SON DƏQİQƏ

PressDent.Info

Ucuz mazut hansı sahələri böhrandan xilas edə bilər?

Ucuz mazut hansı sahələri böhrandan xilas edə bilər?
25-11-2015, 20:01 20706 dəfə baxılıb

Tarif Şurası noyabrın 23-də keçirilən iclasında mazutun topdansatış qiymətini 3 dəfə ucuzlaşdırıb. Belə ki, mazutun 1 tonunun topdansatış qiymətini 300 manatdan 100 manata endirilib. Qərar 2015-ci il dekabrın 1-dən qüvvəyə minəcək. 
Bəs, görəsən bütün sahələrdə bahalaşmanın gözlənildiyi bir vaxtda mazutun qiymətinin 3 dəfə aşağı salınmasını şərtləndirən nədir? Bu qərar Azərbaycan iqtisadiyyatında hansı müsbət dəyişikliyə səbəb olacaq? Gözlənilmədən verilən bu qərarın arxasında nə durur?
Musavat.com-un suallarını cavablandıran iqtisadçı ekspert Vüqar Bayramov bu qərarın kənd təsərrüfatında və sənayedə xərclərin aşağı salınmasına xidmət edəcəyini bildirdi: “Mazutun qiymətinin endirilməsi ilə bağlı Tarif Şurasının qərarı birmənalı şəkildə xüsusən aqrar sektorda, bir sıra sənaye sahələrində xərclərin azaldılmasına imkan verəcək. Azərbaycanda aqrar sahədə və sənayenin bir sıra sahələrində mazutdan istifadə edilir. Həmçinin enerjinin alınmasında da mazutdan istifadə edilir. Buraya eyni zamanda kimya sənayesi də daxildir. Kimya sənayesində məhz mazutdan istifadə edilməklə istehal həyata keçirilir. Bu baxımdan qiymətin aşağı düşməsi istehsal xərclərini aşağı salır. Bu da fermerlərə və sahibkarlara imkan verəcək ki, istehsal etdikləri məhsulların maya dəyərini azaltsınlar və ixrac imkanını artırsınlar. Hazırda kimya sənayesində əsas problemlərdən biri də istehsal xərclərinin yüksək olması idi. İstehsal xərclərinin yüksək olması həmin məhsulların ixrac imkanlarını məhdudlaşdırırdı. Bu qərar sahibkarların gəlirlərinin artmasına səbəb olacaq. Son qiymət endirimi eyni zamanda sahibkarlığın dəstəklənməsi ilə bağlı tədbirlərin davamı kimi qiymətləndirilə bilər. Artıq sahibkarlığın inkişafı ilə bağlı real addımların atıldığını demək mümkündür”. 
İqtisadçının sözlərinə görə, ümumilikdə Azərbaycanda illik mazut istehlakı təxminən 400 milyon ton yaxındır:“Azəristiliktəchizat”ın da təbii qaz əvəzinə mazutda istifadə etməsi gündəmdədir. Bu qurum da bu yolla xərclərini azalda bilər. Nəzərə alsaq ki, mavi qazla işləyən bəzi texnika mazutla da işləyə bilər, o baxımdan bu, sahibkarlara və bəzi dövlət qurumlarına imkan verəcək ki, artıq avadanlıqlarını mavi qazdan mazuta keçirsinlər”. 
İqtisadçı ekspert Azər Mehtiyev isə qeyd etdi ki, bu qərarın arxasında “Azəristiliktəchizat”la bağlı yaranan problemlər və elektrik enerjisi istehsalına ayrılan xərclərin azalması durur: “Mazut bu gün əsasən istilik enerjisinin alınmasında istifadə edilir. Düzdür, bir müddət öncə elan etmişdilər ki, Azərbaycanda istilik elektrik stansiyalarında mazutdan imtina edərək, təbii qazdan istifadəyə keçəcəklər. Görünür, hazırda qazın azlığı hiss olunur. Bu, özünü müxtəlif istiqamətlərdə göstərir. Ehtimallardan bir ondan ibarətdir ki, Dövlət Neft Şirkəti “Azəristiliktəchizat”ın qazanxanalarını və istilik elektrik stansiyalarını təbii qazla təmin edə bilmədiyinə görə mazutun qiymətini aşağı salmaqla, həmin qurumları mazutla təmin etmək istəyir. Bu, həm istehsal olunan elektrik enerjisinin qiymətinin aşağı salınmasını təmin edəcək, həm də əhalini istiliklə təmin etmək mümkün olacaq. Bildiyiniz kimi, son zamanlar qazanxanalarla bağlı problem yaranıb və hesab edirlər ki, bu, “Azəristiliktəchizat”ın SOCAR-a olan borcu ilə bağlıdır. Ancaq müəyyən mənbələrdən bunun qaz çatışmazlığı ilə bağlı olduğu da deyilir. Ehtimallardan biri də odur ki, ayrı-ayrı qazanxanalar təbii qazdan yox, mazut istifadə etməyə keçəcəklər”. 

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ