SON DƏQİQƏ

PressDent.Info

Vətəndaş nigahı olan tanınmışlar və belə izdivacın özəlliyi...

Vətəndaş nigahı olan tanınmışlar və belə izdivacın özəlliyi...
29-10-2015, 01:19 18810 dəfə baxılıb

Mehriban Zeynalova: “Bakıda rəsmi nigah tələb edən qadınların sayı artıb”
 
Dəyanət Rzayev: “Bizdə vətəndaş nigahı mədəniyyəti hələ formalaşmayıb”
Müasir dövrümüzdə vətəndaş nikahı termini artıq adiləşməyə başlayıb. Əgər bir vaxtlar insanlar bu barədə ehtiyatla danışırdılarsa, artıq məşhur və tanınmışlar, cəmiyyətdə müəyyən nufuza malik şəxslər vətəndaş nikahında yaşadıqlarını açıqca etiraf edirlər. 
Məsələn, bu yaxınlarda məşhur aktrisa Leyla Şıxlinskayanın 4 rəsmi, bir neçə dəfə vətəndaş nigahında yaşadığını, xalq artisti Firəngiz Mütəllimovanın 15 ildir ki, həyatında qeyri-rəsmi yaşadığı insan olduğunu açıq-aşkar etiraf etməsi buna bariz nümunədir. Bu siyahını bir qədər də genişləndirmək olar. 

Bəs, vətəndaş nigahı nədir?

Vətəndaş nigahı iki şəxsin öz razılığı ilə birgə yaşaması, eyni həyatı paylaşması deməkdir və rəsmi nigahdan fərqli olaraq, heç bir aidiyyatı orqanda qeydə alınmayan izdivacdır. Qanunvericiliyə görə də yetkinlik yaşına çatan hər kəs istədiyi şəxslə münasibət qurmaqda azaddır və bu məsələyə heç kimi müdaxilə edə bilməz. 
Ekspertlər bildirirlər ki, vətəndaş nikahı bizim cəmiyyətimizə Avropadan daxil olub. Lakin bu da bir faktdır ki, artıq Avropa ölkələrində vətəndaş nikahlarının sayı getdikcə azalmağa doğru gedir, daha çox rəsmi nikaha üstünlük verilir. Ölkəmizdə isə əksinə, cütlüklər getdikcə vətəndaş nikahına maraq göstərirlər. Statistik məlumatlara görə, 10 il ərzində Azərbaycanda qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı dəfələrlə artıb, şəhər yerlərində 3 dəfə, kənd yerlərində isə 5,7 dəfə... 
Aparılan araşdırmalar zamanı o da məlum olub ki, vətəndaş nikahında yaşayan şəhər sakinləri əsasən maddi təminatı olan, müəyyən təhsilə malik insanlardır. Onları bu nikaha sövq edən həyat yoldaşı və ya sadəcə, partnyor axtarışıdır. Rayon və ucqar kəndlərdə isə daha çox bir qədər yaşlı, ailə qurmaqda gecikən qızlar bu cür nikaha razılıq verirlər. Ailələrinin təzyiqi və ya öz istəkləri ilə onlar evli və ya boşanmış kişilərlərlə vətəndaş nikahına girirlər.

Vətəndaş nikahının səbəb olduğu ciddi problemlər...

Bu gün Avropada vətəndaş nikahının sayının azalmasına səbəb avropalı sosioloq və psixoloqlarının bu nikaha qarşı apardıqları təbliğatdır. Bildirilir ki, qeyri-rəsmi nikahdan doğulan uşaqlar sonralar maddi və mənəvi problemlərlə üz-üzə qalırlar, psixoloji sarsıntılar yaşayırlar.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirdi ki, bu məsələdə daim qadın və uşaqlar əziyyət çəkir. Vətəndaş nikahı qadın və uşağa hüquqi cəhətdən öz statusunu müəyyənləşdirməyə imkan vermir, əmlak məsələlərində problemlər yaradır: “Vətəndaş nikahına girən qadınlar anlamırlar ki, bu, onları gələcəkdə böyük çətinliklərlə üz-üzə qoya bilər. Dünyaya gələn uşaqların vərəsəlik hüququ, qeydiyyat məsələsi və digər problemlər yaranır. Bu cür nikahlar daha çox kişilərə sərf edir. Onlar özlərini bir çox məsələlərdən azad etmiş hesab edirlər, əksər hallarda atalıq faktorunu verməkdən boyun qaçırırlar. Lakin anlamırlar ki, nikahın olmaması onları bu məsuliyyətdən azad etmir. Qadınların çoxu öz hüquqlarını bilmirlər, atalıq faktorunu test yolu ilə müəyyən etməyin mümkün olmasından xəbərsizdirlər.
Bir çox hallarda gənc oğlanlar “Bizim sevgimiz kağız parçasından ibarətdir?”, “Sevgimizin kağız qədər dəyəri yoxdurmu?” kimi şüarlarla qarşı tərəfi utandırmaqla və yaxud qarşısında asılı vəziyyətə salmaqla sevgilərini qabartmağa çalışaraq, rəsmi nikahı arxa plana atırlar. Qadınlar da ənənəvi olaraq sevgisi naminə hər şeyə razı olurlar. Bu  artıq rayon, kənd yerlərində adi hala çevrilib. Kənd sakinləri elə düşünürlər ki, bir-birilərini yaxşı tanıyırlar və nikah olmadan qız verib-alırlar. Yəni, nikah möhürünü o qədər də vacib hesab etmirlər. Lakin gördüyünüz  kimi, sonradan xeyli problemlər ortalığa çıxır. Deyim ki, son vaxtlar paytaxt Bakıda artıq rəsmi nikah tələb edən qadınların sayı artmağa başlayıb. Bu, sevindirici haldır”.
Hüquq müdafiəçisi Müzəffər Baxış da vətəndaş nikahında yaşayan qadınların üzləşdiyi hüquqi problemlərdən danışıb. Müzəffər Baxış rəsmi nikahın daha məqsədə uyğun olduğunu vurğulayıb: “Ailə Məcəlləsinin 1.4 maddəsinə görə, ailə münasibətlərinin hüquqi baxımından, tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınr. Qeyri-rəsmi nikah təkcə arvad üçün deyil, həm də qarşı tərəf, yəni ər üçün də problemlər yarada bilir. Yəni, cütlüklərin birgə yaşayışı dövründə əldə etdikləri əmlaklar onların ümumi mülkiyyəti kimi hüquqi statusunu qazana bilmir. Ər və ya arvad dünyasını dəyişdikdə vərəsəlik hüququ olmur, qanunvericilik onları varis kimi tanımır. Eyni zamanda bu cür nikahlardan dünyaya gəlmiş uşaqların gələcəkdə hansı valideynin yanında qalması problemləri ortaya çıxır . Buna görə də çox yaxşı olardı ki, vətəndaşlar Ailə Məcəlləsinin müddəalarına uyğun rəsmi nikaha girsinlər”.

Ölkədə geniş yayılan molla kəbini...

Azərbaycanda son illər geniş yayılan molla kəbini elə əslində, vətəndaş nikahı deməkdir. Lakin ilahiyyatçı ekspertlər bildirirlər ki, bu cür kəbini yalnız məscid axundu kəsə bilər və kəbinin 6 şərti var: Qız, oğlan, hər iki tərəfin razılığı, mehr, şahidlər və elan... Yəni bunlar olandan sonra İslamda kəbin yerinə yetirilmiş sayılır. 
Qafqaz Müsəlmanları İdarəsinin 2010-cu ildə verdiyi qərara görə, heç bir din adamı rəsmi nikah kağızı olmadan kəbin kəsə bilməz. Bu qərarın çıxmasına səbəb isə erkən nikahların qarşısını almaqdır.

Vətəndaş nikahının müsbət tərəfləri...

Psixoloq Dəyanət Rzayev bildirdi ki, vətəndaş nikahının müsbət tərəfləri də var: “Əslində bu, o qədər də pis deyil. İnsanlar rəsmi nikahdan əvvəl bir-birilərini tanımalıdırlar. Bəzən bir-birilərini yaxşı tanımayan cütlüklər evləndikdən sonra müəyyən psixoloji və fiziki uyğunsuzluq ilə qarşılaşırlar. Bu da ciddi problemlərə yol açır. Lakin vətəndaş nikahı eyni zamanda özü ciddi problemlər yaradır və daha çox qadınların hüquqları tapdalanır. Çünki, bu cür nikah bizim cəmiyyətin mentalitetinə, düşüncə tərzinə uyğun deyil.
Avropada kişilər vətəndaş nikahı zamanı müəyyən məsuliyyətlər daşıyırsa, bu sözü öz cəmiyyətimiz üçün deyə bilmərik. Molla kəbini,vətəndaş  nikahı daha çox kişilərə sərf edir. Bu gün molla kəbini geniş yayılsa da, onun da heç bir məsuliyyəti yoxdur. Yalnız rəsmi nikah məsuliyyətləri asanlaşdırır.
 
Kişilər vətəndaş nikahını bəhanə edib, bir müddət bir qadınla, sonra isə alınmadığını deyib, başqa qadınlarla yaşamağa başlayırlar. Nəticədə doğulan uşaqlarla bağlı problemlər yaranır, qadınlar tamamilə müdafiəsiz qalırlar. Lakin Avropada qadınlar kifayət qədər bu məsələdə müdafiə olunurlar. 
Əgər Avropada bir qadın bir kişi ilə vətəndaş nikahı ilə yaşayıb ayrılırsa, asanlıqla başqası ilə ailə qura bilir, kişilər onunla problem olmadan evlənirlər. Lakin bizdə axı, belə deyil. Qadın kiminləsə vətəndaş nikahında olduqdan sonra bir başqası ilə ailə qura bilmir, haqqında söz-söhbətlər çıxır, beləliklə də ortalıqda qalır.
 
Bizdə vətəndaş nikahında yaşayanların valideynləri bu məsələdən xəbərsiz olurlar. Əksər kişilər yalnız gün ərzində qadınla bir neçə saat birgə olduqdan sonra axşam evə ata-anasının yanına qayıdırlar. Bu, vətəndaş nigahı sayılmır. Avropada isə cütlüklər əsasən bir yerdə yaşayırlar. Beləliklə, bizdə vətəndaş nigahı mədəniyyəti hələ formalaşmayıb”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ