SON DƏQİQƏ

PressDent.Info

Cavid Qurbanovun bu idarəyə müdaxiləsi zəruriləşir...

Cavid Qurbanovun bu idarəyə müdaxiləsi zəruriləşir...
12-08-2015, 18:00 42398 dəfə baxılıb

Redaksiyamıza daxil olan məlumatlarda "Azərbaycan Dəmir Yolları” QSC-nin tabeliyində fəaliyyət göstərən Gəncə Vaqon Deposunun fəaliyyətində bir sıra nöqsanların olduğu iddia edilir. Məlumatlarda bildirilir ki, bu gün yerli və xarici ölkə qatarlarının təhlükəsiz hərəkəti məqsədi ilə deponun 5 texniki xidmət məntəqəsi fəaliyyət göstərir: "Depoda həm respublikamıza, həm də xarici dövlətlərə məxsus vaqonlar təmir edilir. Burda aparılan təmir işlərinin keyfiyyəti isə çox aşağıdır. Vaqonların təmiri zamanı külli miqdarda vəsait təyinatdan kənar işlərə sərf edilir. Depo rəhbərliyi rəsmi sənədləşmələrdə təmir işlərinə sərf olunan xərcləri süni şəkildə şişirdərəkmənimsəmələrə şərait yaradır. Digər tərəfdən isə, nəzərdə tutulan təmir işləri də keyfiyyətsiz şəkildə həyata keçirilir. Gəncə Vaqon Deposunda əsasən yük vaqonlarının təmiri işləri həyata keçirildiyindən, daha çox büdcə vəsaiti göyə sovrulmuş olur. Məsələn, qulluq sahəsi Böyük Kəsik-Ucar, Balakən-Yevlax, Ağstafa-Qazax, Yevlax-Bərdə dəmir yol stansiyaları olan Gəncə Vaqon Deposu tərəfindən il ərzində yüzlərlə vaqonun əsaslı və cari təmiri aparılır ki, bu işlərin nəticəsində deponun rəisi Bəşir Əsədovun şəxsi büdcəsinə külli miqdarda vəsait daxil olur. Bu faktların hər birini araşdırmaq lazımdır. Təəssüf ki, əksər hallarda təmir işlərini yerində və vaxtında həyata keçirmək mümkün olmur...” Məlumatı təqdim edən mənbələr belə bir faktı da vurğulayırlar ki, dövlət tərəfindən Gəncə Vaqon Deposunun normal fəaliyyət göstərməsi üçün bütün lazımi şərait yaradılıb. Bir müddət əvvəl depo Nəqliyyat Nazirliyi tərəfindən yenidən qurulub. Mövcud olan hər iki inzibati binanın görkəmi dəyişib, fəaliyyətdə olan əsas sexlər təmir olunub. Bundan əlavə binanın həyətində yeni bağ salınıb. Binanın kommunikasiya xətləri yenilənərək vaqon deposunadək olan avtomobil yoluna asfalt örtük salınıb. Buna baxmayaraq, əksər mənbələrin rəyinə görə, Bəşir Əsədov dövlət tərəfindən yaradılan bu şəraiti düzgün qiymətləndirə bilmir. Həmçinin aldığımız açıqlamalarda, depo rəisinin tabeliyində çalışan işçilərin də hüquqlarını mütəmadi olaraq pozduğu iddia olunur: "İşçilərin əmək şəraiti çox ağırdır. Bəzi hallarda Bəşir Əsədov onları iş saatından artıq işlədir, amma bunun müqabilində işçilərə əlavə əməkhaqqı verilmir. Həmçinin Bəşir Əsədov rəis vəzifəsinə təyin olunduqdan sonra müəssisənin işçiləri istirahət günləri də işə çağırılırlar. Bu isə birbaşa Əmək Məcəlləsinin və eyni zamanda da işçi hüquqlarının pozulması deməkdir. Bir sözlə, Gəncə Vaqon Deposunda vəziyyət kritik həddə çatıb. Belə vəziyyətin yaranmasının əsas səbəbi isə budur ki, Bəşir müəllim öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələ bilmir. Məhz bu məmurun Gəncə Vaqon Deposuna rəis vəzifəsinə gəlişindən sonra, burada yalnız və yalnız problemlər yaşanır...” Həmçinin aldığımız məlumatlarda Gəncə Vaqon Deposunun rəisinin məhz hansı himayədarlarına güvənərək bu kimi özbaşınalıqlara rəvac verməsi barədə də maraqlı açıqlamalar təqdim olunur: "Gəncə Vaqon Deposunun rəisi "Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin birinci müavini Əlirza Süleymanovun yaxın qohumudur. Məhz buna görə də o, özünü tam arxayın hiss edir və istədiyini edir...” Digər tərəfdən isə, mənbələr Bəşir Əsədovun yarıtmaz fəaliyyətinin artıq QCS-nin yeni sədri Cavid Qurbanovun da diqqətini cəlb etdiyini bildirirlər. Vurğulanır ki, yaxın vaxtlarda QSC rəhbərliyi tərəfindən bu yaxınlarda ciddi araşdırmaların aparılacağı da gözlənilir. Ehtimallara görə, bu araşdırma depo rəisinin tutduğu vəzifədən kənarlaşdırılması ilə nəticələnə bilər.
 
Qarşı tərəfin də məsələyə münasibətini öyrənməyə hazırıq. 

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ