SON DƏQİQƏ

PressDent.Info

Generalın uşaqlarının qaçırılması üzrə məhkəmə yekunlaşır

Generalın uşaqlarının qaçırılması üzrə məhkəmə yekunlaşır
12-08-2015, 10:01 35173 dəfə baxılıb

Bu işlə əlaqədar məhkəmə qarşısına çıxarılan 12 nəfərə prokuror 81 il 6 ay həbs cəzası istədi

Daxili Işlər Nazirliyinin Baş Cinayət-Axtarış Idarəsinin rəisi, general Emin Şıxlinskinin keçmiş xanımı Gülnarə Şəkinskaya və dörd övladının - Nadiya, Həmidə, Məryəm və Cəvahirin saxta sənədlər vasitəsilə başqa adlarla Azərbaycanı tərk etməsilə bağlı məhkəmə prosesi yekunlaşmaq üzrədir. Bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə artıq məhkəmə istintaqı başa çatıb. Dünən isə prokuror çıxış edərək, təqsirləndirilən şəxslərə cəza istəyib.

Bu cinayət işi üzrə 12 nəfər mühakimə olunur ki, onların da beşi qadındır. Təqsirləndirilən şəxslərin üçü həbsdədir, qalanlarının barəsində məhkəmənin nəticəsi məlum olana qədər həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslərin bir neçəsi bir-birilə yaxın qohumdur. Onlara qarşı Cinayət Məcəlləsinin 177-ci (oğurluq), 320.1-ci (sənəd saxtakarlığı) və 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələrilə ittihamlar irəli sürülüb.

Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin də adı bu işdə keçir. Hazırda Almaniyada yaşayan Əlövsət Əliyevin barəsində axtarış elan olunub. Bu iş üzrə axtarışda olan digər şəxs isə Gülnarə Şəkinskayanın qardaşı Fərid Yusubovdur.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Gülnarə Şəkinskaya və uşaqlarına saxta sənədlər düzəldərək, onların ölkədən qaçmasına yardım etməkdə, eləcə də evdəki seyfdən Emin Şəkinskiyə məxsus 60 min oğurlanmış pulun öz aralarında bölüşdürülməsində ittiham olunur. Lakin məhkəmədə dindirilən şəxslər oğurluq ittihamı üzrə özlərini qətiyyən təqsirli bilməyərək, ümumiyyətlə, belə bir cinayətin baş vermədiyini bildirirlər.

Dünən məhkəmədə prokurorun çıxışından əvvəl vəkil Altay Muradov çıxış edərək, bu işə Əfqan Hacıyevin sədrliyilə, Rasim Sadıxov və Fikrət Qəribovdan ibarət hakimlər heyətinin baxmasına etiraz edib. Vəkil bildirib ki, bu iş üzrə məhkəmə istintaqı qərəzli aparılıb, hakimlər daha çox ittiham tərəfinin mövqeyindən çıxış edib, oğurluq ittihamı üzrə qətiyyən araşdırma aparılmayıb: “Bu iş üzrə obyektiv, ədalətli qərar çıxarılacağına əsaslı şübhələrimiz var. Ona görə də bu məhkəmə tərkibinə etiraz edirik”.

Məhkəmə etirazın baxılmamış saxlanılmasına qərar verib.

Ardınca prokuror çıxış edərək, ittihamların məhkəmə araşdırması zamanı sübuta yetirildiyini vurğulayıb. Dövlət ittihamçısı çıxışının sonunda təqsirləndirilən şəxslərdən Namiq Camalova 9, Pənah Dadaşov və Yaqub Isgəndərova 7, qalan 9 nəfərin hər birinə isə 6 il 6 ay həbs cəzası istəyib.

Prokurordan sonra vəkillərin bir qismi çıxış edərək, müdafiə etdikləri şəxslərin qadın olmasını, himayələrindəki azyaşlı uşaqları və s. halları nəzərə alaraq, onlara şərti cəza verilməsini xahiş ediblər.

Lakin vəkillərin bir neçəsi çıxışa hazır olmadıqlarını bildirərək, məhkəmədən vaxt istəyib.

Bu iş üzrə məhkəmə prosesi avqustun 18-nə qədər təxirə salınıb.

 

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ