SON DƏQİQƏ

PressDent.Info

"Kredit borcu olanlara çörəkpulunu qorumaq hüququ tanınmalıdır" - Ekspert

25-12-2015, 00:20 16704 dəfə baxılıb

Ekspert yaşayış minimumunu banka verməməyin yollarını göstərir

 

Bir müddət əvvəl kredit borcu tutulan zaman yaşayış minimumunun nəzərə alınması barədə fikirlər yenidən aktuallıq qazanıb. Çünki ikinci devalvasiyadan sonra əhalinin kredit borcunu qaytarma imkanları daha da azalıb. Ekspertlər isə borcluların çörəkpulunu qoruması yolunu göstərirlər.
Hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, devalvasiyanın ikinci dalğası onsuz da ağır vəziyyətdə olan borcluları “olum ya ölüm” dilemması qarşısında qoyub: “Banklar icra məmurları vasitəsilə borcluların yaşayış minimumunu da əllərindən alır. Bunun qanunsuz olduğunu dəfələrlə əsaslandırmışam. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məktub da yazmışam. Yaşayış minimumu əlindən alınan vətəndaşların məhkəməyə müraciət etməsini tövsiyə edirəm”.
Ekspert bildirib ki, bu cür iddia üzrə dövlət rüsumu da tutulmur: “Bu məsələ ilə əlaqədar banklar ilk günlərdə mənə etiraz etməyə cəhd etdilər, lakin sonrakı arqumentlər qarşısında aciz qalaraq susdular. Sonradan bəzi hüquqşünasların əsassız fikirlərinə rast gəldim. Məsələn, deyirlər ki, guya sözügedən məsələ yalnız “İcra haqqında” Qanunla tənzimlənir. Bu, ümumiyyətlə, hüquqi yanaşma deyil. Hüquq fakültəsinin artıq birinci kursunda tələbələrə izah edilir ki, hər hansı münasibətə birbaşa və ya dolayısı ilə bütün əlaqəli qanunvericilik aktları tətbiq edilir. Heç bir qanun əlahiddə tətbiq edilmir. Daha sonra deyirlər ki, yaşayış minimumu haqqında qanun hər il qəbul olunur və yeni qanunla heç nə dəyişmir. Bunu mən də demirəm. Doğrudan da heç nə dəyişməyib. Sadəcə indiyədək vətəndaşlar qanunun onlara verdiyi hüquqdan istifadə etməyiblər. Qanunun verdiyi hüquqdan istifadə etməmək o demək deyil ki, həmin hüquq mövcud deyil. 
Həmçinin bildirirlər ki, guya bankla borclunun münasibətlərinə yalnız mülki qanunvericilik tətbiq olunur, buna görə də yaşayış minimumu haqda qanunvericiliyin bu halda tətbiqi yolverilməzdir. Bu iddianın nə dərəcədə absurd olduğunu elə “İcra haqqında” Qanunun özü də göstərir. Axı həmin qanuna görə, vətəndaşın borcu ilə bağlı onun gəlirinin 50 faizədək hissəsi tutula bilər. Sözügedən qanunun mülki hüquqa aidiyyəti yoxdur. 
Bəs, onda niyə borcun tutulmasına “İcra haqqında” Qanun tətbiq edilə bilər, amma “Yaşayış minimumu haqqında” Qanun yox..? Böyük ehtimalla bu cür rəyləri səsləndirən hüquqşünaslar bankların kreditlərini qaytarmaqla məşğuldurlar. Ona görə də özlərinə sərf edən fikirləri deyirlər. Bununla belə, əlbəttə, mən istisna etmirəm ki, kimsə vicdanlı olaraq yanılır. Hamı səhv edə bilər. Buna görə də ilk gündən əks mövqedə olan hüquqşünaslara yalnız bir sual verirəm və deyirəm ki, heç olmasa, həmin suala adekvat cavab tapsınlar. Siz də onlara yalnız bu sualı verin, görün, nə deyəcəklər: “Bankların sevdiyi “İcra haqqında” Qanunun 75-ci maddəsinə əsasən aliment vətəndaşdan birinci növbədə tutulmalıdır və bu halda maaşı kifayət etməsə, bankın borcu ödənilməmiş qalacaq. İndi özünüz deyin: normal qanunvericilik vətəndaşın əmək haqqını övladına sərf edə bilməsi üçün boşanmasını tələb edə bilərmi? Necə ola bilər ki, boşanmamış kişinin gəliri ilk növbədə bankın borcuna, boşandıqdan sonra isə övladına sərf edilməlidir?”

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ