SON DƏQİQƏ

PressDent.Info

Bəstəkar Arif Məlikovun 82-ci doğum günü (FOTO,VİDEO)

Bəstəkar Arif Məlikovun 82-ci doğum günü (FOTO,VİDEO)
13-09-2015, 10:51 65366 dəfə baxılıb

Brilliant Dadaşova: "Mən Arif Məlikovu dünya bəstəkarları ilə deyil, dünya bəstəkarlarını onunla müqayisə edərdim."

 

Bu gün Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının xalq artisti, professor Arif Məlikovun doğum günüdür.

ANS PRESS-in məlumatına görə, Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub. O, 1958-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirib. Həmin ildən orada dərs deməyə başlayıb, hazırda orada professor və bəstəkarlıq kafedrasının müdiri kimi çalışır.

Bəstəkar Arif Məlikovun yaradıcılığı parlaq istedad və özünəməxsuluq ilə səciyyələnir. O, öz əsərlərində milli musiqi ənənələrini XX əsr musiqisinin nailiyyətləri ilə birləşdirərək mütərəqqi təfəkkürə malik sənətkar kimi çıxış edir. Onun yaradıcılığında yüksək ideya, dolğun məzmun və obrazların dərin emosional-psixoloji ifadəsini görmək mümükündür.

Arif Məlikov nəinki Azərbaycan, eləcə də öz musiqiləri ilə bütün dünyanın diqqətini özünə cəlb etməyi bacarıb. Hələ 1961-ci ildə D.Şostakoviç onun haqqında yazırdı: "Arif Məlikov istedadlı bəstəkardır, onun musiqisi əsl peşəkar musiqidir."

Görkəmli ustadın yazdığı ilk böyük əsəri - "Məhəbbət Əfsanəsi" baleti ona dünya şöhrəti qazandırıb. Arif Məlikovun əsərləri - Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Türkiyə, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir, Tailand, Yuqoslaviya, Bolqarıstan, Ruminya, Macarıstan, Çexiya, Slovakiya, Polşa, Almaniya, Özbəkistan, Qazaxıstan, Moldova, Ukrayna və Gürcüstanda ifa olunub.


İlham Əliyevin Arif Məlikovu "Heydər Əliyev" ordeni ilə təltif etməsi


SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, akademik Arif Məlikovun istedadı təkcə bəstəkarlıqla bitmir, o, həmçinin, çox gözəl rəssamdır. Onun çəkdiyi rəsm əsərlərini dünya rəssamların əsərləri ilə də müqayisə etmək olar.

Bunu Azərbaycanın xalq artisti Brilliant Dadaşova da təsdiqləyir. Onun "Güllər" musiqisini yazan və həmin mahnının klipində iştirak edən Arif Məlikovdan ağız dolusu danışan xanım müğənni: "Arif müəllim nəinki möhtəşəm bəstəkar, eyni zamanda gözəl rəssamdır. Mənim "Güllər" klipimdə də onun necə rəsm çəkdiyini görə bilərsiniz", - deyə vurğulayıb.


Brilliant Dadaşova - Azərbaycanın xalq artisti


"Arif Məlikov bizim zəmanəmizdə yaşayan bir dahidir, bir əfsanədir. Mən onun iki bəstəsi ifa etmişəm, "Güllərim" və "Çıx yaşıl düzə". Ümumiyyətlə, o, estrada janrında az musiqi bəstələyib, amma bu əsərlər bir ömür boyu yadda qalacaq bir musiqilərdir. Onun bütün bəstələrində muğam var, xalqın ruhu var, xalqın əzmi var. Mən çox xoşbəxtəm ki, Arif müəllim kimi dahi ilə eyni klipdə çəkilmişəm. Klipdən sonra onu daha başqa bir sferadan da tanıdım. Onun dahiliyi təkcə bəstələdiyi musiqilərlə bitmir, o, eyni zamanda gözəl rəssam imiş. Onun rəsmləri insanları düşündürən əsərlərdir".
Brilliant Dadaşovanın "Güllərim" klipi


Brilliyant xanım bəstəkarla bağlı xatirələrini də bizimlə bölüşdü. "Dəfələrlə onun bağ evində də, şəhər evində də olmuşam, çox qonaqpərvər insandır. Bir dəfə də məkanların birində şam yeməyinə yığışmışdıq, yeməkdən sonra hesabı ödəmək istədik, amma Arif müəllim çox qəzəbləndi ki, mən olan yerdə necə olar ki, hesabı siz ödəyəsiz. Orada da özünün centlimenliyi ilə xarakterini nümayiş etdirdi. Ümumiyyətlə, dahilərə xas xüsusiyyətləri var"

Dünya bəstəkarları ilə müqayisəsinə də toxunan müğənni: "Mən Arif Məlikovu dünya bəstəkarları ilə deyil, dünya bəstəkarlarını onunla müqayisə edərdim. Çünki onun daha bir üstünlüyü var, o da ki, Arif müəllimin muğamı dərindən bilməsidir", - deyə o, əlavə etdi.

Arif Məlikovun 80 illik yubileyi 2013-cü ildə Bakı Musiqi Akademiyasında  möhtəşəm şəkildə qeyd olunub. 

Bəstəkarın 80 illik yubileyinin qeyd olunması

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ