“İran-Qərb anlaşmasından sonra Rusiya Qafqazda əsaslı şəkildə möhkəmlənmək niyyətindədir”. Bu sözləri Axar.az-a açıqlamasında politoloq Ərəstun Oruclu söyləyib.
Onun sözlərinə görə, Rusiya Cənubi Qafqaz vasitəsilə Qərb və İrana təzyiq etməyə çalışır: “Rusiya Gürcüstan ərazilərinə müdaxilə etməkdə iki məqsəd güdür. Bunlardan birincisi Gürcüstanın müqavimət göstərəcəyi təqdirdə məsələni hərbi münaqişə səviyyəsinə gətirib çıxarmaqdır. İkinci məqsəd isə Tiflisin müqavimət göstərməyəcəyi təqdirdə əvvəlki fəaliyyətini addım-addım davam etdirib, onun kommunikasiya vasitələrini tutmaq, bu bölgədə və onun yaxınlığında problemlər yaradaraq, qonşu dövlətləri təhdid etməkdir. Rusiyanın bu siyasəti açıq-aşkar sistemli fəaliyyətin tərkib hissəsi kimi görünür. Moskva heç də bununla kifayətlənmək fikrində deyil. Rusiyanın Gürcüstanda yeni separatçı ocaqlar yaradacağını, hətta müəyyən təxribatçıların vasitəsilə Gürcüstan azərbaycanlılarının yaşadığı ərazilərdə gərginliyi artıracağını və Azərbaycan-Gürcüstanın münasibətlərinin pozulmasına səbəb olacaq addımlar ata biləcəyini istisna etmək lazım deyil. Yəni Rusiyanın imkanları kifayət qədər çoxdur. Məncə, İran-Qərb anlaşmasından sonra Rusiya Qafqazda əsaslı möhkəmlənmək niyyətindədir. O, Azərbaycan, Gürcüstan və Ermənistanı tam nəzarət altına almaqla gələcəkdə bu bölgədən həm İranı, həm də orada çalışacaq Qərb şirkətlərini təhdid etmək üçün istifadə etməyə çalışacaq. Bu siyasət əvvəllər də geniş istifadə olunub. Rusiya öz cənub cinahını möhkəmləndirmək istəyir”.
Politoloq Rusiyanın İŞİD-lə mübarizə adı altında Gürcüstan və Azərbaycana müdaxilə edə biləcəyini söyləyib: “Məncə, Rusiya Gürcüstanı bunun üçün hansısa hərbi əməliyyata sövq etmək istəyir. Ona görə ki, Rusiyanın daxili ictimai mühitində həmişə militarist, şovinist əhval-ruhiyyə üstünlük təşkil edib. Rusiya belə bir savaşa çalışır. Moskva bir müddət öncə bəyan elədi ki, Şimali Qafqazda İŞİD-ə qarşı anti-terror əməliyyatlarına başlayıb. Bu da yuxarıda söylədiyimiz məqsədlərə yönəlib. Prinsip etibarilə Azərbaycan və Gürcüstanla dava açmaq mümkün olmadıqda, daxilində kimlərəsə qarşı savaş açıb, onu qonşu dövlətlərin ərazisinə keçirmək lazımdır. Bu vaxtilə Çeçenistan müharibəsində sınaqdan keçirilib. Məsələn, variantlar sırasında savaşı Gürcüstanda çeçenlərin yaşadığı Pankisi dərəsinə keçirmək və sonra terrorla mübarizə adı altında Gürcüstana qoşun yeritmək və yaxud Dağıstandan Azərbaycana keçirib, terrorla mübarizə adı altında bizim torpaqlarımıza təcavüz etmək də ssenarisi də ola bilər. Rusiyanın planları kifayət qədər primitivdir və onu görməmək mümkün deyil”.
Ə.Oruclu Rusiyanın İrəvana quru yol açmaq məqsədindən hələ də əl çəkmədiyini bildirib: “Əslində 2008-ci ilin avqustunda Rusiya İrəvanla quru yolunu açmağa cəhd elədi. Cənubi Osetiyaya qoşun yeridərkən rus qoşunlarının Gürcüstanın qərbi istiqamətində irəlləyişi müşahidə olundu. Analitiklər bunu onunla izah edirdilər ki, Rusiya Samsxe-Cavaxetiyaya yol açmaq və oradan da Ermənistana çıxış əldə etmək istəyir. İstisna deyil ki, Rusiya həmin plana bu gün də cəhd edir. Əslində, Cənubi Osetiyadan Cavaxetiyaya yol açmaq qalır ki, bundan sonra da həmin ərazidə separatçı qüvvələr aktivləşdiriləcək. Daha sonra isə Ermənistana quru yolu açılacaq. Rusiya isə bu sahədə kifayət qədər təcrübəlidir. İstənilən halda bütün ssenarilər zorakılıq, hərbi təcavüz, işğal üzərində qurulub”.