SON DƏQİQƏ

PressDent.Info

Dövlət məmuruna hirslənib, ürəyi dayanan şəhid atasının hekayəsi… - FOTOLAR

Dövlət məmuruna hirslənib, ürəyi dayanan şəhid atasının hekayəsi… - FOTOLAR
29-10-2015, 01:18 37863 dəfə baxılıb

Şəhidin qardaşı: “Yararsız materiallarla bizə ev tikirdilər, atam hirsləndi, mübahisə etdi və ürəyi dayandı”

 

Ağsu rayonunda şəhid atası İcra Hakimiyyətinin etdiyi haqsızlıqlara dözə bilməyib və mübahisə nəticəsində ürəyi dayanıb. Hadisə rayonun Aratçuxurlu kəndində baş verib. Ələkbər Heydərov şəhid ailəsi üçün tikilən evlə bağlı mübahisə edən zaman halı qəflətən pisləşib və tikilməkdə olan evin yanında yerə yıxılaraq, dünyasını dəyişib. 
 
Bu barədə musavat.com-a mərhum Ələkbər Heydərovun oğlu Gürşad Heydərov məlumat verib. 
O, bildirib ki, qardaşı Müşfiq Heydərov 20 ildən artıqdır ki, şəhid olub və bu müddətdə dövlətin onlara göstərdiyi yeganə diqqət tikiləcək ev olmalı idi: “Amma onu da düz-əməlli tikə bilmədilər və nəticədə atamın həyatı beləcə sona çatdı”.
G.Heydərovun sözlərinə görə, Ağsu Rayon İcra Hakimiyyətinin şəhid ailələrinə ev tikməyə başlaması köhnə evi olan şəhid ailəsi üçün də keçərli olmalı idi: “Uzun müddət, dəfələrlə get-gəldən sonra bu ilin fevralında nəhayət ki, evi tikəsi oldular, gəldilər, baxdılar. Köhnə evimizin yanında torpaq aldım. O torpağı da sonradan İcra Hakimiyyətinini adına çıxdılar ki, guya icra bizə pay verib. Əslində bələdiyyəyə pul ödəyib, almışam. Nə imkanımız, nə də ev şəraitimiz yaxşı deyil. Fevraldan başlayan evin tikintisi isə hələ də bitməyib. Səkkiz aydır ki, yalandan bizi süründürürlər, haradansa sökdükləri köhnə, yararsız tikinti materiallarını gətirib, tökdülər və bunlarla evi tikməyə başladılar. Biz də buna etiraz etdik. Dedik ki, tikirsinizsə, şəhidin adına layiq bir ev tikin, çürük taxtalarla necə ev tikmək olar? Dəfələrlə İcra Hakimiyyətinə gedib-gələndən sonra yararsız materialların bir hissəsini gəlib yığıb apardılar. Çürük taxtaları gətiriblər, deyirlər ki, pulla almışıq və təzədir. Ancaq əl vuran kimi ovulub tökülür, qaralmış, çürük, çatlamış vəziyyətdədir. Səkkiz aydır ki, evin üstü örtülməyib, beləcə hər dəfə gəlib əsəbimizlə, heysiyyatımızla oynayırlar. Sonuncu dəfə də İcra Hakimiyyətinin Xanlar adlı memarı oktyabrın 25-də gəldi və həmin yararsız materialların daha aparılmayacağını, elə bunlarla işi tamamlayacaqlarını söylədi. Onunla mübahisə nəticəsində atam yerə yıxıldı və öldü”.
G.Heydərov tikilməkdə olan evi, həmçinin yararsız materialları da göstərir və təkrarlayır: “Yararsız maretiallarla bizə ev tikirdilər, atam hirsləndi, mübahisə etdi və ürəyi dayandı...” 
Onun sözlərinə görə, illərboyu şəhid ailəsi olaraq rayon rəhbərliyindən bir nəfər onlarla və şəraitləri ilə maraqlanmayıb: “Heç bizə sosial yardım da vermədilər. Dəfələrlə özümüz getmişik, nə qədər get-gəl olar? Dəfələrlə rayon İcra Hakimiyyətinə, Sosial Müdafiə Fonduna müraciət etmişik. Uzun illərdən sonra 2015-ci ilin fevralında gəlib, torpağa material töküb işə başladılar. Köhnə materialları da gətirib yağışın altına tökdülər. Bu evin layihəsi, smetası 83 min manatdır. Ancaq burada 3 min manatlıq iş görülməyib. Ev aprelə qədər təhvil verilməli idi. Yəqin evə ayrılan pulları yeyiblər, indi də haradansa söküb, taxta gətiriblər ki, vəziyyəti ört-basdır etsinlər. Şəhidə dövlətin qayğısı budur? Baxın, əvvəlcə dedilər ki, evin kənarı bahalı material olacaq, içərisi bir başqa olacaq. Evin çölü mozaika daşları ilə bəzədiləcək və s... Ancaq sonra nazik qatla suvadılar, o da çatlayıb. Döşəmə aylardır ki, vurulub və artıq taxtalar çürüyüb, qaralıb. İnanın, evin betonunu özüm tökdürmüşəm, torpağı da özüm almışam. Bunlar ancaq hamısını özlərinin adına çıxırlar. O gün Sosial Müdafiə Fondunda deyirlər ki, torpaq sizə İcra Hakimiyyətinin hədiyyəsidir”.
Şəhidin qardaşı deyir ki, başına gələnləri dövlət başçısına və xanımına yazıb, bildirəcək: “Mehriban xanımın qəbuluna da yazılacam, gedib dərdimi deyəcəm. Bu qədər özbaşınalıq olar? Sabah oğlumu istəyəcəklər ki, əsgər aparsınlar? Verərəm? Verməyəcəm! Qardaşıma nə hörmət qoydular ki..? Bir şəhidə doqquz kvadrat evi səkkiz aya tikə bilmirlər. Amma səkkiz aya böyük bir idman kompleksi tikirlər. İyirmi altı ildir ki, şəhid ailəsi olaraq dövlət qurumlarından yardım, kömək istəyirik. Anamın sağlığında da dəfələrlə qəbullarda olduq, İcra Hakimiyyətinin yolunda qaldıq. Anam öldü, indi də atamın ürəyi partladı, öldü”. 







ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ