra qatar fitini eşitdim. Gözlərimi bağlayıb, gəlmeyi-şəhadətimi dedim. Mən sağ qaldım, amma onlar mənə göstərmək istəyirdilər ki, istədikləri vaxt həyatıma son qoya bilərlər”.

“Amnesty International” Seymur Həzini də “vicdan məhbusu” elan edib.

Fərəc və Sirac Kərimov qardaşları

sirac kerimli

Blogger, Müsavat başqanının müavini Fərəc Kərimov da 2014-cü il iyulun 23-də narkotik ittihamı ilə həbs olunub və 6 il 6 ay azadlıqdan məhrum edilib. O, partiyanın saytını idarə edirdi, həmçinin sosial şəbəkələrdə də məşhur olmaqla, “facebook”da “Istefa” qrupunun idarəedicisi idi. O, anasının yanına xəstəxanaya gedərkən maskalı şəxslər tərəfindən həbs olunmuşdu. Yaxınları uzun müddət onun barəsində məlumat ala bilməmişdilər. Ondan bir neçə gün əvvəl isə qardaşı Sirac Kərimli həbs olunmuşdu. Sirac Kərimli də narkotik ittihamı ilə 6 il azadlıqdan məhrum edilmişdi. Sirac məhkəmədə bildirmişdi ki, onu qardaşının əvəzinə səhvən tutublar: “Məni Narkotiklərə Qarşı Mübarizə Idarəsinə aparandan sonra başa düşdülər ki, səhv tutublar. Amma artıq saxlanılmışdım deyə, ittiham qərarını dəyişmədilər”.

“Amnesty International” Kərimov qardaşlarını da “vicdan məhbusu” elan edib. Sirac Kərimov martın 18-də əfv sərəncamı ilə azadlığa buraxılıb.

Rəşad Ramazanov

Blogger Rəşad Ramazanov sosial şəbəkələrdə, xüsusən “facebook”da yüksək vəzifəli şəxsləri, o cümlədən prezidenti tənqid edirdi. O da 2013-cü il mayın 9-da narkotik ittihamı ilə həbs olunub və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində 11 gün qanunsuz saxlanılıb. Yerli və beynəlxalq təşkilatların çoxsaylı müraciətlərindən sonra o, istintaq təcridxanasına köçürülüb. Vəkil Aslan Ismayılov bildirmişdi ki, Ramazanov idarədə saxlanıldığı müddətdə işgəncələrə məruz qalıb. 9 il azadlıqdan məhrum edilən Rəşad Ramazanov da “vicdan məhbusu” elan olunub.

Nicat Əliyev

nicat-eliyev

“Azadxəbər.org” saytının baş redaktoru, hökuməti tənqid edən Nicat Əliyev də 2012-ci il mayın 20-dən həbsdədir. O, hökumətin dini siyasətini, “Eurovision” musiqi yarışmasına həddindən artıq böyük pullar ayrılmasını tənqid edirdi.

Elə “Eurovision” ərəfəsində Nicat Əliyev, eləcə də digər ilahiyyatçılar Tale Bağırzadə, Abgül Süleymanov və daha 9 dindar həbs olundu. Nicat Əliyev narkotik ittihamı ilə həbs olunsa da, 9 ay sonra ona yeni ittihamlar verildi və son nəticədə 10 il azadlıqdan məhrum olundu. Nicat Əliyev və vəkili Yalçın Imanov bildirib ki, həbsinin ilk günlərində o, işgəncələrə məruz qalıb. Toyundan cəmi 23 gün sonra həbs olunan Nicat Əliyevə qarşı ittihamların şübhəli olduğunu bəyan edən “Amnesty International” onu da “vicdan məhbusu” elan edib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ