SON DƏQİQƏ

PressDent.Info

SOCAR-ın vitse-prezidenti Ağsunu necə zəbt edib... - Yeni iddialar -

SOCAR-ın vitse-prezidenti Ağsunu necə zəbt edib... - Yeni iddialar -
9-08-2015, 18:42 31350 dəfə baxılıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Mikayıl İsmayılovun qanunsuz əməlləri sərhəd tanımır. Bu vaxta qədər adı bir çox qaranlıq məsələlərdə, o cümlədən Neft Şirkətindəki maliyyə pozuntularında hallandırılan vitse-prezident indi də Ağsu rayonunun sakinlərinə belə demək mümkünsə, qənim kəsilib. Əvvəlcə onu diqqətinizə çatdırmaq istəyirik ki, Neft Şirkətində böyük nüfuza sahib olan vitse-prezident əslən ağsulu olduğuna görə biznesinin əsas hissəsini də məhz burda qurub. Belə ki, onun rayon ərazisində ucu-bucağı bilinməyən əkin sahələri, ticarət obyektləri və bazarda özünə yer tuta bilmiş "AzGranata" MMC meyvə şirəsi istehsal edən zavodu var. Bundan başqa, Mikayıl İsmayılov zavodda şərab istehsalı məqsədilə hektarlarla üzüm bağları saldırıb. Təəssüf ki, vitse-prezident öz biznes maraqları naminə əhalinin hüquqlarını tapdalayır və əksər hallarda onlara məxsus torpaq sahələrini özbaşına olaraq zəbt edir. Məsələn, rayon sakini Cavanşir Musayev Mikayıl İsmayılovun qanunsuz hərəkətləri barədə mətbuat vasitələrinə şikayət göndərib. Vətəndaşın sözlərinə görə, məmurun adamları onun torpağını qanunsuz olaraq əlindən alıblar: "2007-ci ildə mən ailə vəziyyətimizlə bağlı kəndimizdən işləmək üçün Bakıya getdim. Bu arada ARDNŞ-nin vits-prezidenti Mikayıl İsmayılovun adamları bizim ailəmizin 6 hektar pay torpaqlarını icarə adına saxta sənədlərlə əllərindən alıblar. Biz sonradan bilmişik ki, bunlar bizim ailə üzvlərimizin adından saxta imza çəkərək saxta sənədi Ağsu rayon notarius idarəsində təsdiq etdiriblər. Halbuki, normal ekspertiza keçirilsə, məlum olar ki, o sənəddə bizim ailə üzvlərimizin heç birinin imzası yoxdur. Mikayıl İsmayılov vəzifə nüfuzundan istifadə edərək bizim torpaqlarımızı əlimizdən alıb. Dövlət başçısı İlham Əliyevin məmur özbaşınalıqları haqqında ona yazaraq məlumat verməmizi dedikdən sonra mən də prezidentə məktub yazaraq Mikayıl İsmayılovun qanunsuz əməlləri haqqında məlumat verdim. Bundan sonra mənə ciddi təzyiq etməyə başladılar. Belə ki, bir müddət öncə Mikayıl İsmayılovun yaxın adamı "AzGranata" zavodunun direktoru Nazim Babayev bir neçə dəfə yanıma gələrək prezidentə məktub yazmamağımı dedi. Bundan sonra mənə gizli nömrələrlə zənglər gəlməyə başladı. Gizli nömrələrlə mənə zəng edən naməlum şəxs özünü Ədliyyə Nazirliyinin əməkdaşı adlandıraraq prezidentə şikayət etməməyim üçün mənə təzyiq etməyə başladı. Bu adamların qanunsuzluqları o həddə çatıb ki, mənim və ailə üzvlərimin adından saxta imza hazırladıqları haqqında da utanmadan danışırlar. Mənə yalandan deyirlər ki, sizin imzalarınız bizdə var, hazırlamışıq. Prezidentə şikayət edəndən sonra Kürdəmir rayonunun notarius idarəsinin müdiri məni yanına çağıraraq şikayət etməməyim haqda xəbərdarlıq etdi. Demək olar ki, bütün idarə və təşkilatlar onun adamlarıdır və hər biri də mənə təzyiq etməyə başlayır. Bu adam sanki prezidenti eşitmək istəmir. Kimə güvənir, nəyə arxayındır, bilmirəm". Şikayətçi bildirib ki, bu haqsızlıqlara dözməyib intihara da cəhd edib: "Mən yenə də prezident İlham Əliyevə müraciət edirəm. Bizim ailəmizə köməklik edərək Mikayıl İsmayılovun zəbt etdiyi 6 hektar torpağımızı özümüzə qaytarmamıza kömək etsin, bunu xahiş edirəm. Artıq bu ədalətsizliklərə dözə bilmirəm. Çünki bizim o torpaq sahəmizdən başqa heç nəyimiz yoxdur". Qeyd edək ki, Ağsuda Mikayıl İsmayılov və adamları tərəfindən hüquqları pozulan insanların sayı yüzlərlədir. Rayondakı mənbələrdən əldə etdiyimiz son məlumatlara görə, Neft Şirkətinin vitse-prezidentinin yaxın adamları əhalinin istifadəsində olan torpaqları ələ keçirmək üçün müxtəlif üsullara əl atırlar: "AzGranata" zavodunun yerləşdiyi əraziyə yaxın kəndlərdə əhali qorxu içində yaşayır. Çünki məmurun adamları hər an həmin sakinlərə məxsus torpaq sahələrini saxta yollarla ələ keçirə bilərlər. Artıq bir neçə sakinin torpağı bu yolla zəbt olunub. Digər tərəfdən, vitse-prezidentin rayondakı adamları özlərindən qəribə üsul icad ediblər. Onlar göz qoyduqları torpaq sahələrinin sahibləri ilə görüşür və torpağın plana düşdüyünü deyirlər. Daha sonra torpağın sənədlərinin surətini vətəndaşlardan alırlar. Bununla da niyyətlərinin böyük hissəsini həyata keçirmiş olurlar. Ağsu dövlət notariusunun rəhbərliyi Mikayıl İsmayılovun bir sözünü iki edə bilməz. Buna görə də notariusun işçiləri sənədləri saxtalaşdırıb torpaq sahələrini öz sahiblərinin adından çıxarırlar. Bütün bunların hamısı vitse-prezidentin biznesinin inkişafı məqsədilə edilir. Amma məmurun imza atdığı özbaşınalıqlar rayon sakinlərini özündən çıxarıb. Torpağı əlindən alınmış bəzi vətəndaşlar ən yuxarı instansiyalara yazılı şəkildə müraciət ediblər. Əgər rayonda belə hallara son qoyulmasa, ciddi problemlər yarana bilər. Haqqı tapdalanmış insanların bir neçəsi intihar anonsu verib". Deyilənlərə aydınlıq gətirmək üçün Mikayıl İsmayılovla əlaqə yaratmağa çalışsaq da, cəhdlərimiz baş tutmadı. Buna baxmayaraq, ARDNŞ-nin vitse-prezidenti məsələyə münasibət bildirmək istəsə, şərait yaradarıq.\\gundelik-baku.com\\


P.S. Maraqlıdır, görəsən icra başçısı Ənvər Seyidəliyev nəyə görə yaşanan haqsızlıqlara seyrçi mövqe sərgiləyir?

 

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ